Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-48/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh Ləğv Prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər QSC "xxxx" Kommersiya Bankı (LPO) və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər QSC "xxxx" Kommersiya Bankı (LPO) və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Kommersiya Bankı QSC ilə kredit müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə 5,000.00 (beş min) manat məbləğdə kredit götürmüşdür. Hazırda həmin banka heç bir borcu olmasa da, Azərbaycan Kredit Bürosundan SF-4570 №li Çıxarışda həmin kredit müqaviləsi üzrə qalıq borcu 1640,77 manat, qalıq borc məbləğinə görə hesablanmış faiz məbləği isə 4,488.57 manat təşkil edir. Halbuki, həmin kredit müqavilə üzrə bitmə müddəti xx.xx.2018-ci il idi. Bugünə qədər "xxxx" KB tərəfindən, nə də onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən yuxarıda qeyd etdiyi borcun ödənilməsi ilə əlaqədar ona qarşı heç bir tələb irəli sürülməmiş, məhkəmədə iddia qaldırılmamışdır. Qanunvericiliyə əsasən bu cür işlər üçün nəzərdə tutulan iddia müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Kredit Bürosundan Çıxarışı № SF-4570 əsasən kreditin bitmə tarixi xx.xx.2018-ci il olduğundan, həmin çıxarışın verildiyi tarixə əsas borcun gecikdirilən günlərin sayı 1406 gündən artıqdır ki, bu da üç illik iddia müddətini keçir (hazırda gecikmə günlərinin sayı da çoxdur). Lakin buna baxmayaraq, ləğv prosesində olan "xxxx" KB və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı vaxtadək yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borc məbləğini özünün mühasibat balansından silməyib və həmin borcun silinməsinə/mövcud olmamasına dair kredit reyestrini aparan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verməyib. Buna görə də həmin kredit müqaviləsi üzrə borc kredit reyestrində hazırkı vaxtadək onun adında görünür və işgüzar nüfuzunu ləkələdiyi üçün bu hal ona kredit almağa mane olur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın 4.6-cı bəndinə əsasən ümidsiz aktiv (həmin qaydaların 3.5.1-ci bəndinə əsasən), həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində (həmin qaydaların 4.2-ci bəndinə əsasən 100%) balansdan silinmişdir. "xxxx" KB ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2018-cı il tarixdə bitmişdir. Əmanətlərin Sığortalanması Fondu sığorta fəaliyyəti ilə yanaşı, “Banklar haqqında" Qanunun 71-ci maddəsinə uyğun olaraq ləğvedici funksiyasını da həyata keçirir. Yeri gəlmişkən, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2022-ci il tarixli, **********356 №li məktubu ilə tələb edə bilmədiyi borcu ödəməyi ona tövsiyə etmişdir. Maliyyə sektorunda istehlakçıların hüquqlarının müdafiəsi üçün cavabdeh olan Azərbaycan Respublikasına müraciətinə cavab olaraq Mərkəzi Bank xx.xx.2022-ci il tarixli, 0126-22022-6364 №li məktubu ilə məhkəməyə müraciət etməyi ona tövsiyə etmişdir. Azərbaycan Respublikası Milli X7 “03” noyabr 2004-cü il tarixli qərarının (Protokol № 19) 1.2-ci bəndinə əsasən Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. Göstərilənlərə əsasən, İddiaçı ilə "xxxx" Kommersiya Bankı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, həmin kredit müqaviləsi üzrə "xxxx" KB-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna borcunun olmamasına dair "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumat verilməsi öhdəliyinin ləğv prosesində olan "xxxx" KB-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, 700 manat mənəvi zərərin və ödəmiş olduğu 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-dən və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv Prosesində olan QSC "xxxx" KBnin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh Əmanətlərin Sığortalanması Fondu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB QSC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/94847/15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya 5000 manat məbləğində kredit verilmişdir. Hazırda İddiaçı Banka borcunun olmamasını və eyni zamanda, iddia müddətinin keçdiyini iddia edərək, kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsini, kredit müqaviləsi üzrə borcunun olmamasına dair məlumatın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını, həmçinin mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını tələb edir. b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Ləğv prosesində olan "xxxx" KByə ünvanlanan 29 aprel 2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı Ə.Elçin onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ləğv prosesində olan "xxxx" ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mühasibat balanslarından silinməsi və həmin borcun silinməsinə/mövcud olmamasına dair "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumat verilməsini xahiş etmişdir.
9. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə əsasən ”Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir”. Bununla əlaqədar, bankla iddiaçı arasında imzalanmış müvafiq müqavilənin məhkəmə qaydasında mübahisələndirilməsi xahiş edilmişdir.
10. Mülki işin materiallarında olan xx/xx/2022-ci il tarixli Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının LPO "xxxx" KB QSC-yə 1640.77 manat məbləğində əsas borcu, 4488.57 manat məbləğində faiz borcu mövcuddur.
11. Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 18 may 2022-ci il tarixli cavab məktubundan görünür ki, QSC "xxxx" KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/94847/15 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə qaytarılmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Bildirilir ki, xx.xx.2022-ci il tarixinə xx.xx.2015-ci il tarixli, 1xx/xx/94847/15 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC "xxxx" KB qarşısında 1640.77 manat əsas borc və 4488.57 manat məbləğində faiz borc öhdəliyi mövcuddur. Qeyd olunan borcun ödənilməsinin təmin edilməsi tövsiyə edilmişdir.
12. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
13. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-356/2023 saylı qərardadı ilə Bakı Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4860/2022 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək, Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər QSC "xxxx" Kommersiya Bankı (LPO), Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kredit müqaviləsinin ləğv edilməsi və s." tələbinə dair 2(006)-356/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır.
14. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-18/2023 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 1583.97 manat məbləğində əsas borc, 1985.51 manat məbləğində faiz borcu, 190 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 225.17 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3984.65 manat məbləğində pul və 20.75 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, cavabdeh İddiaçı 100 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Səbinə Nuriyeva tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-18/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
18. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Bank arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/94847/15 saylı kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı Banka müqavilə üzrə heç bir borcunun olmamasını iddia etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
22. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
23. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
24. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
25. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
26. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
27. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
28. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
29. Bundan əlavə isə həmçinin ayrıca hüquqi şəxs kimi Azərbaycan Respublikası Sığortalanması Fondu da subyektiv cavabdehlik daşımır.
30. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 iyul 2017-ci il tarixli Plenumunun Qərarında müəyyən edilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun mahiyyətinin dəyərləndirilməsi üçün bu Qanunda istifadə olunan bəzi anlayışların mənalarına diqqət yetirilməsini vacib hesab etmişdir: əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir (2.1.1-ci maddə); qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2-ci maddə); iştirakçı bank – bu qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır (2.1.6-cı maddə); sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9-cu maddə); kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (2.1.11-ci maddə).
31. Fondun hüquqi statusu adıçəkilən Qanunun 3-cü maddəsində müəyyən edilmişdir. Bu maddəyə görə, Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, “Əmanətlərin sığortalanması haqqında” Qanuna, digər qanunvericilik aktlarına və Fondun Qaydalarına əsaslanır. X8 Himayəçilik Şurası tərəfindən qəbul edilir və bütün iştirakçı banklar üçün məcburi xarakter daşıyır. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
32. “Əmanətlərin sığortalanması haqqında” Qanunda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Fonda verilir. Sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir. Fond iştirakçı bankın öhdəlikləri üzrə kompensasiya ödədikdə həmin məbləği reqres qaydasında bankdan tələb edir (Qanunun 4.1.8-ci maddəsi). Buradan da müəyyən edilir ki, iddiaçının tələbi isə bankın hüququ qabiliyyətindən irəli gəldiyindən Əmanətlərin Sığortalanması Fondu bu halda subyektiv cavabdehlik daşıya bilməz.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər QSC "xxxx" Kommersiya Bankı (LPO) və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
34. Eyni zamanda, məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəməyə təqdim edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-18/2023 saylı qətnaməsindən göründüyü kimi ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbinə dair 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və iddiası qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qismən təmin edilmişdir. Yəni bu da onu göstərir ki, hal-hazırda iddiaçının banka ödənilməmiş borcu mövcuddur.
35. Bundan başqa, məhkəmə iddia tələbinin mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən prosessual qənaət prinsipini nəzərə alaraq həmin hissələrdə də təmin edilə bilməz.
36. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər QSC "xxxx" Kommersiya Bankı (LPO) və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər QSC "xxxx" Kommersiya Bankı (LPO) və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.