Məhkəmə qərarları › İş №e-2(006)-4737/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4737/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4737/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASCnin Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-09385İB/2019 saylı razılaşma imzalanmışdır. Borcalan razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Həmin ərizənin daxilində AVNS318 nömrəli xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 20 %, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 24 % olmaqla, şəxsi istehlak məqsədilə 400 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəliyi AVNS318 nömrəli kredit xətti müqaviləsinə əsasən 399.09 (üç yüz doxsan doqquz manat doqquz qəpik) manat əsas borc, 65.76 (altmış beş manat yetmiş altı qəpik) faiz borcu, 261.18 (iki yüz altmış manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 726.03 (yeddi yüz iyirmi altı manat üç qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı 565 gün təşkil edir. Qeyd olunanlara əsasən bank tərəfindən borclana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X3 əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə etmədikdə və ya kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. X1 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1. kreditin müddəti bitənədək; 2. kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda iddiaçı tərəfindən X1 Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını banka ödəmək müştərinin vəzifəsidir. Həmçinin, X3 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikasının qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəmə icraatına qəbu olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, iddiaçı Cavabdeh1 AVNS318 nömrəli kredit xətti müqaviləsinə əsasən 399.09 (üç yüz doxsan doqquz manat doqquz qəpik) manat əsas borc, 65.76 (altmış beş manat yetmiş altı qəpik) faiz borcu, 261.18 (iki yüz altmış manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 726.03 (yeddi yüz iyirmi altı manat üç qəpik) manat məbləğində borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh1 avtomatlaşdırılmış vergi informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə yanaşı, xx.xx.2024-cü ildə cavabdehə şəxsən rəsmi qaydada – qəbzə imza etdirilməklə təqdim edilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.2, 135.5-ci maddələrinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. İddiaçı ASC-nin bank xidmətlərinin göstərilməsinə dair X2n görünür ki, bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi və xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Bank fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit üçün müştəriyə müvafiq ərizədə göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddəti, cərimə, məqsəd, müştəriyə verilməsi qaydası və bu kimi şərtlər ərizə forması ilə müəyyən olunacaq və bu müqaviləyə əlavə ediləcək. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunmuş qaydada və həcmdə cərimə faizləri hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1. kreditin müddəti bitənədək; 2. kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.

7. Fiziki şəxslərin maliyyələşdirilməsi üzrə xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh1 12 ay müddətinə 400 manat məbləğində kredit xətti açılmasını xahiş etmişdir.

8. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunu qəbul etməsi barədə razılıq ərizəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən imzalanmışdır.

9. Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh1 illik 20 % dərəcəsi ilə xx.xx.2020-ci il tarixədək 400 manat məbləğində kredit xətti açılmasını xahiş etmişdir.

10. Hesabdan çıxarışdan görünür ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş edilmişdir.

11. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 399.09 (üç yüz doxsan doqquz manat doqquz qəpik) manat əsas borc, 65.76 (altmış beş manat yetmiş altı qəpik) faiz borcu, 261.18 (iki yüz altmış manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 726.03 (yeddi yüz iyirmi altı manat üç qəpik) manat məbləğində borcu vardır.

13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı bank tərəfindən cavabdehə 12 ay müddətinə 400 manat məbləğində kredit xətti açılmış, cavabdeh həmin kredit məbləğindən istifadə etsə də, kreditin geri qaytarılmasını tam təmin etməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur.

16. İddia tələbi ilə bağlı qeyd edilməlidir ki, tələb əsas və faiz borcuna münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Tələbin “cərimə” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, müqavilə üzrə tələb edilən cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirildiyindən, tələb edilən 261.18 manat cərimənin məbləği 30 manat məbləğinədək azaldılmalıdır.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddə. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddə. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 739.1-739.2-ci maddə. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddə. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 399,09 (üç yüz doxsan doqquz manat doqquz qəpik) manat əsas, 65,76 (altmış beş manat yetmiş altı qəpik) faiz, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 494,85 (dörd yüz doxsan dörd manat səksən beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

20. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 399,09 (üç yüz doxsan doqquz manat doqquz qəpik) manat əsas, 65,76 (altmış beş manat yetmiş altı qəpik) faiz, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 494,85 (dörd yüz doxsan dörd manat səksən beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ASC-yə verilsin, qalan hissəsi İddiaçı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar