Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4654/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «ödənilmiş sığorta məbləğinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «ödənilmiş sığorta məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən və Cavabdeh1 150 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat 40 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 17 aprel 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Khazar SD» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 24 dekabr 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan «VAZ-21074» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq onu zədələmişdir. Bakı şəhər BDYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərər çəkənin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 150 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirlər ki, zərər çəkənin avtomobilinin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (m. 21). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (m. 1096). Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir (m. 1097). Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar ücün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərcəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Khazar SD» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-yə məxsus olduğundan, həmin avtomobil etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 MMC-nin direktoru R.A.İsmayılov məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddianı Cavabdeh2 MMC-yə münasibətdə əsassız hesab edirlər. Belə ki, 17 aprel 2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 MMC arasında MAS- 3595 saylı X2 bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 bütün öhdəlikləri öz üzərinə götürmüş və «Khazar SD» minik markalı ** PZ *** dövlət qeydityyat nişanlı avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, X2 imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. X2nin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Mülki Məcəllənin 1108.1-ci, 1108.2-ci maddələrinə istinad edərək, iddianın Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya etiraza 17 aprel 2021-ci il tarixli MAS-3595 saylı X2, həmin müqaviləyə 1 nömrəli əlavə, təhvil-təslim aktı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət və sürücülük vəsiqələri əlavə olunmuşdur. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, «Khazar SD» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil 17 aprel 2021-ci il tarixli, PGU********** saylı sığorta müqaviləsinə əsasən "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Standart tipli müqavilə 12 ay müddətinə – xx.xx.2021-ci il tarixdən (saat 18:10:19dan) xx.xx.2022-ci il tarixədək (saat 18:10:19-dək) bağlanmışdır. Sığorta müddətində - 24 dekabr 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan «VAZ-21074» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq onu zədələmişdir. Bakı şəhər BDYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. İnzibati xəta törədən Cavabdeh1 barəsində xx.xx.2021-ci il tarixdə TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, eləcə də barəsində xx.xx.2021-ci il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərər çəkənin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 150 manat məbləğində sığorta ödənişi edilmişdir. Sığorta ödənişi xx.xx.2022-ci il tarixli qüsur aktına, sığorta ödənişi ilə bağlı PGU-220636 saylı akta əsasən, 25 fevral 2022-ci il tarixli 121517 saylı ödəniş tapşırığı ilə köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, Cavabdeh1 tərəfindən mülki hüquq pozuntusu törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 150 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, vurulmuş zərər yalnız zərəri vurmuş Cavabdeh1 tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 150 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-4654/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4654/2022
20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver