Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-48/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, borclu Cavabdeh İddiaçı-nin xeyrinə 656,40 manat əsas, 377,43 manat faiz borcu, 40,00 manat cərimə borcu olmaqla, cəmi 1073 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)- 9636/2017 saylı əmri ilə borclu Cavabdeh 1073 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun alınaraq kreditor İddiaçı-yə verilməsi əmr edilmişdir. Borclu Cavabdeh həmin məhkəmə əmrinin ləğv edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-9636/2017 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)-9636/2017 saylı məhkəmə əmrinin ləğv edilməsi, materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli BAL09354/13 saylı “kredit kartı üzrə bank hesabı müqaviləsi”nə əsasən bank borcluya 1000 manat məbləğində kredit vermişdir, hazırda borclu ödəniş(lər)in aparılması üçün istifadə edilmiş müvafiq məbləğ(lər)i istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Rəydə əsassız yerə komisyon haqqının hesablanmasının mümkün olmadığı göstərilmişdir. Müqavilədə 2.5% aylıq komisyon haqqının hesablandığı göstərilmişdir. Komisyon haqqı ilə faiz eyni anlayışlardır. Həmçinin müştərinin ödədiyi pulların cərimələri də hesablanmamışdır. Göstərilənlərə əsasən iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, ona ididaçının ondan tələb etdiyi borc məbləği ilə razı deyil. Əsas və faiz borcunun məbləği şişirdilmişdir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ekspert qismində iştirak edən X3 bildirdi ki, ekspertizaya təqdim olunmuş suallarda əsas borcun və faiz borcunun hesablanması nəzərdə tutulmuş, cərimə məbləği ilə bağlı ekspert qarşısında sual qoyulmamışdır. Həmçinin müqavilədə faiz dərəcəsi də nəzərdə tutulmamışdır. Cavabdehin müqavilə müddətinin sonuna olan borcu 170,29 manat müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli BAL09354/13 saylı “kredit kartı üzrə bank hesabı müqaviləsi”nə əsasən bank borcluya 1000 manat məbləğində kredit xətti açmışdır. “Borcalan” isə 6 və 12 aylıq ödəniş növü ilə istifadə edilmiş məbləğə müvafiq olaraq 6 və 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı hər növbəti təqvim ayının 10-dək bərabər hissələrlə olmaqla geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1479 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli BAL09354/13 saylı “kredit kartı üzrə bank hesabı” müqaviləsi üzrə bank hesabı müqaviləsi üzrə istifadə edilmiş məbləğdən ödənişlər çıxılaraq borc məbləği xx xxxxxx 2016-cı il tarixə (müqavilə müddətinin sonuna) və xx xxxxx 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) 170,29 manat müəyyən edilir. (təhqiqatın dəyəri 145 manat təşkil edir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış bağlanmış xx.xx.2013-cü il tarixli BAL09354/13 saylı “kredit kartı üzrə bank hesabı müqaviləsi”nə əsasən bank borcluya 1000 manat məbləğində kredit xətti açmışdır. “Borcalan” isə 6 və 12 aylıq ödəniş növü ilə istifadə edilmiş məbləğə müvafiq olaraq 6 və 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı hər növbəti təqvim ayının 10-dək bərabər hissələrlə olmaqla geri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən Bank məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı-nin xeyrinə 656,40 manat əsas, 377,43 manat faiz borcu, 40,00 manat cərimə borcu olmaqla, cəmi 1073 manat borcun tutulmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehdən əsas borc kimi 656,40 manat, faiz borcu kimi 377,43 manat tələb edir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəylərindən müəyyən edilir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər çıxıldıqdan sonra borc məbləği müqavilə müddətinin sonuna, yəni xx xxxxxx 2016-cı il tarixə və maliyyə arayışında göstərilən tarixə xx xxxxx 2018-ci il tarixə 170,29 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 170,29 manat məbləğində pul cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 40 manat cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 05 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, Cavabdeh İddiaçı-nin xeyrinə ümumilikdə 175,29 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 25 manatı Cavabdeh, 120 manatı isə İddiaçı-dən alınaraq dövlət büdcəsinə ödənilməli, İddiaçı-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 05 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı-nin xeyrinə 175,29 manat borc tutulmalı, iddia digər hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 25 manatı Cavabdeh, 120 manatı isə İddiaçı-dən alınaraq dövlət büdcəsinə ödənilməli, İddiaçı-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 05 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 175,29 (yüz yetmiş beş manat, iyirmi doqquz qəpik) manat manat borc tutulsun. Dövlət rüsumunun əvəzi kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin 05 (beş) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 25 (iyirmi beş) manatı Cavabdeh, 120 (yüz iyirmi) manatı isə İddiaçı-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №e-2(006)-48/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-48/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver