Məhkəmə qərarları › İş №e-2(006)-471/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-471/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-471/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 manat, Cavabdeh2 1039 manat, dövlət rüsumunun əvəzi qismində 83,50 manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 310 manat haqqın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində “Toyota Prius minik” markalı **-BN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 onun mülkiyyətində olan “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmaqla ona maddi zərər vurmuşdur. Mülkiyyətində olan nəqliyyat vasitəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunmuşdur. Ona dəymiş maddi zərərin məbləği 6039 manat olmuş, bu barədə sığortaçıya şifahi və yazılı müraciət etmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ona ödəməli olan 5000 manat sığorta ödənişini ödəməkdən faktiki imtina etmiş, müraciətlərinə nə müsbət, nə də mənfi cavab verməmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti onun qanunla qorunan hüquqlarını pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş səlahiyyətli orqanların qərarlarından görünür ki, Cavabdeh2 törətdiyi inzibati xətaya görə tənbeh edilmiş, bu barədə qərar qanuni qüvvəsini almışdır. İddia ərizəsinə əlavə edilmiş rəsmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərəri aradan qaldırmaq üçün cəmi 6039 manat məbləğində pul vəsaiti tələb olunur. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qanunvericiliklə üzərinə düşən 5000 manat sığorta məbləğini etməkdən boyun qaçırır. Cavabdeh2 ona təqsirli hərəkətləri ilə maddi zərər vurduğuna görə dəymiş maddi zərərin 5000 manatdan artıq olan hissəsini ödəməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də 1039 manat pul vəsaitin ondan, 5000 manat sığorta məbləği isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 məhkəmə iclasında daha öncədən məhkəməyə ünvanlamış olduqları etiraz ərizəsini müdafiə edərək bildirdi ki, iddianı qismən qəbul edir və hesab edirlər ki, iddia qalan hissədə rədd edilməlidir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Şirkət tərəfindən “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə ekspertiza həyata keçirilmiş və dəymiş zərər 1600 manat müəyyən edilmişdir. Belə ki, “İcbari Sığortalar” haqqında AR Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. İddiaçı tərəfindən qeyd edilən “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə ekspertizanın yekun nəticəsi ilə bağlı hər hansı etiraz daxil olmamış və müstəqil ekspertizanın həyata keçirilməsi ilə bağlı müraciət olunmamışdır. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı olan iddia tələbinin qismən, yəni 1600 manat sığorta ödənişinin ödənilməsi, geri qalan hissədə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» sığorta növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində - xx.xx.2023-cü il tarixdə “Toyota Prius” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən Bakı şəhəri D.Əliyeva küçəsi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq, yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə İddiaçı idarə etdiyi “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı səlahiyyətli şəxs tərəfindən xx.xx.2023cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs kimi Cavabdeh2 qeyd olunmuşdur. İddiaçının müraciəti əsasında tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün tələb olunan ehtiyyat hissələrinin alınmasına və servis xidmətlərinin göstərilməsinə tələb olunan xərc cəmi 6039 manat təşkil etmişdir. Cavabdehin müraciəti əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün tələb olunan ehtiyyat hissələrinin alınmasına və servis xidmətlərinin göstərilməsinə tələb olunan xərc cəmi 1600 manat təşkil etmişdir. Nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsinə dair aktlar arasında dəymiş zərərin məbləğləri arasında kəskin fərqin olması səbəbilə məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9877 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5579 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İlkin olaraq qeyd edilməlidir ki, mülki işə məhkəmədə baxıldığı dövrdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" ASC-nin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli, 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi qərara alınmış və Şirkət barəsində ləğvetmə proseduru başlanmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş hal ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisənin törədilməsində “Toyota Prius” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hesab edilmişdir. Hadisə yerinə baxış keçirilmiş və sonuncunun təqsirli olması işdə olan bir sıra sənədlərlə öz təsdiqini tapır. Baş vermiş olan yol-nəqliyyat hadisəsi nəticəsində zərər İddiaçı idarə etdiyi “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. İddiaçı tərəfindən zərərin müəyyən edilməsi məqsədilə "xxxx" MMC-yə müraciət edilmiş və dəymiş ziyan akta əsasən 6039 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən avtomobilinə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta şirkətinə müraciət edilsə də, müraciətinə qarşılıq müsbət nəticə əldə etmək mümkün olmamış, nəticədə iddiaçı məhkəməyə müraciət edərək, hər iki cavabdehdən avtomobilinə dəymiş zərərin ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddiaçının həm hadisənin törədilməsində təqsirli hesab edilmiş Cavabdeh2, həm də sığorta ödənişi ödəmək vəzifəsi daşıyan LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdeh qismində cəlb edildiyini nəzərə alıb, ilk öncə LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı yönəlmiş tələblə bağlı qeyd edir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56.1, 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 21.1.3-cü maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Lakin işin faktiki hallarından göründüyü kimi, sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 5000 manatdan yüksək məbləğdə qiymətləndirilməsinə baxmayaraq, sığorta şirkəti iddiaçıya 5000 manat həddində deyil, bundan 1.600 manat məbləğində sığorta ödənişi etməyə hazır olduğunu bildirmiş, bununla da, yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinin pozulmasına yol vermişdir. Bununla da məhkəmə hesab edir ki, sadalanmış olan qanunvericiliyin müddəalarına müvafiq olaraq sığorta şirkəti iddiaçı qarşısında 5000 manat məbləğində məsuliyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi, iddia tələblərindən biri də Cavabdeh2 yönəlmişdir. Digər cavabdehə yönəldilmiş tələblə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə hesab edir ki, vurulmuş zərərin qalan hissəsi yüksək təhlükə mənbəyi olan avtomobili idarə etmiş şəxs - Cavabdeh2 tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, ekspert rəyinə əsasən “Toyota RAV4 Hibrid” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtomobilin ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5579 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş materiallarında avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsinə dair bir neçə sənəd olsa da, həmin sənədlər əsasında müəyyən edilmiş məbləğlər bir-birindən fərqlənmişdir. Məhkəmə isə həmin sənədlər sırasından ekspert rəyində avtomobilin təmir edilməsi üçün tələb olunan ehtiyyat hissələrinin alınmasına və servis xidmətlərinin göstərilməsinə tələb olunan xərclərin müəyyən edilməsinə dair qiymətləri hazırki bazar qiymətlərinə daha uyğun hesab etməklə, həmin məbləğləri daha inandırıcı hesab edir. Bununla da məhkəmə hesab edir ki, araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9877 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 83,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələblərinə qiymət verdikdən sonra məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən həm dövlət rüsumunun, həm də hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi tələb edilir. İşdə olan sənədlərə əsasən tələb edilən məbləğdə dövlət rüsumunun ödənilməsini tədiq edən ödəniş qəbzi mövcuddur. Lakin hüquqi yardıma görə vəkilə 310 manat məbləğində ödənişin edilməsinə dair hər hansı bir sənəd aşkar edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 69,3 manatının LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 7,7 manatının isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli olduğunu ədalətli hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli; Nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi və 69,3 manat dövlət rüsumu cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməli; Nəqliyyat vasitəsinə dəymiş zərərə görə 579 manat pul vəsaiti və 7,7 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməli; Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 45 manatı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 5 manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməli; İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi və 69,3 manat dövlət rüsumu cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Nəqliyyat vasitəsinə dəymiş zərərə görə 579 manat pul vəsaiti və 7,7 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 45 manatı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 5 manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar