Məhkəmə qərarları › İş №e-2(006)-4837/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4837/2022

25.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4837/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Hacıyev Namı̇ q Tahı̇ r oğlunun iştirakları ilə İddiaçı Əlı̇ yəddı̇ n qızının cavabdeh Hacıyev Namı̇ q Tahı̇ r oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Əlı̇ yəddı̇ n qızı cavabdeh Hacıyev Namı̇ q Tahı̇ r oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əlı̇ yəddı̇ n qızı Cavabdeh ilə 03 may 2013-cü il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 28 iyun 2013-cü il təvəllüdlü X5 adlı övladları olmuşdur. Nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin həmin qətnamə ilə 28 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03 dekabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh X1 xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu vaxta kimi hər il yaşayış minimumu artmışdır. Hal-hazırda X5 həm məktəbə, həm əlavə dərs hazırlıqlarına və idman məşqlərinə gedir. Buna görə də 100 manat aliment onun heç minimum xərclərini ödəmir. Həmçinin cavabdeh tərəfindən təyin olunmuş alimentin ödənilməsində də axsamalar olmuş və bəzi aylar ödənilməmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarını dəyişdirərək cavabdeh Hacıyev Namı̇ q Tahı̇ r oğlundan birgə uşaqları 28 iyun 2013-cü il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləği ilə 193 manat məbləğində aliment tutularaq iddiaçı Hacıyeva Könül Əlı̇ yəddı̇ n qızının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Hacıyev Namı̇ q Tahı̇ r oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda ailəlidir. Yaşlı ata və anası da onunla yaşayırlar. Əvvəlki məhkəmə qətnaməsi ilə təyin olunmuş 100 manat məbləğindəki alimenti vaxtlı-vaxtında ödəsə də, hazırda işsiz olmağı səbəbindən 193 manat alimenti verməyə maddi imkanı çatmır. İddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə:

6. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 mart 2014-cü il tarixində verilmiş AZ-İ № 184481 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev Namı̇ q Tahı̇ r oğlu ilə Hacıyeva Könül Əlı̇ yəddı̇ n qızı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29 mart 2014-cü il tarixində 101 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Rəcəbova soyadı verilmişdir.

7. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(001)-726/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı X3 ilə cavabdeh Hacıyev Namı̇ q Tahı̇ r oğlu arasında Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində 03 may 2013-cü il tarixində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 599 nömrəli akt qeydinə əsasən dövlət qeydiyyatına alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 28 iyun 2013-cü il təvəllüdlü X5 anası Hacıyeva Könül Əlı̇ yəddı̇ n qızının himayəsində və yanında saxlanılması, 28 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03 dekabr 2013-cü il tarixindən başlayaraq Hacıyev Namı̇ q Tahı̇ r oğlundan Hacıyeva Könül Əlı̇ yəddı̇ n qızının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı Hacıyeva Könül Əlı̇ yəddı̇ n qızına aid edilməsi qət edilmişdir.

8. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 122380 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 iyun 2013-cü il tarixində Bakı şəhərində anadan olmuş, atası Hacıyev Namı̇ q Tahı̇ r oğlu, anası Hacıyeva Könül Əlı̇ yəddı̇ n qızıdır.

9. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 28 yanvar 2018-ci il tarixində verilmiş AZ-İİ № 249417 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Söhbətov Elnur Vəkil oğlu ilə Rəcəbova Könül Əlı̇ yəddı̇ n qızı 28 mart 2017-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 695 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Söhbətova soyadı verilmişdir.

10. İşin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(001)-726/2014 saylı qətnaməsi ilə 28 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03 dekabr 2013cü il tarixindən başlayaraq Hacıyev Namı̇ q Tahı̇ r oğlundan Hacıyeva Könül Əlı̇ yəddı̇ n qızının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

13. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

14. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

15. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

19. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

20. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

23. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

24. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafeini və onun saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini, iddiaçının digər gəlirlərinin olmadığını, cavabdehin isə yeni qurmuş olduğu ailəsindən övladının hələ doğulmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay 193 manat məbləğində müəyyən edilməlidir.

25. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

26. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 28 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Hacıyev Namı̇ q Tahı̇ r oğlundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Hacıyev Namı̇ q Tahı̇ r oğlundan hər ay sabit pul məbləğində tutularaq İddiaçı Əlı̇ yəddı̇ n qızına verilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 28 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Hacıyev Namı̇ q Tahı̇ r oğlundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Hacıyev Namı̇ q Tahı̇ r oğlundan hər ay sabit pul məbləğində tutularaq İddiaçı Əlı̇ yəddı̇ n qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar