Məhkəmə qərarları › İş №e-2(006)-4683/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4683/2022

05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4683/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum Seyidzadə Fəxrəddin Hüseyn oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 2.937,39 manat əsas borc olmaqla, cəmi 2.937,39 manat kredit borcu və ödənilmiş 49.38 manat dövlət rüsumunun, habelə 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Seyidzadə Fəxrəddin Hüseyn oğlu arasında bağlanmış xx.xx.2020-cı il tarixli, BPM**********95 saylı kredit müqaviləsinə əsasən 43 ay müddətinə Bank tərəfindən 3.100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Seyidzadə Fəxrəddin Hüseyn oğlu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Borc alan Seyidzadə Fəxrəddin Hüseyn oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 29 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 672 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Seyidzadə Fəxrəddin Hüseyn oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Seyidzadə Fəxrəddin Hüseyn oğlunun vəfat etdiyi tarixə Banka ödənilməmiş 2937.39 manat əsas borc olmaqla, cəmi 2937.39 manat borcu qalmışdır. Cavabdeh mərhum Seyidzadə Fəxrəddin Hüseyn oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASG qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş xx.xx.2022-ci il tarixində cavabdehə çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "xxxx" ASC ilə Seyidzadə Fəxrəddin Hüseyn oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********95 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən “Bank” 43 ay müddətinə illik 22 % ödəmək şərtilə 3.100 manat məbləğində kredit xəttini açmağı, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İİ saylı, 147772 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Seyidzadə Fəxrəddin Hüseyn oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 20 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi: törədicisi müəyyən olunmamış digər pnevmoniya. Bakı şəhəri 13 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Seyidzadə Fəxrəddin Hüseyn oğlunun vərəsəsi Cavabdehdur. O, “Mercedes 240 Minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət olan miras əmlakını 1/1 hissədə qəbul etmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdar edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Seyidzadə Fəxrəddin Hüseyn oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********95 saylı müqaviləyə əsasən xx.xx.2022-ci il tarixə onun "xxxx" ASC-yə əsas borc üzrə 2.937,39 manat məbləğində borcu vardır. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 49,38 məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Seyidzadə Fəxrəddin Hüseyn oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********95 saylı kredit müqaviləsinə əsasən bank borcalana krediti verməyi, o, isə öz növbəsində həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Seyidzadə Fəxrəddin Hüseyn oğlu xx.xx.2020-ci il tarixdə ölmüş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnaməyə əsasən onun vərəsəsi kimi Cavabdeh müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə Seyidzadə Fəxrəddin Hüseyn oğlu kredit verilsə də, o, ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə tərəf olduğu kredit müqaviləsi üzrə onun xx.xx.2022-ci il tarixə əsas borc üzrə 2.937,39 manat borcu yaranmışdır. İddiaçı tərəfindən 49,78 (49,38+0,40) məbləğində dövlət rüsumu ödənilmişir. Beləliklə, borclu müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı borcludan kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək və Seyidzadə Fəxrəddin Hüseyn oğlunun bağladığı kredit müqaviləsi üzrə borclu olduğunu, mirası qəbul etmiş Cavabdeh miras açıldığı gündən ona çatan miras payı həcmində bankın qarşısında məsuliyyət daşıdığını və ödəməli olduğu məbləğin miras həcmini aşmadığını nəzərə alaraq hesab edir ki, iddia ona münasibətdə təmin edilməli, əsas borc 2.937,39 manat və dövlət rüsumu kimi ödənilmiş 49,78 manat, cəmi 2.987,17 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 2.937,39 manat və dövlət rüsumu kimi ödənilmiş 49,78 manat, cəmi 2.987,17 (iki min doqquz yüz səksən yeddi manat, on yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar