Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-482/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "faizlərin hesablanması və borcun tutulmasının dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı – İddiaçı ilə cavabdeh – Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış faiz və dəbbə pulunun hesablanması, həmçinin əsas və faiz borcunun iddiaçının bankda olan digər kart hesablarından akseptsiz silinməsi və ya ondan tələb edilməsi kart hesabından pul vəsaitinin kim tərəfindən çıxarıldığı müəyyən edilənə kimi dayandırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 etiraz ilə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı " kredit müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı – İddiaçı ilə cavabdeh – Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2823971B119 nömrəli BİRBANK CASHBANK KREDİT XƏTTİ müqaviləsinə edilmiş xx.xx.2023-cü il tarixli Əlavə Razılaşmanın etibarsız hesab edilməsi və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qaldırdığı e- 2(006)-482/2024 saylı mülki iş icraatdadır. Həmin iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən aydın olur ki, cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixli BRCB2823971B119 nömrəli BİRBANK CASHBANK KREDİT XƏTTi MÜQAVİLƏSi bağlanmış, xx.xx.2023-cü il tarixdə həmin müqavilənin yenilənməsinə dair Əlavə Razılaşma edilərək müqavilə üzrə kredit xəttinin yeni məbləği 7724 (yeddi min yeddi yüz iyirmi dörd) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə bir bank tətbiqi üzərindən bütün vəsait bir bank vasitəsilə kartdan karta köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, həmin vəsait X1 adına cavabdeh bankda olan cari hesaba iki dəfə olmaqla köçürülmüşdür. Lakin qeyd edilən Əlavə Razılaşmanın bağlanması və kredit xəttinin açılması, həmçinin pul vəsaitinin hesab üzrə digər şəxsə köçürülməsindən iddiaçının məlumatı və razılığı olmamışdır. Həmçinin, xx.xx.2023-cü il tarixli Əlavə Razılaşma iddiaçı tərəfindən imzalanmamışdır. Onun iddiaçı tərəfindən imzalanmasını təsdiq edən hər hansı sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda həmin Əlavə Razılaşmanın iddiaçı tərəfindən imzalanmadığı məlum olur. Bu isə əqdin etibarlılıq şərtlərindən biri olan iradə ifadəsinin olmadığını təsdiq edir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarından görünür ki, Kapital Bank» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRGB2823971B119 saylı “Birbank Cashback Kredit Xətti müqaviləsi” bağlanmışdır. İşin materiallarında olan Kapital Bank» ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2023-cü il tarixli, BRGB2823971B119 saylı “Birbank Cashback Kredit Xətti müqaviləsi” üzrə “kredit xəttinin yenilənməsinə dair” Əlavə Razılaşmaya əsasən müqavilə üzrə kredit xəttinin yeni məbləği 7724 manat müəyyən edilmişdir. İşin materiallarında olan “ödəniş kartı üzrə” çıxarışdan görünür ki, İddiaçı məxsus olan kartdan X1 adına 7815,5 manat məbləğində pul köçürülmüşdür. İşin materiallarında olan Cavabdeh ASC tərəfindən məhkəmə ünvanlanmış məktubdan görünür ki, kredit xəttinin limitinin artırılması “Birbank” tətbiqi vasitəsilə aparıldığına görə müştəriyə təsdiq SMS-i göndərilmir. İşin materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR4819792B119 saylı “Kredit müqaviləsi”nə əsasən bank cavabdehə 35 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 10.000 AZN məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İşin materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı müqavilədə imzanın olmadığını əsas gətirərək kredit müqaviləsinin etibarsız hesab olunmasını və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, hazırki işdə İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Məhkəmə qeyd edirki, iddiaçı Əlavə Razılaşmanın onun tərəfindən imzalanmadığını qeyd etsə də, iş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, kredit xəttinin limitinin artırılması “Birbank” tətbiqi vasitəsilə aparıldığına görə, “kredit xəttinin yenilənməsinə dair” Əlavə Razılaşma borcalan tərəfindən şəxsi əlyazma imzası ilə imzalanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tələbinin dəyişdirilməsi barədə ərizəsində Əlavə Razılaşmanın bağlanması və kredit xəttinin açılması barədə razılığı olmadığını qeyd etsə də, ilkin iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağladığını, həmin kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 25 faiz müəyyən edildiyini və kredit xəttinin məbləği 7724 manat təşkil etdiyini göstərərək, həmin kredit xəttinin açılması barədə razılığı olduğunu etiraf etmişdir. Həmçinin cavabdehin nümayəndəsinin izahatından da görünür ki, hazırki mübahisələndirilən kredit xətti müqaviləsi üzrə borc İddiaçı tərəfindən bağlanmışdır və həmin kredit xətti müqaviləsi üzrə hər hansı borc yoxdur. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. İddiaçı bunun əksini, yəni qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək puılun əslində onun tərəfindən götürülməməsinə istinad etmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə həmçinin iddianın digər hissəsi olan “müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" ilə qeyd edir ki, iddia tələbləri ilkin hissələrdə təmin olunmadığından, sonuncu tələb ilkin tələblə bağlı olduğundan və prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia bu hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-482/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-482/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver