Məhkəmə qərarları › İş №e-2(006)-4767/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4767/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4767/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə 08.01,2022-ci il tarixli, BPM**********59 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2474.5 manat əsas borcun, ödənilmiş 44.75 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı1’ ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli, BPM**********59 saylı kredit müqaviləsi bağlanmışdır Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ № 244250 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “ASAN" xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1114 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 2474.5 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-25109/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********29 nömrəli kredit müqaviləsinə və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən bank (kreditor) X4 (borc alan) illik 19 faiz hesablanmaqla 36 ay müddətinə 3000 AZN məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu X3 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2474,50 AZN əsas borcu və rüsum üzrə 45.15 manat, cəmi 2519,25 AZN borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, X3 vərəsəsi Cavabdeh 15 sentyabr 2023-cü il tarixdə borcunun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 244250 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formalarından vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 1114 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh (ŞV: AZE ********; xx.xx.2014, Asanl; FİN: xxxxxxx; d/t:xx.xx.1962) tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 44.75 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin İcra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X4 19 faiz hesablanmaqla 36 ay müddətinə 3000 AZN məbləğində borc verilmişdir. X5 26 yanvar 2022-ci ildə vəfat etmişdir. 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 1114 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh (ŞV: AZE ********; xx.xx.2014, Asanl; FİN: xxxxxxx; d/t:xx.xx.1962) tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və Cavabdeh X3 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2474.5 AZN əsas borc məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44.75 manat və 0.40 manat xidmət hıqqı məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2474.5 AZN əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44.75 manat və 0.40 manat xidmət hıqqı məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar