Məhkəmə qərarları › İş №e-2(006)-4719/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4719/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4719/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Balakı̇ şı̇ oğlunun cavabdeh Qasimov Qədı̇ r Alı̇ m oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Balakı̇ şı̇ oğlu cavabdeh Qasimov Qədı̇ r Alı̇ m oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının uzun müddətdir tanışı olan Cavabdeh 2022-ci ilin əvvəllərində ona müraciət edərək işlərində müəyyən çətinliklər yarandığı üçün pula ehtiyacı olduğunu bildirmiş və ondan 204000 (iki yüz dörd min) manat məbləğində pulu ona borc verməyini xahiş etmişdir. İddiaçı onu uzun müddətdir tanıdığı, aralarında müəyyən münasibət olması, onun yaxşı gəlirinin olması, eləcə də xeyli əmlakının olduğunu bildiyi üçün onunla razılaşmış, lakin borc məbləği kifayət qədər yüksək məbləğ olduğuna görə ona pulu notarial qaydada bağlanmış müqavilə əsasında verə biləcəyini bildirmişdir. Cavabdeh onun təklifi ilə razılaşmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə, Bakı şəhər 51 saylı Notariat Ofisində Cavabdeh ilə “Kredit Müqaviləsi” bağlayaraq 204000 (iki yüz dörd min) manat məbləğində pulu ona borc olaraq vermişdir. Müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya ödəmədikdə qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Həmçinin müqaviləyə əsasən onların müqavilə üzrə mübahisələri razılıq ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdeh həmin məbləği xx.xx.2022-ci il tarixinə kimi qaytarmalı olmasına baxmayaraq həmin müddətdə heç bir ödəniş etməmiş və iddiaçı ona öz öhdəliyini yerinə yetirməsi ilə bağlı müraciətini cavabsız qoymuşdur. Göstərilənlərə əsasən, cavabdeh Qasimov Qədı̇ r Alı̇ m oğlundan 204000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Qasimov Qədı̇ r Alı̇ m oğlundan 204,000 manat məbləğində borc pulun, məhkəmədə iddianın verilməsinə görə 50 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 210 manat məbləğində pulun alınaraq İddiaçı Balakı̇ şı̇ oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini və dəqiqləşdirilməni müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan İddiaçı Balakı̇ şı̇ oğlu ilə Qasimov Qədı̇ r Alı̇ m oğlu arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notarisusu X1 tərəfindən təsdiq edilmiş 15 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Balakı̇ şı̇ oğlu Qasimov Qədı̇ r Alı̇ m oğluna 204, 000 məbləğində borca pul vermişdir.

9. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan İddiaçı Balakı̇ şı̇ oğlunun Qasimov Qədı̇ r Alı̇ m oğluna ünvanladığı pretenziya məktubundan görünür ki Qasimov Qədı̇ r Alı̇ m oğluna borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 204, 000 məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıya olan borcunu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

13. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

14. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

15. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

17. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. İddianın hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.

23. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İş materiallarında olan qəbzlərdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 494 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

25. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 494 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 50 manat məbləğində ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir.

26. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, cavabdeh Qasimov Qədı̇ r Alı̇ m oğlundan əsas borc üzrə 204, 000 (iki yüz dörd min) manat, 210 (iki yüz on) manat hüquqi xidmətin əvəzi, iddiaçı tərəfindən ödənilmiş dövlət büdcəsinə iddianın verilməsinə görə 494 (dörd yüz doxsan dörd) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Balakı̇ şı̇ oğluna verilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Qasimov Qədı̇ r Alı̇ m oğlundan əsas borc üzrə 204, 000 (iki yüz dörd min) manat, 210 (iki yüz on) manat hüquqi xidmətin əvəzi, iddiaçı tərəfindən ödənilmiş dövlət büdcəsinə iddianın verilməsinə görə 494 (dörd yüz doxsan dörd) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Balakı̇ şı̇ oğluna verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar