Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4772/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 450,22 (dörd yüz əlli, iyirmi iki) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 480,22 (dörd yüz səksən, iyirmi iki) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: “Nissan Pathfinder” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Nissan Pathfinder” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “BMC Procity 12M CNG” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtobusa zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Nissan Pathfinder” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtobumobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 450,22 (dörd yüz əlli, iyirmi iki) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə ZBT3966/24 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 450,22 (dörd yüz əlli, iyirmi iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində cavabdehin idarəsində olmuş "Nissan Pathfinder" markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol- nəqliyyat hadisəsi baş vermiş, nəticədə "BMC Procity 12M CNG" markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtobusa maddi zərər dəymişdir. Bundan əlavə, iddia ərizəsində o da qeyd olunmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində 450,22 manat məbləğində zərər dəymiş və həmin məbləğ "xxxx" ASC tərəfindən PME********** saylı sığorta şəhadətnaməsi üzrə ZBT3966/24 saylı sığorta ödənişi aktına əsasən ödənilmişdir. Lakin nəzərə çatdırır ki, qeyd olunan nəqliyyat vasitəsi onun mülkiyyətində olmayıb, yalnız hadisə baş verən gün tərəfindən idarə edilmişdir. Bu səbəbdən inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Bununla belə, avtomobilin mülkiyyətçisi olmadığı halda yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi üzrə mülki-hüquqi məsuliyyətin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilən hallar onu deməyə əsas verir ki, iddiaçı tərəfin ona qarşı irəli sürdüyü tələblər hüquqi cəhətdən əsassızdır. İddia ərizəsində göstərilən məbləğin ondan tutulması üçün nə faktiki, nə də qanuni əsas mövcuddur. Çünki yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı inzibati məsuliyyəti müəyyən edilsə də, bu hal avtomobilin mülkiyyətçisi olmadığı və nəqliyyat vasitəsini qanunsuz əldə etmədiyi halda onun üzərinə mülki-hüquqi öhdəlik qoyulmasına səbəb ola bilməz. Buna görə də, iddia tələbi rədd edilməlidir "İcbari sığortalar haqqında" Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsinə zidd şəkildə çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Nəticə etibarilə, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Hazırkı halda sığorta şirkətinin avtomaşını idarə edən cavabdehdən ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır. Bütün yuxarıda göstərdiyi arqumentlərdən çıxış edərək bildirir ki, onun tərəfindən avtomobilin idarə olunması onun mülkiyyətçisinin iradəsinə uyğun şəkildə baş vermişdir. Başqa sözlə, nəqliyyat vasitəsini qanunsuz yolla və ya mülkiyyətçinin iradəsinə zidd olaraq əldə etməmişdir. Bu baxımdan, onun avtomobili idarə etməyi sığorta qanunvericiliyində nəzərdə tutulan "hüquqsuz istifadə" halına aid edilə bilməz. Əksinə, bu vəziyyət mülki hüquqi münasibətlər çərçivəsində tam qanuni sayılır. Belə şəraitdə, sığortaçının onun barəmdə subroqasiya hüququnun yaranması üçün heç bir hüquqi əsas mövcud deyildir. Qanunun məqsədi yalnız o hallarda subroqasiya hüququnun tanınmasına yol verir ki, nəqliyyat vasitəsi sığortalının və ya mülkiyyətçinin iradəsinə zidd olaraq, qanunsuz şəkildə idarə edilmiş olsun. Onun halımda isə belə bir vəziyyət qətiyyən mövcud deyildir. Odur ki, barəsində iddianın təmin olunması hüquqi və faktiki əsaslardan məhrumdur. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, avtomobil qardaşının mülkiyyətindədir. Hadisə atası avtomobili istifadə edərkən olub. Qardaşı işi ilə bağlı etibarnamə verməyi unudub, bu hadisə baş verib. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: PME********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən “Nissan Pathfinder” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində 1 illik müddətə "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, Bakı şəhər DYPİ bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 07:26 dəqiqədə Bakı şəhəri, yol-nəqliyyat hadisəsi (toqquşma) baş vermişdir. Təqsirli olan şəxs tərəfindən idarə edilən avtonəqliyyat vasitəsi Nissan Pathfinder minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil dövlət nömrə nişanlıdır. Yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdə sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. BMC AZ-ın xx.xx.2024-cü il tarixli zərər aktına əsasən BMC Procity markalı **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 450.22 manat ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zəririn ödənilməsi ilə bağlı ZBT 3996/24 saylı (CLM**********70) akta əsasən zərərcəkən "xxxx" MMC-nin hesabına 450.22 manat pul köçürülmüşdür. Xalq Bank ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC-yə 450.22 manat ödəniş olmuşdur. "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.2024-cü il tarixdə istifadələrində olan “BMC” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobus (sürücü: X1) ilə İddiaçı ASC-də icbari sığorta növü üzrə sığortalanmış “Nissan” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil (sürücü: Cavabdeh) arasında yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə cəmiyyətə məxsus nəqliyyat vasitəsinə 450.22 (dörd yüz əlli manat 22 qəpik) manat maddi zərər dəymişdir. Odur ki, "xxxx" MMCyə məxsus “BMC” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş maddi zərərin qarşılanması ilə bağlı müvafiq tədbir görülməsi və ödəniləcək sığorta ödənişini aşağıda göstərilən bank hesabına köçürülməsinin təmin edilməsini xahiş edir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən "xxxx" ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin geri qaytarılması üçün 450,22 (dörd yüz əlli, iyirmi iki) manat məbləğində pul vəsaitini ondan tələb etmək hüququna malikdir. Bu səbəbdən də göstərilən məbləği 10 (on) gün müddətində "xxxx" ASC-yə ödəməyi xahiş olunur. Ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən müvafiq məhkəməyə ondan 450,22 (dörd yüz əlli, iyirmi iki) manat sığorta ödənişi məbləğinin, 100 (bir yüz) manat işlərin görülməsi xərcinin, cəmi 550,22 (beş yüz əlli, iyirmi iki) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunacaq və bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi onun üzərinə qoyulacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara və İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh İXM-nin 332.1 və 327.1-cı maddələri ilə təqsirli bilinmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rüsumunun məbləği 30,00 manat təşkil edir. AR sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək qüvvədədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşısubroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun: -7-ci maddəsinin 1- ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. -8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü -ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. İddia ərizəsindən görünür ki, "xxxx" ASC subroqasiya tələbinin faktiki əsası kimi cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Bundan əlavə iddiaçı tərəfindən cavabdehin avtomobilə hüquqa zidd şəkildə yiyələndiyini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4772/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4772/2025
17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver