Məhkəmə qərarları › İş №e-2(006)-4848/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4848/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4848/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh2 ilə 12.11.2020-ci ildə bağlanmış 126026 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 2336,6 AZN nisyə 1 ədəd fen və 1 ədəd notebook satmışdır. Həmin tarixdə digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən alıcı 202 manat ilkinb ödəniş həyata keçirmiş, qalan 2134,6 AZN məbləğində pulu məbləği hər ay 177,88 AZN ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 12-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh heç bir ödəniş etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər ay gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq peniya ödəyir. Bununla bağlı cavabdehlərə borcun ödənilməsinə dair dəfələrlə onlara məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə onlara rəsmi qaydada 26.01.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər onlardan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 2134,6 AZN əsas, 04.06.2021-ci il tarixinədək hesablanmış 309,72 AZN cərimə borcu, cəmi 2444,32 AZN borcları yaranmışdır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2134,6 AZN əsas, 309,72 AZN cərimə, cəmi 2444,32 AZN, həmçinin 30 AZN dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Bu əsasdan məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh2 (“alıcı”) arasında bağlanmış 12.11.2020-ci il tarixli № 126026 saylı “malın nisyə alqı-satqı” müqaviləsinə əsasən, satıcı 1 ədəd notebook və 1 ədəd feni alıcıya verməyi, alıcı isə bunun müqabilində AR Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq, satıcıya bu müqavilədə müəyyən edilmiş qaydada və müddətdə 2134,6 AZN məbləğini ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilənin 2.1-cü maddəsinə əsasən, alıcı 202,00 AZN məbləğində ilkin ödəniş həyata keçirir, qalan 2134,6 AZN hər ay 177,88 AZN olmaqla 12 ay ərzində hər ayın 13-nə qədər ödənilməlidir. Bu müqavilənin 6.1-ci maddəsində ödənişlər gecikdirildikdə, alıcının hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəmək vəzifəsi müəyyənləşdirilmişdir. İşdə olan 12.11.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə 1 ədəd notebook və 1 ədəd fen bütün texniki sənədləri və ləvazimatı ilə birlikdə alıcıya təhvil verilmişdir. Aktın doğruluğu satıcı və alıcı tərəfindən təsdiq edilmişdir. İşdə olan 04 iyun 2021-ci il tarixli, 358 saylı maliyyə arayışına əsasən, Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd olunan tarixə əsas məbləğ üzrə 2134,6 AZN, cərimə borcu üzrə 309,72 AZN, cəmi 2444,32 AZN məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12.11.2020-ci il tarixli № 126026 saylı zaminlik” müqaviləsinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 İddiaçı MMC qarşısında öhdəliklərini icra etməyəcəyi təqdirdə borclu ilə birgə məsuliyyət daşıyacağı barədə üzərinə öhdəlik götürmüşdür. "xxxx" MMC tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya bildirişlərindən görünür ki, cavabdehlərə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 12.11.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC 1 ədəd notebook və 1 ədəd feni Cavabdeh2 vermiş, Cavabdeh2 isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək "xxxx" MMC-yə 12.11.2020-ci il tarixli müqavilə üzrə ümumilikdə 2444,32 AZN məbləğində borcu yaranmışdır. Onun öhdəliklərinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda, iddianın zaminə münasibətdə olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə əsasında alqı-satqı və zaminlik münasibətləri yaranmış, cavabdehlər müqavilə üzrə üzərilərinə götürdükləri öhdəliyi icra etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2134,6 AZN (iki min bir yüz otuz dörd manat, altmış qəpik) əsas, 309,72 AZN (üç yüz doqquz manat, yetmiş iki qəpik) cərimə və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2474,32 AZN (iki min dörd yüz yetmiş dörd manat, otuz iki qəpik) məbləğində pul müştərək qaydada alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2134,60 AZN (iki min bir yüz otuz dörd manat, altmış qəpik) əsas, 309,72 AZN (üç yüz doqquz manat, yetmiş iki qəpik) cərimə borcu və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2474,32 AZN (iki min dörd yüz yetmiş dörd manat, otuz iki qəpik) məbləğində pul müştərək qaydada alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar