Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-479/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə verilmiş olan 80.000 (səksən min) manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət üçün ödənilmiş 331,59 (üç yüz otuz bir manat, 59 qəpik) manat dövlət rüsumunun, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat qonorar məbləği olmaqla, ümumilikdə 80.531,59 (səksən min beş yüz otuz bir manat, əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı 03 oktyabr 2021-ci il tarixdə Cavabdeh MMC-nin X1 ilə borc müqaviləsi bağlayaraq Cavabdeh MMC-yə 80.000 (səksən min) manat məbləğində pulu 03 fevral 2022-ci il tarixdə tam həcmdə geri qaytarması şərtilə borc olaraq vermişdir. Lakin, cavabdeh hazırki günə qədər borc müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən müxtəlif bəhanələrlə imtina edir. Cavabdehlə aralarında həm şifahi qaydada, həm də rəsmi olaraq pretenziya məktubu göndərilməklə mübahisənin məhkəmədədək danışıqlar yolu ilə həll edilməsi cəhdləri də heç bir nəticə verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının cavabdehə borc olaraq verdiyi 80.000 (səksən min) manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət üçün ödənilmiş 331,59 (üç yüz otuz bir manat, 59 qəpik) manat dövlət rüsumunun, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat qonorar məbləği olmaqla ümumilikdə 80.531,59 (səksən min beş yüz otuz bir manat, əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 03 oktyabr 2021-ci il tarixində Cavabdeh MMC ilə borc müqaviləsi bağlayaraq Cavabdeh MMC-yə 80.000 manat məbləğində pulu 03 fevral 2022-ci i l tarixdə tam həcmdə geri qaytarması şərtilə borc olaraq vermişdir. Lakin, cavabdeh hazırki günə qədər borc müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən müxtəlif bəhanələrlə imtina edir. Məhkəməyə İddiaçı tərəfindən 03 oktyabr 2021-ci il tarixli borc müqaviləsi təqdim edilsə də, müqavilədə qeyd olunan 80.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMCyə ödənilməmişdir. Belə ki, həmin vəsaitin Cavabdeh MMC-nin hesabına daxil olmasını təsdiq edən mədaxil qəbzini iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı tərəfindən 80.000 manat Cavabdeh MMC-yə pul ödədiyini bildirirsə, bu halı təsdiq edən sübutlar təqdim etməlidir, lakin iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən aparılmış ödəniş hüquqi şəxs kimi Cavabdeh MMC-yə mədaxil edilmiş olduğu halda ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə həyata keçirilməli və MMC tərəfindən iddiaçıya ciddi hesabat blankı olan kassa mədaxil orderinin qəbzi təqdim edilməli idi və yaxud da borc məbləği iddiaçı tərəfindən nağdsız qaydada Cavabdeh MMC-nin bnak hesabına köçürülməli idi. İddiaçı tərəfindən pul vəsaiti hissə-hissə və ya birdəfəlik şəkildə ödənilmişdirsə, bu halı təsdiq edən sübutlar təqdim etməlidir. Odur ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar öz təsdiqini tapmamışdır. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini və iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, cavabdeh tərəfin etirazını iş materialları ilə birlikdə araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 oktyabr 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən, yəni İddiaçı 80.000 manat məbləğində pul vəsaitini borc alana, yəni Cavabdeh MMC-yə verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə xx.xx.2022-ci il tarixdə tam həcmdə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbi barədə pretenziya məktubundan görünür ki, borclu tərəf borcun olması barədə məhkəməyə müraciət edilməmişdən qabaq xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən (№9********) görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 331,59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “Hüquqi yardımın göstərilməsi” haqqında M-977№-li müqavilədən görünür ki, hazırki iş üzrə hüquqi xidmətə görə iddiaçı tərəfindən 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə ilə Cavabdeh MMC-nin X1 arasında bağlanmış 03 oktyabr 2021-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı X4 80.000 (səksən min) manat məbləğində pul borc vermiş, borcalan pulu xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu günə kimi iddiaçıya borcu qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, 80.000 (səksən min) manat məbləğində pul cavabdeh X3 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda əsas iddia tələbi təmin edildiyindən məhkəməyə müraciət üçün ödənilmiş 331,59 (üç yüz otuz bir manat, 59 qəpik) manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat qonorar məbləği cavabdehdən alinaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 80.000 (səksən min) manat məbləğində əsas borc, 331,59 (üç yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat, ümumilikdə 80.531,59 (səksən min beş yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-479/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-479/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver