Məhkəmə qərarları › İş №e-2(006)-483/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-483/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-483/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı Gamzaev X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər X3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mülkiyyətində olan “Toyota Rav-4 minik” markalı, ** AO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən vurulan 65851 (altmış beş min səkkiz yüz əlli bir) manat zərər və 287,55 (iki yüz səksən yeddi manat əlli beş qəpik) manat dövlət rüsumu, cəmi 66138 (altmış altı min yüz otuz səkkiz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 xx.xx.2024-cü il tarixdə, saat 14:20-də cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus “Toyota Rav-4” minik markalı **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsini Bakı şəhəri, Sabit Orucov küçəsində idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə İddiaçı məxsus “Mersedes” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində İddiaçı idarə etdiyi “Mercedes” markalı nəqliyyat vastəsinə xeyli miqdarda zərər dəymişdir. Cavabdeh X7 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə onun barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və bununla bağlı xx.xx.2024cü il tarixli qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub 40 manat məbləğində cərimə olunmuşdur. Qüsur aktına əsasən İddiaçı məxsus “Mercedes” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinə cəmi 65851 (altmış beş min səkkiz yüz əlli bir) manat məbləğində zərər dəymişdir. Nəqliyyat vasəsinin təmiri cavabdeh X2 üzərinə düşsə də, o, bu günə kimi vurduğu zərəri könüllü ödəmək istəmir. Cavabdeh X7 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus “Toyota Rav-4” minik markalı **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi idarə edilərkən İddiaçı məxsus “Mercedes” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinə zərər vurulmuşdur. Həmin zərər nəqliyyat vasitəsinin mülkiyyətçisi Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən ödənilməlidir.

3. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində cəlb edilməsini və dəymiş maddi ziyanın 5.000 manat azaldılaraq 61.138 (altmış bir min bir yüz otuz səkkiz) manat müəyyən edilməsini xahiş etmişdir. a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2019-cu il olan “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taborudur (qeydiyyat tarixi: xx.xx.2020).

9. Minik avtomobili üçün 1-31 may 2024-cü il tarixləri üzrə 045314 nömrəli yol vərəqəsindən görünür ki, Penitensiar Xidmətə məxsus “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücü Abbasov Ceyhuna verilmişdir.

10. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2020-ci il olan “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır (qeydiyyat tarixi: xx.xx.2024).

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Avtonəqliyyat Təsərrüfatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2024-cü il tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Avtonəqliyyat təsərrüfatında baş mütəxəssis (sürücü) vəzifəsində işləyir.

12. Xətai rayonu DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli, həmin tarixli qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 14:20-də Sabit Orucov küçəsində “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir.

13. İddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, cəmi məbləğ 65.851,68 manat təşkil edir.

14. "xxxx" ASC tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, 279775 nömrəli hesabatdan görünür ki, 2020-ci il buraxılışlı “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin material və ehtiyat hissələrinə görə 6.380,00 manat, görüləcək işlərə görə 1.770,00 manat olmaqla, avtomobilə dəymiş zərərin məbləği cəmi 8.150 manat təşkil edir.

15. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:20 dəqiqədə Sabit Orucov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli – “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4r (mülkiyyətçisi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboru və hadisə zamanı etibarnamə ilə sürücüsü X7). Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S450” minik markalı, **-MY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.

16. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taborunun mülkiyyətində olan “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən 1 il müddətinə - xx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən sığorta edilmişdir.

17. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 5.000 manat sığorta ödənişi köçürülmüşdür.

18. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 290 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. “X5” MMC-nin 06 mart 2025-ci il tarixli, 37 nömrəli mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 279775 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, 2020-ci il buraxılışlı “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və bərpa xərclərinin ümumi yekun dəyərinin 8150,00 manat məbləğində, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, Z405-00182 nömrəli sənəddə isə avtomobilin təmir və bərpa xərclərinin ümumi yekun dəyərinin 55806,51 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2020-ci il buraxılışlı “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin "xxxx" ASC-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 279775 nömrəli hesabatdakı yekun qiymət və ya "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, Z405-00182 nömrəli sənəddəki yekun qiymət olub-olmaması, həmin nəqliyyat vasitəsinə ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislərin (ustaların) iştirakı ilə baxış keçirilib müxtəlif testlər aparıldıqdan sonra müəyyən edilə bilər.

20. “X5” MMC-nin 06 mart 2025-ci il tarixli, 37 nömrəli məktubundan görünür ki, aparılmış ekspertiza xidmətinin xərci 300 (üç yüz) manat təşkil edir.

21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müştəri İddiaçı xx.xx.2024-cü il tarixində həmin rəsmi servis mərkəzinə müraciət edərək, “Mercedes-Benz S450 4 Matic Sedan long” markalı minik avtomobilinin ümumi texniki vəziyyətinin (işlək hissələrin yoxlanılması, dəmirçi tərəfindən qiymətləndirilmə, elektron diaqnostika olunması) qiymətləndirilməsini xahiş etmişdir. Mercedes Benz servisinin əməkdaşları tərəfindən sözügedən nəqliyyat vasitəsinə müvafiq baxış keçirilərək ümumi texniki vəziyyəti qiymətləndirilmiş və buna dair xx.xx.2024-cü il tarixli “İlkin Təmir Sifarişi” tərtib edilmişdir. Həmin sənədə əsasən nəqliyyat vasitəsi üzrə görüləcək işlər 65.851,68 (altmış beş min səkkiz yüz əlli bir manat altmış səkkiz qəpik) manat məbləğində qiymətləndirilmiş, lakin həmin işlərin icra edilməsi rəsmi servis mərkəzində həyata keçirilməmişdir. Nəqliyyat vasitəsinin ümumi texniki vəziyyətinin qiymətləndirilməsinə görə xidmət haqqının məbləği vergilər daxil 266.95 (iki yüz altmış altı manat doxsan beş qəpik) manat təşkil etmiş və tərəflər arasında buna dair İcra edilmiş Xidmətlərə dair Akt tərtib edilmişdir. Sözügedən məbləğ müştəri tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixində ödənilmişdir (müvafiq sənədlər məktuba əlavə edilmişdir).

22. İş materiallarına, həmçinin, yol-nəqliyyat hadisəsindən sonra sürücülərin yazdıqları izahatlar, hər iki avtomobilin fotoşəkilləri əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə üçüncü şəxs Abbasov Ceyhun iş yeri olan hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək İddiaçı mülkiyyətində olan və həmin vaxt onun özü tərəfindən idarə edilən “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.

24. Hadisə zamanı üçüncü şəxsin idarə etdiyi, cavabdehə məxsus avtomobil icbari sığorta növündə "xxxx" ASC-də sığortalı olmuşdur.

25. Hadisədə üçüncü şəxs təqsirli bilinmiş və onun barəsində Xətai rayonu DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

26. Cavabdehə məxsus avtomobili idarə edən üçüncü şəxsin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. İddiaçı avtomobilə dəyən zərərin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə “Mercedes Benz” markalı avtomobillərin rəsmi satış və təmir-diaqnostika mərkəzi kimi fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət etmiş, MMC tərəfindən tərtib edilmiş sənədə (qüsur aktına) əsasən avtomobilə dəymiş zərərin məbləği cəmi 65.851,68 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə hesabatı (qüsur aktı) ilə isə avtomobilə dəyən zərərin məbləği 8.150 manat müəyyənləşdirilmiş, iddiaçı tərəfindən həmin məbləğ mübahisələndirilməmişdir.

27. İş materiallarında olan ödəniş tapşırığından 5.000 manat məbləğində sığorta ödənişinin xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən iddiaçının hesabına köçürülməsi müəyyən edilmiş, iddiaçı tərəf bu faktın doğruluğunu öz izahatı ilə də təsdiqləmişdir. Üçüncü şəxsin və cavabdehin etirazının dəlillərindən birini təşkil edən “aralarında olan, sonradan pozulmuş razılaşmaya görə hadisədən sonra üçüncü şəxs tərəfindən zərərin 1.000 manat hissəsinin iddiaçıya ödənilməsi” məsələsi iddiaçı tərəfin məhkəmə iclaslarındakı izahatları ilə təsdiq edilmiş, lakin üçüncü şəxs və cavabdeh “üçüncü şəxslə iddiaçının əvvəlcə 3.000 manat ödəməklə məsələni həll etmək barədə razılığa gəldiklərini, lakin sonradan razılığın pozulduğunu” bildirsələr də, iddiaçı tərəf belə bir razılığın olması faktını qəbul etməmişdir.

28. Məhkəmə sorğusuna əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktub əsasında müəyyən edilir ki, iddiaçının sifarişi əsasında nəqliyyat vasitəsi üzrə görüləcək işlər 65.851,68 manat məbləğində qiymətləndirilsə də, həmin işlərin icra edilməsi rəsmi servis mərkəzində həyata keçirilməmişdir. Yalnız qiymətləndirmə və diaqnostika işləri üçün iddiaçı tərəfindən MMC-yə 266,95 manat məbləğində pul ödənilmişdir.

29. Məhkəmə araşdırmaları dövründə müvafiq ekspertizalar təyin edilsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmiş, “X5” MMC tərəfindən verilmiş mütəxəssis rəyində isə iş materiallarındakı qüsur aktlarının hansının yekun qiyməti müəyyən etdiyini aydınlaşdırmaq üçün avtomobilə ixtisaslaşdırılmış servis şəraitində baxış keçirilməsinin zəruriliyi bildirilmişdir.

30. Hazırda iddiaçı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən məbləğdən sığorta şirkəti tərəfindən ödənilən pulu çıxdıqdan sonra qalan 61.138 manat məbləğində ziyanın cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh və üçüncü şəxs isə iddiaçının tələb etdiyi məbləğin şişirdilmiş məbləğ olduğunu, belə ki, sığorta şirkəti tərəfindən zərərin qat-qat aşağı qiymətləndirildiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdeh və üçüncü şəxs zərərin mövcudluğu və bu zərərin üçüncü şəxsin təqsirindən yaranması faktlarını danmırlar, lakin tələb edilən məbləğin çox olmasına görə iddianı qəbul etmədiyini bildirirlər.

c) Məhkəmənin mövqeyi:

31. Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur.

32. Belə ki, cavabdehin işçisi olan üçüncü şəxsin təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi faktı müvafiq sübutlarla öz təsdiqini tapan, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Hazırkı iş üzrə mübahisəli hal məhz həmin avtomobilə dəyən zərərin məbləğinin müəyyən edilməsi ilə bağlıdır. İş materiallarından görünür ki, cavabdehin işçisi olan üçüncü şəxsin təqsirli hesab olunduğu yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 65.851 manat ziyan dəydiyini iddia edən iddiaçı bu faktı təsdiq etmək üçün yalnız özünün sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir. Həmin aktı iş materialları ilə birgə tədqiq edən məhkəmə hesab edir ki, yalnızca bu akt dəymiş ziyanın məbləğini təsdiq edən əsaslı, mötəbər sübut sayıla bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi, bu akt iddiaçının sifarişi əsasında tərtib edilmişdir. Bu hal isə aktı tərtib edən şəxsin bitərəfliyinə və aktda qeyd edilənlərin həqiqiliyinə, mötəbərliyinə kölgə salmış olur. Aktda qeyd olunan məbləğ həm də ona görə ağlabatan hesab olunmur ki, baş vermiş hadisədə icbari sığorta ödənişini ödəməyə borclu olan şirkət – "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabatda avtomobilə dəymiş zərər 8.150 manat məbləğində qiymətləndirilmiş, iddiaçı isə bu məbləği mübahisələndirməmişdir. Belə olan halda iddiaçının təqdim etdiyi bu markadan olan avtomobillərin rəsmi servis mərkəzi olan MMC-nin aktına (belə servis mərkəzlərində göstərilən xidmətlərin hər zaman orta bazar qiymətindən kəskin şəkildə fərqlənərək daha bahalı olması və təmir edilməsinin mümkünlüyü nəzərə alınmadan detalların yenisi ilə dəyişdirilməsinin qiymətlərinin müəyyən edilməsi hamıya məlum olan haldır) istinadla, "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabat nəzərə alınmadan iddiaçının iddia etdiyi məbləğin cavabdehdən tutulması barədə tələbin tam şəkildə təmin edilməsi məhkəmənin mövqeyinə görə ədalətli deyildir. Sözügedən qüsur aktları arasındakı ziddiyyətin aydınlaşdırılması, işin obyektiv həll edilməsi məqsədilə məhkəmə araşdırmaları zamanı iş üzrə müvafiq ekspertizalar təyin edilsə də, istər Məhkəmə Ekspertizası Mərkəzi, istərsə də özəl qiymətləndirmə fəaliyyətini həyata keçirən şirkət tərəfindən iş üzrə əhəmiyyətli olan və xüsusi bilik tələb edən digər suallara lazımi cavab verilməmiş, ziddiyyətli hallara aydınlıq gətirilməmişdir. Beləliklə, iddiaçının maşına 65.851 manat məbləğində ziyan dəyməsi ilə bağlı dəlilləri məhkəmə araşdırmaları zamanı başqa heç bir mötəbər sübutla öz təsdiqini tapmamış, iddiaçı bu dəlili ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

33. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının avtomobilinə dəymiş zərərin obyektiv şəkildə qiymətləndirilməsinin məhz icbari sığorta ödənişini ödəməyə borclu olan "xxxx" ASC tərəfindən həyata keçirildiyini hesab edir. Çünki qanunvericiliyin tələblərinə əsasən, zərərçəkənin – iddiaçının "xxxx" ASC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələri ilə razılaşmamaq, hesabatı mübahisələndirmək, qiymətləndirmənin rəsmi reyestrdə qeydə alınmış digər müstəqil ekspert tərəfindən aparılmasını tələb etmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir. İddiaçı tərəf bunu “sığorta şirkətinin onsuz da 5.000 manat ödəyəcəyindən mübahisələndirmənin əhəmiyyətsiz olduğunu bilməkləri” ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, iddiaçı öz mülahizəsinə əsasən rəsmi servis mərkəzindən akt əldə edərək sübut qismində məhkəməyə təqdim etməkdənsə, vaxtında "xxxx" ASC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrini mübahisələndirsəydi, daha düzgün hərəkət etmiş olardı. Çünki birinci halda iddiaçı hüquqdan sui-istifadə etmiş, ikinci halda isə məhz hüququndan istifadə etmiş olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı müvafiq mərkəzdən yalnız qüsur aktı əldə etmiş, həmin aktda göstərilən işlərdən heç biri həmin mərkəzdə həyata keçirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı məhz qarşı tərəfdən daha yüksək məbləğ əldə etmək üçün müvafiq aktı almış, bununla da hüququndan sui-istifadə etmişdir. Onu da qeyd etmək zəruridir ki, zərərin vurulmasında təqsirli olan şəxsin – üçüncü şəxsin (o cümlədən, cavabdehin) iddiaçının sifarişi əsasında tərtib edilmiş aktda müəyyənləşdirilən zərər məbləğini həmin vaxt mübahisələndirmək hüququ olmamış, onlara məbləği mübahisələndirmək üçün şərait yaradılmamışdır ("xxxx" MMC tərəfindən tərtib edilmiş aktın mötəbər sayılmaması üçün daha bir əsas). Göründüyü kimi, cavabdeh (üçüncü şəxs) yalnız iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçının tələbi ilə bağlı öz etirazlarını bildirə və məbləğlə bağlı öz mövqeyini nümayiş etdirə bilmişdir.

34. Burada üçüncü şəxs və cavabdehin “iddiaçının qalan 3.000 manatın üçüncü şəxs tərəfindən ödənilməsinə razılıq verməsi, lakin sonradan bu razılığın pozulması barədə” dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş üzrə bütün faktiki hallar nəzərə alınanda bu dəlil ağlabatan sayılır. Belə ki, iddiaçı tərəf belə razılığın olmadığını bildirsə də, üçüncü şəxsin ona 1.000 manat məbləğində pulu verməsi faktını etiraf edir, bu faktı danmır. Məhkəmə hesab edir ki, məbləğindən asılı olmayaraq, əgər hər hansı razılıq olmasaydı, iddiaçı heç 1.000 manat məbləğində pulu da üçüncü şəxsdən qəbul etməz, məhkəməyə müraciət edərdi. Lakin istinad edilən razılıq yazılı şəkildə rəsmiləşdirilmədiyindən (sonradan pozulubsa da belə), bu dəlillə bağlı hazırkı iş üzrə əhəmiyyətli olan yeganə hal məhz ondan ibarətdir ki, vurulmuş zərərin 1.000 manat məbləğində olan hissəsinin iddiaçıya ödənilməsi faktı hər iki tərəfin izahatı ilə təsdiqlənərək hazırkı işin mübahisəsiz halına çevrilmişdir.

35. Məhkəmə yuxarıda sərgilədiyi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə məhz "xxxx" ASC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticəsi əsas götürülməli, 5.000 manat məbləğində sığorta ödənişin ASC tərəfindən, habelə 1.000 manat məbləğində pulun üçüncü şəxs tərəfindən iddiaçıya ödənilməsi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən 2.150 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə əsassız olduğundan və mötəbər sübutlarla təsdiq olunmadığından, təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadən məhkəmə qeyd etməyi zəruri sayır ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Buna görə də məhkəmə hazırkı iş üzrə iddiaçının hüququndan istifadə edərək, üçüncü şəxsin vurduğu zərərin əvəzinin onun işəgötürəni olan cavabdehdən tutulması barədə iddiasının qismən təmin edilməsini qanuna müvafiq sayır.

37. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin (qismən təmin) edilir, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan qeyd edilməlidir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsas Mülki Məcəllənin 21, 1096, 1097, 1099, 1108-ci maddələrinə uyğun gəlir.

38. Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalı; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalı; sübutlar birlikdə dəyəndirilməlidir.

39. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

40. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 904. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 925.1-925.2. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Maddə 925-1.1-925.1.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər (hadisə baş verən tarixə qüvvədə olan redaksiyada). Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

43. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: - fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən 2.150 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

46. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən alınaraq İddiaçı ödənilməli, qalan hissəsi isə İddiaçı aid edilməli, mütəxəssis rəyi üçün tələb edilən 300 manat məbləğində pulun 50 manat hissəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən, qalan 250 manat hissəsi isə İddiaçı tutularaq “X5” MMC-nin hesabına köçürülməlidir.

Nəticə:

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən 2150 (iki min yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən alınaraq İddiaçı ödənilsin, qalan hissəsi isə İddiaçı aid edilsin. Mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən, qalan 250 (iki yüz əlli) manat hissəsi isə İddiaçı tutularaq “X5” MMC-nin hesabına (X6 MMC, VÖEN: **********, İBAN: AZ94BRES********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ80NABZ********************, Kod: 513489, SWİFT: BRESAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar