Məhkəmə qərarları › İş №e-2(006)-4642/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4642/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4642/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunan 43 saylı Bakı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, AN–İİ № ******* nömrəli Daşınmaz əmlakın alq-satqı müqaviləsinin surətindən də göründüyü kimi, ünvan 3 ünvanda yerləşən mənzil xx.xx.2015-ci il tarixdən X2 məxsus olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixdə həmin ünvanda yaşayan Həsənov Mübariz ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə 23,70 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2546 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixə qədər olan müddət 246 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 73 manat 80 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bugünədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 73 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 204 manat 20 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçınun nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. 5.Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı, "xxxx" hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 2546 N saylı akta əsaslanaraq cavabdeh tərəfindən qanunsuz qoşulma faktının mövcud olduğunu bildirmiş və bu əsasla da vurulmuş zərərin ödənilməsini tələb etmişdir. b) Mülki işin materialları 8.Mülki işin materiallarında olan İddiaçı MMC-nin məhkəməyə təqdim etmək üçün verilən Arayışından görünür ki, İddiaçı MMC-nin K@TV1 Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. 9.Mülki işin materiallarında olan 22 avqust 2011-ci il tarixli, TR seriyalı, 066 №-li Teleradio Yayımı üçün Lisenziyadan görünür ki, İddiaçı MMC-yə 22 avqust 2011-ci il tarixdən 6 il müddətinə lisenziya verilmişdir. 10.Mülki işin materiallarında olan AR Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən verilən 356 nömrəli, xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, Cavabdeh Mir Cəlal küçəsində yerləşən 16 saylı evin 55 nömrəli mənzilinin 1999-cu il tarixdən 2015-ci il tarixədək sahibidir. 11.Mülki işin materiallarında olan 20 fevral 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 55.17 kv/m, yaşayış sahəsi 43.27 kv.m olan mənzil satıcı Cavabdeh tərəfindən alıcı X1. 12.Mülki işin materiallarında olan "xxxx" Hüquq Şirkəti tərəfindən tərtib edilən 20 fevral 2015-ci il tarixli, 2546 nömrəli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında Aktdan görünür ki, İddiaçı MMC-nin və ona 15 mart 2011-ci il tarixli 02 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşları tərəfindən 20 fevral 2015-ci il tarixdə Nəsimi rayonu, Mir Cəlal 16 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 55 saylı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmiş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döyərkən qapını açan olmamış, akt və bildiriş mənzilin qapısına qoyulmuşdur. 13.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən 01 sentyabr 2022ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 6 ünvanında yaşayan Həsənov Mübariz arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2024-cü il tarixinədək isə son ödəməsini edib. xx.xx.2024-cü il tarixində 23 manat 70 qəpik borc ilə şəbəkədən ayrılıb. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 15.Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 16.Eyni Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 17.Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 18.Hazırki iş üzrə məhkəmə qeyd edir ki, "xxxx" Hüquq Şirkətinin əməkdaşları tərəfindən tərtib edilmiş “”Ag Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 2546 N saylı akt hüquqi cəhətdən düzgün və əsaslı olmamaqla qüsurludur. Sözügedən aktın doğruluğu yalnız maraqlı şəxslərin ("xxxx" hüquq firması ilə İddiaçı MMC-nin) nümayəndələri tərəfindən təsdiq edilmiş, aktın tərtib edilməsi zamanı iş üzrə maraqlı olmayan hal şahidləri iştirak etməmişdir. Bununla yanaşı, pozuntunun aşkar edildiyi və aktın tərtib edildiyi tarix xx.xx.2015-ci ilə təsadüf etsə də, iddiaçı tərəfindən pozuntunun törədilməsinin xx.xx.2014cü il tarixdən başlanıldığı ehtimal edilmiş, bu faktı təsdiq edən heç bir mötəbər sübut isə məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarında həmin müddət ərzində cavabdehin məhz ünvan 7 ünvanında yaşadığını təsdiq edən heç bir sübut aşkar edilməmişdir. 19.Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 20.Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 21.«Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). 22.Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 23.Məhkəmə iş materiallarını və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hazırki mülki işin hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir. 24.Belə olan halda, iddiaçının vurulmuş zərərin cavabdehdən tutulmasına dair tələbi əsassız olduğundan, iddia tələblərinin digər hissəsi (hüquqi yardım xərci və dövıət rüsumunun tutulması) isə bu tələblə birbaşa əlaqəli olduğundan, iddia digər hissədə də təmin edilməməlidir. 25.Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 29.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. 34.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar