Məhkəmə qərarları › İş №e-2(006)-4786/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4786/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4786/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8,527.89 ABŞ dolları məbləğində kredit borcu olmaqla - bundan 3,997.80 ABŞ dolları əsas borc, 188,90 ABŞ dolları faiz, 2,971.43 ABŞ dolları cərimə, 1,369.76 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan 5 faiz və iş üzrə ödənilmiş 47,06 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli 11/25 KX nömrəli Kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 maliyyə ehtiyaclarının ödənilməsi məqsədilə 12 ay müddətinə illik 27 % dərəcəsi ilə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh1 arasında 10 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1, 1.2, 2.1 və 2.3-cü bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit xətti müqaviləsinin 2.2.2, 2.2.3 və 3.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh2 kredit xətti üzrə istifadə etdiyi əsas məbləğə və ona hesablanmış faizlərə görə müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada banka ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, kredit xətti üzrə ayrılmış vəsaitdən tam istifadə etsə də, əsas borc üzrə banka 1,46 ABŞ dolları, faiz üzrə isə 870,54 ABŞ dolları məbləğində ödəniş etməklə kifayətlənmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də, borc alan Cavabdeh2 İddiaçı ASC-yə 04 sentyabr 2015-ci il tarixli 11/25 KX nömrəli kredit xətti müqaviləsi üzrə 20 iyun 2023-cü il tarixə ödənilməmiş 3,997.80 ABŞ dolları əsas borcu, 188,90 ABŞ dolları faiz borcu, 2,971.43 ABŞ dolları cərimə borcu, 1,369.76 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan 5 % məbləği olmaqla, cəmi 8,527.89 ABŞ dolları məbləğində kredit borcu vardır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərdi ki, iddiaçı təşkilatın özünün iddiasına görə onun banka 3.997,80 ABŞ dolları əsas borcu qalmışdır. Bu əsasla da 04 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitənə qədər ödənilməmiş əsas borc üzrə və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz iddiaçı təşkilat tərəfindən həddindən artıq şirşirdilərək hesablanmışdır. Bundan başqa, hazırda bank ondan pul tələb edərkən iddia müddətini də ötürmüşdür. Belə ki, götürülmüş kreditin son ödəmə müddəti müqavilə ilə 04 sentyabr 2016-cı il tarixdə başa çatmalı idi. İddiaçı təşkilat iddia müddətini ötürdükdən sonra 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, bank məhkəməyə müraciət edərkən artıq iddia müddətini keçirmişdir. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 11/25 KX saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 12 ay müddətinə illik faiz dərəcəsi 27 % ödənilmək şərti ilə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 07 iyul 2023-cü il tarixli **********310 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, 3,997.80 ABŞ dolları əsas borc, 188,90 ABŞ dolları faiz, 2,971.43 ABŞ dolları cərimə, 1,369.76 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan 5 faiz olmaqla, Cavabdeh2 cəmi 8,527.89 ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, borc alan Cavabdeh2 münasibətdə (əsas tələb) iddia müddəti ötdüyündən, zamin olan digər cavabdehə münasibətdə də (əlavə tələblər) iddia müddəti keçmişdir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 105 manat 28 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 105 manat 28 qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 105 manat 28 qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində («Elektron məhkəmə» informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar