Məhkəmə qərarları › İş №e-2(006)-471/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-471/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-471/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyan kimi 8.674 (səkkiz min altı yüz yetmiş dörd) manat maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 107,14 (yüz yeddi manat on dörd qəpik) manat pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh təxminən 2020-ci ilin may ayında tanımış, sonuncu ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Pərvizi tanıdıqdan sonra sonuncunun Hacıqabul rayon ərazisində “Atef” adlı şirkətdə səthəm üzrə mütəxəssis işlədiyini bilmişdir. Həmin vaxt Cavabdehlə söhbət edərkən oğlu Ceyhun Vahidovun işlədiyi yerdə məvacibinin aşağı olduğuna görə onu “Atef”-də işə düzəltməsini xahiş etmişdir. Pərviz də ona Ceyhunu “Atef” şirkətində nəzarətçi kimi işə düzəldə biləcəyini demişdir. Bu barədə ailə üzvlərinə, yoldaşı Rahil Vahidova və oğlu Ceyhun Vahidova məlumat vermişdir. Onlar onunla razılaşmışdır. Həmçinin həmin vaxt Ceyhun Pərvizin özü ilə də mobil telefonla danışmışdır. Pərviz onunla və oğlu ilə danışan zaman bir neçə nəfəri əvvəllər “Atef” şirkətində işə düzəltdiyini və hal-hazırda işlədiklərini bildirmişdir. Həmin vaxt Pərviz ondan bunun müqabilində nə qədər pul alacağını deməmiş, sadəcə bildirmişdir ki, işə düzəltmə ilə bağlı lazım olduqca ondan pul alacaq. O da razılaşmışdır. Bir müddət sonra Pərviz ondan Ceyhunun barəsində sənədləri (xəstəxana arayışı, yaşayış yerindən arayış, hərbi bilet, şəxsiyyət vəsiqəsi) istəmiş, o da həmin sənədlərini Pərvizə vermişdir. Pərviz 1 ay içində Ceyhunun işinin düzələcəyini demişdir. 1 ay sonra Pərviz Ceyhunun sənədlərini göndərdiyini, cavab gözlədiyini bank hesabına 2000 (iki min) manat pul köçürülməli olduğunu bildirmişdir. O da Pərvizin dediyi kimi təqribən 2020-ci ilin iyun ayında əlbə-əl olaraq Şirvan şəhəri, Mərkəzi poçtun yaxınlığında 2000 (iki min) manat pul vermişdir. Bir müddət sonra xəbər olmadığı üçün o, Pərvizdən xəbər ala bilməmişdir. Pərvizə zəng etmişdir. Pərvizlə danışan zaman Pərviz ona şirkətin özünün Ceyhunla əlaqə saxlayacağını bildirmişdir. Həmin ərəfələrdə Pərviz zəng edərək Ceyhuna şirkətdən paltar verilməsi üçün 600 manat pul lazım olduğunu demişdir. O da poçt vasitəsilə Pərvizə 600 manat pul göndərmişdir. Pərviz yenidən bir neçə gün sonar Ceyhunun əmrinin gəlməsi ilə əlaqədar 400 manat pul lazım olduğunu demişdir. O da Pərvizə əlbəəl Mərkəzi poçtun yanında 400 manat pul vermişdir. Daha sonra isə yenidən 400 və 200 manat pul göndərmişdir. Bir müddət sonra o, digər oğlu X3 Respublikasında olduğunu Pərvizə demiş və pandemiya dövrü olduğu üçün oğlunun Azərbaycan Respublikasına qayıtmasına köməklik göstərməsini xahiş etmişdir. Pərviz də ona kömək edəcəyinə söz verməklə sonradan oğlunun Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsində ona köməklik göstərmiş və bunun üçün Pərvizə 1900 manat pul vermişdir. Həmçinin Pərviz özü də 800 manat xərc çəkmişdir və həmin pulu ondan almamışdır. X6 şəhərinə gəldikdən sonra isə Pərvizdən oğlu Sultanı da işə düzəltməsini istəmiş və Pərviz ona Sultanı da işə düzəldəcəyini demişdir. Pərviz yenidən Sultanın barəsində olan sənədləri ondan istəmişdir. O da Pərvizin dediyi kimi sənədləri yığaraq Pərvizə vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda Pərvizə ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vermişdir. Ümumilikdə Ceyhunu və Sultanı işə düzəltmək üçün Pərvizə 12000 (on iki min) manat məbləğində pul vermişdir. Pulu verdikdən bir müddət sonra o, Pərvizə zəng etmiş və sonuncuya vermiş olduğu vədləri yerinə yetirmədiyi üçün pulunu geri verməsini tələb etmişdir. Pərviz də pulu verəcəyini demişdir. Həmin vaxtdan sonra Pərviz mobil telefonları söndürmüş və onunla əlaqə saxlaya bilməmişlər. xx.xx.2020-ci il tarixdə Cavabdeh adına poçt vasitəsilə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 990 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 195 manat, xx.xx.2020- ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020- ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 98 manat pul göndərmişdir. Həmçinin 2020-ci ilin iyun ayında əlbəəl Mərkəzi poçtun yanında Pərvizə 2000 manat, 2020-ci ilin iyul ayında poçt vasitəsilə 600 manat göndərmiş, əlbəəl də Mərkəzi poçtun yanında 400 manat vermiş, həmçinin 2020-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayına kimi ayrı-ayrı vaxtlarda əlbəəl Pərvizə Mərkəzi poçtun yanında ümumilikdə 1300 manat pul vermişdir. Ümumilikdə o, Pərvizə 11974 manat pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 3300 manat məbləğində ödəniş olunmuş, 8674 manat borclu qalmışdır. Göstərilən hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi açılmış, Şirvan Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(032)- 48/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib,02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilnişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Hacıqabul rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının qərar qanuni qüvvəyə minənədək 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün çəkilməmiş hissəsinə «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsi tətbiq edilməklə 01 il azaldılaraq çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 26 (iyirmi altı) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 28 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. Cinayət işin materiallarında olan sübutlarla vurulmuş ziyan tam sübuta yetirilmişdir İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçıdan 11974 manat deyil, 8000 manat almışdır. Cinayət işi üzrə məhkəmə prosesi zamanı 3300 manatı qaytarmışdır. Barəsində hökm qəbul edilməzdən əvvəl işləmiş və 1500 manat maaş almışdır. Məhkəmə prosesi zamanı aya 500 manat ödəyə biləcəyini bildirmişdir. Lakin müstəntiq ittiham aktında işsiz kimi qeyd etmişdir. Barəsində hökm qəbul olunmuşdur. Hal-hazırda işləyir və 400 manat əmək haqqı alır. Həmin puldan 30 manat vergi tutulur. Aya 245 manat aliment ödəyir. "xxxx" ASC-yə borcu olduğu üçün əmək haqqından 100 manat da ora tutulur. Aylıq maaşından özünə 25 manat pul qalır. İddia ərizəsini 4700 manat hissəsində qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Şirvan Şəhər Məhkəməsinin 1(032)-48/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Hacıqabul rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının qərar qanuni qüvvəyə minənədək 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün çəkilməmiş hissəsinə «08 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsi tətbiq edilməklə 01 il azaldılaraq çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 26 (iyirmi altı) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 28 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməsi hökm edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 107,14 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 7.0.36. Zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, cavabdehi dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 1(032)-48/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun oğlu X2 və X1 «Atef» şirkətində nəzarətçi işinə düzəldəcəyinə dair yalan vədlər verməklə, etibarından sui-istifadə edib, aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı 2020-ci ilin iyun ayında Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında 2000 manat, 2020-ci ilin iyul ayında poçt vasitəsilə 600 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında 400 manat, 24 iyul 2020- ci il tarixdə poçt vasitəsilə 100 manat, 28 iyul 2020ci il tarixdə poçt vasitəsilə 100 manat, 11 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 1000 manat, 24 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 990 manat, 28 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 31 avqust 2020- ci il tarixdə poçt vasitəsilə 200 manat, 01 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 03 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 08 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 09 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 10 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 14 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 16 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 21 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 500 manat, 24 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 25 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 28 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 30 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 195 manat, 30 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 01 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 05 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 06 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 08 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 12 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 400 manat, 13 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 14 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 16 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 17 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 24 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 02 noyabr 2020-ci il tarixdə poçt vasitəsilə 98 manat, 2020-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayına kimi olan müddət ərzində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında cəmi 1300 manat pulunu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs İddiaçı ümumilikdə xeyli miqdar təşkil edən 11974 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdə göstərilmişdir ki, Cavabdeh zərər çəkmiş şəxs İddiaçı ümumilikdə xeyli miqdar təşkil edən 11974 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibini təşkil edir. Məhkəmə qeyd edir ki, Şirvan Şəhər Məhkəməsinin 1(032)-48/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015- ci il tarixli Qərarı) Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı 11974 manat ziyan vurmaqla bağlı yol verdiyi qanunsuz əməllərə görə Cavabdeh Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, iddiaçı isə sonuncu barəsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 3300 manatı iddiaçıya qaytarmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ona qalan 8674 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hazırki işdə iddiaçı Şirvan Şəhər Məhkəməsinin 1(032)-48/2023 nömrəli xx.xx.2023cü il tarixli hökmünü məhkəməyə təqdim etməklə cavabeh tərəfindən ona ziyan dəydiyini sübut etmiş, lakin qarşı tərəf qeyd olunan dəlili təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 8.674 (səkkiz min altı yüz yetmiş dörd) pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi və iddiasında tələb etdiyi 107,14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8.674 (səkkiz min altı yüz yetmiş dörd) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 107,14 (yüz yeddi manat on dörd qəpik) manat, cəmi 8781,14 (səkkiz min yeddi yüz səksən bir manat on dörd qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar