Məhkəmə qərarları › İş №e-2(006)-4717/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4717/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4717/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılaraq obyektin boşaldılması, icarə haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, sahiblik və mülkiyyət hüquqlarının həyat keçirilməsinə mane olan halların aradan qaldırılması və cavabdehin ona məxsus ünvan 1 ünvaında yerləşən, ümumi sahəsi 60,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılması, icarə müqaviləsi üzrə ödənilməmiş 17.500 manat borcu, 11.576 manat məbləğində dəymiş zərərin, vəkil xidmətlərinə görə ödənilmiş 150 manat haqqın, qiymətləndirmələrin həyata keçirilməsi ilə bağlı 400 manat xərcin, məhkəməyə ödənilmiş 179 manat dövlət rüsumunun, iddiasının təmin olunacağı təqdirdə onun mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olunduğu (oradan istifadə, başqa şəxsə icarəyə vermə və s.) müddət ərzində (qətnamənin tam icra olunacağı günədək) sözügedən qeyri-yaşayış sahəsini cavabdehə aylıq 2.500 manata icarəyə verildiyi nəzərə alınmaqla, hər gün üçün 83 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonaradan, iddiaçının nümayəndəsi və vəkili NümayəndəAzərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə ödənilməmiş 17.500 manat borcu, 11.576 manat məbləğində dəymiş zərərin, vəkil xidmətlərinə görə ödənilmiş 150 manat haqqın, qiymətləndirmələrin həyata keçirilməsi ilə bağlı 400 manat xərcin, məhkəməyə ödənilmiş 179 manat dövlət rüsumunun, iddiasının təmin olunacağı təqdirdə onun mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olunduğu (oradan istifadə, başqa şəxsə icarəyə vermə və s.) müddət ərzində (qətnamənin tam icra olunacağı günədək) sözügedən qeyri-yaşayış sahəsini cavabdehə aylıq 2.500 manata icarəyə verildiyi nəzərə alınmaqla, hər gün üçün 83 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsi (obyekti) var və o, həmin qeyriyaşayış sahəsini icarəyə vermək istəmişdir. Cavabdeh direktoru Alkhalaf Ahmad iddiaçıya həmin obyekti icarəyə götürmək istədiyini bildirmişdir. Danışıq zamanı belə qərarlaşdırmışlar ki, obyekt cavabdehə 2.500 manata icarəyə veriləcək və tərəflər arasında uzun müddətli notarial qaydada müqavilə bağlanacaqdır. Həmin ərazidə eyni ölçüdə olan obyektlərin ümumi icarə dəyəri 3.500-4.000 manat aralığındadır (bunu təsdiq edən qiymətləndirmə rəyi iddia ərizəsinə əlavə olunur). Lakin notariusda cavabdeh ona icarə haqqının formal olaraq 400 manat göstərilməklə müqavilə bağlanmasını xahiş etmiş və icarə haqqının qalan hissəsini isə nəğd şəkildə verəcəyini bildirmişdir. Onun hüquqi savadsızlığından və sadəlövhlüyündən istifadə edən cavabdeh müqavilənin notariusda özünün diktə etdiyi formada bağlanmasına nail olmuşdur. Beləliklə, Cavabdeh (icarəçi) ilə İddiaçı (icarəyə verən) arasında 29 dekabr 2021-ci il tarixində notarial qaydada icarə müqaviləsi bağlanmış və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilənin şərtləri kobud şəkildə pozularaq, hazırki vaxtadək 7 aya yaxın müddətdir ki, icarə haqqı ödənilməmişdir. Bu hal isə onunla cavabdeh arasında bağlanmış müqavilənin, həmçinin şifahi razılaşmanın şərtlərinin kobudcasına və əsassız olaraq, heç bir fors-major hal baş vermədiyi halda cavabdeh tərəfindən pozulmasıdır. Cavabdeh hazırda həmin obyektdən istifadə etməsə də, onu bağlı saxlamaqda davam edir. Lakin icarə haqqını vermir. Bu isə onun bir mülkiyyətçi kimi hüquqlarının kobud pozulmasıdır. Bundan başqa, onun tərəfindən icarə obyektinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, müqavilənin 8-ci bəndinə zidd olaraq orada təmir-tikinti işləri aparılmışdır. Belə ki, obyektin 3.000 manat dəyərində olan giriş qapısı sökülmüş, bahalı reklam lövhəsi götürülmüş, okbektdə olan bar sökülərək dəyişdirilmiş və daxildə divarların birinin bahalı divar kağızları sökülərək kafel ilə əvəz olunmuş, dizaynı tamamilə rekonstruksiya olunmuşdur. Eyni zamanda, orada olan bir çox avadanlıqlar, stol və stullar da götürülmüşdür. Nəticədə müstəqil ekspert tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq ona 11.576 manat məbləğində maddi zərər vurulduğu məlum olmuşdur. İcarə müqaviləsinin ləğvi, icarə haqqının və dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə tərəfindən pretenziya göndərilmiş, cavabdeh isə pretenziyaya cavab verməmişdir. Həmçinin, mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin ona qarşı “icra müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3398/2022 saylı qətnaməsi ilə həmin iddia qismən təmin edilərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən, hazırki iddia tələinin qismən dəyişdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, işin faktiki hallarını nəzərə alıb hesab edir ki, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə mülki işə ümumi məhkəmədə baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Vergi məlumatları” bölməsindən çıxarışdan görünür ki, İddiaçı fərdi sahibkar qismində Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmış və onun adına VÖEN (**********) açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh MMC kommersiya hüquqi şəxsdir (VÖEN **********). İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin (hakim Emin Əliyev) icraatında olmuş e-2-2(113)-3398/2022 saylı iş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2-2(113)-3398/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı olan iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş və qətnamə qanuni qüvvəsini almaqla, icra edilməsi məqsədilə aidiyyəti İcra şöbəsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi, iddiaçı fərdi sahibkar olmaqla (VÖEN **********), Cavabdeh MMC-yə (VÖEN **********) mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 60,1 kv.metr qeyri-yaşayış sahəsini sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə icarəyə vermişdir. Göründüyü kimi, tərəflər arasında mübahisənin yaranmasına əsas icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi məsələsinə Bakı Kommersiya Məhkəməsində baxılmaqla, hüquqi qiymət verildiyindən, həmin müqavilədən irəli gələn digər tələblərə də (ödənilməmiş icarə haqqı, dəymiş ziyan və s.), həmin məhkəmədə baxılmaqla, hüquqi qiymət verilməldir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul və s.” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul və s.” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar