Məhkəmə qərarları › İş №e-2(006)-4902/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4902/2025

20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4902/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Toyota Prius” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixində Abşeron rayonu, Masazır kəndi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz ML320” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuş və X1 yüngül xəsarət yetirilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ümumilikdə 3450,00 (üç min dörd yüz əlli) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron RPİ DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir k,i “Toyota Prius” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.6-cı və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G- 01-D-3308-2025 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bugünədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 3450,00 (üç min dörd yüz əlli) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 54.5 (əlli dörd manat əlli qəpik) manat, ümumillikdə isə 3504,50 (üç min beş yüz dörd manat əlli qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildiriş məhkəməyə geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş CM0956/25 və CMBİ0126/25 saylı sığorta aktlarından görünür ki, sığortalanmış “Toyota Prius” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz ML320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə toqquşaraq yol-nəqliyyat hadisəsi törədilmiş, “Mercedes Benz ML320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2700 manat məbləğində ziyan, X2 isə sağlamlığına 750 manat məbləğində ziyan dəymiş və həmin məbləğlərdə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Mercedes Benz ML320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2700 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Mercedes Benz ML320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2700 manat və sağlamlığa dəymiş zərərə görə 750 manat, ümumilikdə 3450 manat sığorta ödənişinin subroqasiya hüququna əsasən ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə onun məhkəmə qaydasında tutulacağı barədə cavabdeh qabaqcadan xəbərdar edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)- 1294/2025 saylı qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və nəqliyyat vasitəsini 06 ay müddətinə idarə etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan 10 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh AR İXM-nin 327.6, 327.8 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPİ-nin DYPŞsi vasitəsi ilə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkən şəxs kimi X3 750 manat və 2700 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən “Toyota Prius” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “Toyota Prius” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. xx.xx.2025-ci il tarixində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **- GV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mercedes Benz ML320" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş sığorta aktına əsasən, “Mercedes Benz ML320" markalı, **-CM-*** markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2700 manat məbləğində, zərərçəkənin sağlamlığına dəyən zərər isə 750 manat müəyyən edilmiş və həmin ziyanın məbləği olan ümumi 3450 manat "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin onun iş materiallarında olan sənədlərə əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 3450,00 manat pul vəsaiti və 54,5 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 3450 (üç min dörd yüz əlli manat) manat pul vəsaiti və 54.5 (əlli dörd manat, əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar