Məhkəmə qərarları › İş №e-2(006)-4757/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4757/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4757/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (qanuni nümayəndələri Cavabdeh1 vasitəsilə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu İl tarixli, BPM**********50 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 555.4 manat əsas borcu, 3.39 manat faiz borcu olmaqla, cəmi 558.79 manat məbləğində vəsaitin, ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli, BPM**********50 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 30 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ № 208512 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1333 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Bankın Xırdalan filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 555.4 manat əsas borcu, 3.39 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə 31,08.2023-cü il tarixində 6-2-22/2-23236/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********50 nömrəli kredit müqaviləsinə və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən bank (kreditor) X3 (borc alan) illik 20 faiz hesablanmaqla 30 ay müddətinə 2300 AZN məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kassa məxaric orderindən görünür ki, X5 xx.xx.2019-ci il tarixdə "xxxx" ASC-dən 2300 AZN məbləğində vəsait götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, borclu X2 "xxxx" ASC-yə xx.xx.2019-ci il tarixli müqavilə üzrə 555.4 AZN əsas borcu, 3.39 manat faiz borcu, rüsum üzrə 30 manat və 0.40 manat xidmət haqqı, cəmi 589.19 AZN borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 31 avqust 2023-cü il 6-2-22/2-23236/2023 saylı tarixdə borcunun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 208512 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ürəyin kəskin respirator çatmamazlığı xəstəliydən vəfat etmişdir. İş materiallarında olan 3 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 1333 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X2 vərəsələrinə - Cavabdeh1 (Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 180, mənzil 25. ŞV: AA 0800554, xx.xx.2019, ASAN3; FİN xxxxxxx; d/t: xx.xx.1969), Cavabdeh2 (Azərbaycan Respublikası, Bakı şəhəri, S.Əsgərova küçəsi, ev 180, mənzil 25. ŞV: AA 3822488, xx.xx.2007, Bakı- Nəsimi RPİ; FİN xxxxxxx; d/t: xx.xx.2006), Cavabdeh3 (Azərbaycan Respublikası, Bakı şəhəri, S.Əsgərova küçəsi, ev 180, mənzil 25. ŞV: AZE 10616432, xx.xx.2007, Bakı- Nəsimi RPİ; FİN xxxxxxx; d/t: xx.xx.2006) 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V-347 reyestr nömrəli “Qanun üzrə X6 şəhadətnamə" verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin İcra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-ci il tarixli kredit müqaviləsinə əsasən X3 20 faiz hesablanmaqla 30 ay müddətinə 2300 AZN məbləğində borc verilmişdir. X5 27 avqust 2021-ci ildə vəfat etmişdir. 3 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 1333 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X2 vərəsələrinə - Cavabdeh1 (Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 180, mənzil 25. ŞV: AA 0800554, xx.xx.2019, ASAN3; FİN xxxxxxx; d/t: xx.xx.1969), Cavabdeh2 (Azərbaycan Respublikası, Bakı şəhəri, S.Əsgərova küçəsi, ev 180, mənzil 25. ŞV: AA 3822488, xx.xx.2007, Bakı- Nəsimi RPİ; FİN xxxxxxx; d/t: xx.xx.2006), Cavabdeh3 (Azərbaycan Respublikası, Bakı şəhəri, S.Əsgərova küçəsi, ev 180, mənzil 25. ŞV: AZE 10616432, xx.xx.2007, Bakı- Nəsimi RPİ; FİN xxxxxxx; d/t: xx.xx.2006) 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V-347 reyestr nömrəli “Qanun üzrə X6 şəhadətnamə verilmiş və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X2 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə 555.4 AZN əsas borc, 3.39 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 0.40 manat xidmət hıqqı məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə 555.4 AZN əsas borc, 3.39 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 0.40 manat xidmət hıqqı məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar