Məhkəmə qərarları › İş №e-2(006)-4722/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4722/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4722/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə:

1. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərti ilə 5000 AZN məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 avqust 2023 tarixinə "xxxx" KB ASC-yə 5010,2 AZN əsas, 798,54 AZN faiz, 25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, ümumilikdə 5833,74 AZN məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçı "xxxx" X3 Səhndar Cəmiyyətinin xeyrinə 5010,2 AZN əsas, 798,54 AZN faiz, 25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, ümumilikdə 5833,74 AZN məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 78,34 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçı tərəf elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştiraklarının olmadan baxılıb, qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan «X2» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən «X2» ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27,60 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir.

8. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.

9. Mülki işin materiallarında olan «X2» ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə «X2» Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən 5010,2 manat əsas, 798,54 manat faiz, 25 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5833,74 manat məbləğində borcu yaranmışdır.

10. Mülki işin materiallarında olan «X2» ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə «X2» Açıq Səhmdar Cəmiyyətinə 5000 manat əsas, 573,54 manat faiz, 250 manat cərimə borcu olmaqla, cəmi 5823,54 manat məbləğində borcu yaranmışdır.

11. Mülki işin materiallarında olan «X2» ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən bank borcalana 35 ay müddətinə, illik 27,60%-lə 5000 AZN məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 5010,2 AZN əsas, 798,54 AZN faiz, 25 AZN cərimə olmaqla, ümumilikdə 5833,74 AZN məbləğində borcu; xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 5000 AZN əsas, 573,54 AZN faiz, 250 AZN cərimə olmaqla, ümumilikdə 5823,54 AZN məbləğində borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. İş materiallarından göründüyü kimi tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün hüquqi əsas olan kredit müqavilələri bağlanmışdır. Kreditor tərəf öhdəliyini yerinə yetirmiş, borclu tərəf isə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.

15. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. Qeyd olunan Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqe (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən əsas borc üzrə 5000 manat və faiz borcu üzrə 573,54 manat cavabdehə ünvanlanmış pretenziya məktubundan (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır.

21. Məhkəmə iddia tələbinin cərimə ilə bağlı hissəsində qeyd edir ki, cərimə məbləği pretenziya məktubunda iddia tələbindən daha çox olduğundan cavabdehdən cərimə borcu iddia tələbində göstərilən məbləğdə, yəni 25 manat cərimə tutulmalıdır.

22. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsi üzrə 5000 AZN (beş min) əsas, 573,54 AZN (beş yüz yetmiş üç manat əlli dörd qəpik) faiz borcu, 25 AZN (iyirmi beş) cərimə borcu olmaqla, ümumilikdə 5598,54 AZN (beş min beş yüz doxsan səkkiz manat, əlli dörd qəpik) məbləğində borc alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, cavabdehdən 76 manat (iddianın təmin olunan hissəsinə mütənasib) məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsi üzrə 5000 AZN (beş min manat) əsas, 573,54 AZN (beş yüz yetmiş üç manat əlli dörd qəpik) faiz borcu, 25 AZN (iyirmi beş) cərimə borcu olmaqla, ümumilikdə 5598,54 AZN (beş min beş yüz doxsan səkkiz manat, əlli dörd qəpik) məbləğində borc və ödənilmiş 76 AZN (yetmiş altı) dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 2 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar