Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4904/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 müraciət edərək, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona məxsus “Hyundai Elantra” markalı **- SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 7.534 manat zərər, 2.400 manat (əldən çıxmış fayda) əlavə zərər və 10.000 manat mənəvi zərər olmaqla ümumilikdə 19.934 manat pulun qanunvericiliyin tələblərinə uyğun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində etibarnamə əsasında istifadəsində olan **-SZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ilə hərəkətdə olarkən hazırki iş üzrə Cavabdeh2 idarə etdiyi **-EZ-*** dövlət qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobili bir neçə avtomobillə yanaşı onun da avtomobilini əzmiş və ona maddi zərər vurmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” Arayışdan da görünür ki, bu hadisə zamanı yük maşınından əlavə 3 nəqliyyat vasitəsizədə almışdır. Maraqlıdır ki, hadisə zamanı yük avtomobili öz işinə davam etsə də onların avtomobilləri idarə edilməz olduğundan hadisə yerində qalmışlardır. Hazırki iddia ərizəsinə surəti əlavə edilən xx.xx.2025-ci il tarixli İXP7228723 nömrəli İnzibati Xəta haqqında Protokoldan və TP7336344 nömrəli İnzibati tənbeh vermə haqqında qərardan da görünür ki, hadisədə günahkar məhz adını çəkdiyi Cavabdeh2 olmuş, hadisə bu şəxsin inzibati xətası səbəbindən baş vermişdir. Maraqlıdır ki, hadisə zamanı həmin yerə gələn yük avtomobilinin mülkiyyətçisi adını sonradan bildiyi Cavabdeh3 dəyən zərərin ödənilib-ödənilməyəcəyi ilə bağlı müraciət etsələr də o, avtomobilə görə sığortanın ödəniş etməli olduğunu bildirmişdir. Bundan sonra, o, dərhal icbari sığorta polisində adı keçən cavabdeh "xxxx" ASC-yə müraciət etmiş və sığorta işini başlatmışdır. Lakin, sığorta şirkətindən ona bildirilmişdir ki, guya hadisə baş verən zaman hadisədə günahkar olan şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası olmadığından ona qanunvericiliyin tələbinə uyğun ödəniş edilə bilməz. Məhz bu səbəbdən də sığorta şirkəti tərəfindən ona dəyən zərərin müəyyən edilməsi üçün də heç bir tədbir görülmədi və ona dəyən zərərin müəyyən edilib cavabdehlərdən tutulması üçün zəruri işləri görməyə başlamışdır. Hazırki iddia ərizəsinə əlavə edilən dəmirçinin xidmət haqqından görünür ki, ilkin olaraq avtomobilinin hərəkətini təmin etmək üçün yüngül dəmirçi işləri görülmüş və buna görə ustaya 59 manat pul ödənilmişdir. Bundan əlavə, hazırki iddia ərizəsinə əlavə edilən qüsur aktından da göründüyü kimi baş verən yol nəqliyyat hadisəsi zamanı onun avtomobilinə ümumilikdə 7.475 manat həcmində zərər dəymişdir ki, bu onun avtomobilinə dəyən maddi zərərdir. Onu da qeyd etmişdir ki, o, şəxsi istifadəsində olan avtomobillə hər gün taksi fəaliyyəti ilə məşğul olaraq əlavə gəlirlər də əldə etmişdir ki, məhz avtomobilə dəyən zərər səbəbindən bu gün bu fəaliyyətlə məşğul ola bilmir. Taksi fəaliyyəti ilə məşğul olub gəlir əldə etdiyini hazırki iddia ərizəsinə əlavə edilən buraxılış kartı, buraxılış vəsiqəsi, VÖEN və bu fəaliyyət üçün zəruri olan digər sənədlər də tam təsdiq edir. Məhz bu fəaliyyət nəticəsində o, hər gün ən aşağısı 40 manat gəlir əldə edir və buna görə vergi vermişdir. Lakin, baş verən yol nəqliyyat hadisəsi onu bu gəlirlərdən də məhrum etmişdir. Məhrum olduğu bu gəlirlərə görə ona dəyən zərər isə 2500 manata yaxındır. Cavabdeh "xxxx" ASC iddiaya dair mülahizələrini təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin mülahizədə qeyd etmişdir ki, hadisə tarixində -xx.xx.2025-ci il 22:00-zərərvuranın idarə etdiyi avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan icbari slğorta müqaviləsi mövcud olmamışdır. Tərəflərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, onalara dair hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları: İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. İş materiallarında olan “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş AA041/1100 saylı aktın surətindən görünür ki, “Hyundai Elantra” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın məbləği 7475 manat müəyyən edilmişdir. İş materiallarında olan İnzibati Xəta haqqında xx.xx.2025-ci il tarixli protokolun və həmin tarixli İnzibati Tənbehvermə haqqında qərarının surətindən görünür ki, HOWO yük markalı 77FZ 885 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2025-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, Cavabdeh3 tərəfindən HOWO yük markalı 77FZ 885 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh2 etibarnamə verilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən təqdim edilmiş qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatına əsasən “Hyundai Elantra” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair İddiaçı xx.xx.2023-xx.xx.2030 müddətinə etibarnamə verilmişdir. İşin materiallarından müəyyən edilir ki, iddiaçı zərər vurulan avtomobilin mülkiyyətçisi deyildir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, avtomobil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız həmin əmlaka dair hər hansı hüququnun mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı: İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunu: 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. 52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun “ 24 dekabr 2025-ci il tarixli qərarı: 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.
Məhkəmənin mövqeyi: İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi yük avtomobili onun idarə etdiyi nəqliyyat vasitəsinə ziyan vurmuşdur. İş üzrə tərtib edilmiş inzibati protokoldan görünür ki, hadisədə təqsirli şəxs məhz Cavabdeh2dur. Yük avtomobilinin mülkiyyətçisinin Cavabdeh3 olduğu müəyyən edilmişdir. Sonuncu sığorta ödənişinin həyata keçiriləcəyini bildirmiş, lakin cavabdeh "xxxx" ASC tərəfindən izah olunmuşdur ki, hadisə baş verən zaman təqsirli şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası mövcud olmadığından sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. Bununla əlaqədar iddiaçı zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir iddianın hüquqi qiymətləndirilməsi iddiaçının mübahisə predmetinə münasibətdə qorunan subyektiv hüququnun olubolmamasının müəyyən edilməsi ilə başlanmalıdır. Subyektiv hüquq mövcud olmadığı halda, iddianın maddi-hüquqi əsaslılığı məsələsinə keçilməsi hüquqi məntiqə zidd olardı.Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində özü göstərmişdir ki, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq müəyyən edilmişdir ki, iddiaçının hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 olmuş və o, iddiaçıya xx.xx.2023-cü ildən xx.xx.2030-cu ilədək müddətə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. Bu haldan aydın olur ki, iddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisi deyil, yalnız ona verilmiş etibarnamə əsasında idarəetmə səlahiyyətinə malik şəxs olmuşdur. İddiaçı tərəf məhkəmədə bildirmişdir ki, mülkiyyət hüququ ona məxsus olmasa da, nəqliyyat vasitəsini faktiki və qanuni əsasla idarə etdiyindən o, qanuni sahib kimi çıxış edir və mülkiyyətçinin hüquqları müəyyən həddə ona da şamil edilməlidir. Lakin məhkəmə hesab edir ki, mübahisə predmeti birbaşa nəqliyyat vasitəsinə dəyən maddi zərərin əvəzinin tələb edilməsidir və bu zərər əşyanın dəyərinin azalması ilə bağlı olmaqla birbaşa mülkiyyət hüququnun predmetinə aiddir. Əşyanın dəyərinin azalması nəticəsində yaranan zərərin kompensasiyasını tələb etmək hüququ, bir qayda olaraq, həmin əşyanın mülkiyyətçisinə məxsusdur.Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı tərəf özü etiraf etmişdir ki, nəqliyyat vasitəsinə dəyən ziyan hələ təmir etdirilməmiş, faktiki xərc çəkilməmişdir. Bu halda iddiaçının hələ çəkmədiyi xərcləri tələb etməsi, real və sübut edilmiş zərərin deyil, ehtimal olunan gələcək xərclərin tələb edilməsi deməkdir. Belə tələb isə nəinki hüquqi əsasdan məhrumdur, həm də gələcəkdə mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb ola bilər. Belə ki, öz mülkiyyətində olmayan nəqliyyat vasitəsinə dəyən zərərin əvəzini tələb edib həmin vəsaiti əldə edən şəxs üçün həmin vəsaitin mütləq qaydada nəqliyyat vasitəsinin təmirinə sərf ediləcəyinə hüquqi təminat mövcud deyildir. Bu isə mülkiyyətçinin əmlak üzərində sərəncam hüququnun və əmlakının dəyərinin qorunması prinsipinin gələcəkdə pozulması riskini yaradır. Məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin hüquqları nəzərə alınmadan üçüncü şəxsin kompensasiya əldə etməsi yolverilməzdir. Məhz bu səbəbdən məhkəmə öz təşəbbüsü ilə nəqliyyat vasitəsinin mülkiyyətçisini üçüncü şəxs qismində işə cəlb etmək istəmiş,əvvəlcə elektron informasiya sistemində bu barədə məlumat mövcud olmamış, lakin sonrakı mərhələdə sistemdən əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bu hal hüquqi baxımdan həlledici əhəmiyyət daşıyır. Qanunvericiliyin imperativ normasına əsasən, etibarnamə etibar edənin ölümü ilə xitam olunur. Deməli, xx.xx.2025-ci il tarixdən etibarən iddiaçıya verilmiş etibarnamə hüquqi qüvvəsini itirmişdir. Yol-nəqliyyat hadisəsi isə xx.xx.2025-ci il tarixdə, yəni etibarnamənin artıq xitam tapdığı tarixdən sonra baş vermişdir. Beləliklə, hadisə anında iddiaçının nəqliyyat vasitəsini idarə etmək üçün etibarlı hüquqi əsası mövcud olmamışdır. Bu isə o deməkdir ki, iddiaçı həmin vaxt nə mülkiyyətçi, nə də qüvvədə olan etibarnamə əsasında səlahiyyətli idarəedici şəxs olmuşdur. Nəticə etibarilə, iddiaçının nəqliyyat vasitəsinə münasibətdə qorunan subyektiv hüququnun mövcud olmaması, faktiki zərərin onun tərəfindən çəkilməməsi və hadisə zamanı idarəetmə səlahiyyətinin belə hüquqi qüvvədə olmaması iddianın maddi-hüquqi baxımdan əsassız olduğunu göstərir. Bu hallar iddianın təmin edilməsini istisna edən müstəqil və kifayət qədər hüquqi əsaslar olmaqla, alternativ hüquqi qiymətləndirməyə yer qoymur. Məhkəmə iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə də hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Həmin norma Mülki Məcəllənin “Əmlak və əşya hüququ” bölməsində yerləşdirilmiş, maddənin adı isə birbaşa “Mülkiyyətin müdafiəsi” kimi müəyyən edilmişdir. Hüquq nəzəriyyəsində və normativ aktların təfsiri qaydalarında qəbul edilmiş ümumi prinsipə görə, hər bir normanın məzmunu onun sistematik yerləşdiyi bölmə, fəsil və institut çərçivəsində şərh edilməlidir. Yəni norma təcrid olunmuş şəkildə deyil, hüquqi tənzimləmənin bütöv sistemində, məhz hansı münasibətləri nizama saldığı kontekstdə dərk edilməlidir. 157.8-ci maddənin məzmunundan açıq şəkildə görünür ki, qanunverici burada mülkiyyətçinin aşağıdakı klassik əşya-hüquqi müdafiə vasitələrini nəzərdə tutur: – mülkiyyət hüququnun tanınmasını tələb etmək; – özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi (vindikasiya); – əşyaya qəsd və ya istifadə maneələri aradan qaldırılmadıqda, həmin müdaxiləyə son qoyulmasının tələb edilməsi (neqator iddia). Qanunverici eyni zamanda göstərir ki, bu əşya-hüquqi müdafiə vasitələrindən yalnız mülkiyyətçi deyil, analoji qaydada qanuni əsaslarla sahiblik edən şəxs də istifadə edə bilər. Lakin burada söhbət sırf əşya hüquqlarının müdafiəsi mexanizmlərindən gedir. Yəni bu norma mülkiyyət hüququnun tanınması, əşyanın geri qaytarılması və istifadəyə maneələrin aradan qaldırılması kimi birbaşa əmlak hüquqlarına yönəlmiş tələbləri əhatə edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, bu norma delikt münasibətlərindən irəli gələn zərərin əvəzinin ödənilməsi institutunu tənzimləmir. Delikt məsuliyyəti Mülki Məcəllənin ayrıca bölməsində sistemli şəkildə tənzimlənmişdir və həmin münasibətlərə tətbiq olunan hüquqi mexanizm fərqlidir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən: “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”. Normanın mətnindən açıq-aşkar görünür ki, burada “fiziki şəxsin əmlakına vurulmuş zərər” ifadəsi işlədilmişdir. Yəni zərərin əvəzinin tələb edilməsi hüququ əmlakın məxsus olduğu şəxsə – mülkiyyətçiyə aid edilir. Delikt hüququnun mahiyyəti ondan ibarətdir ki, pozulmuş hüquq kimə məxsusdursa, kompensasiya tələbi də həmin subyektə məxsus olur. Əks yanaşma ədalətsiz nəticələrə gətirib çıxarar. Məsələn, əmlaka qanuni əsasla sahiblik edən şəxs – kirayəçi və ya icarəçi – əmlaka dəymiş real zərərin əvəzini tələb edib ala, lakin həmin vəsaiti zərərin aradan qaldırılmasına sərf etməyə bilər. Nəticədə mülkiyyətçi yenidən məhkəməyə müraciət etməyə məcbur qalar, bu isə həm təkrar mübahisələrə, həm də hüquqi qeyri-müəyyənliyə səbəb olar. Məhkəmə hesab edir ki, belə hallarda mülkiyyətçinin mövqeyi hər bir halda öyrənilməli, o işdə iştirak etməli və hüquqları qorunmalıdır. Hazırkı iş üzrə isə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən onun mövqeyinin öyrənilməsi mümkün olmamışdır. Vərəsələrin dairəsinin müəyyən edilməsi, onların prosesə cəlb olunması və mövqelərinin araşdırılması isə hazırkı mübahisənin predmetindən kənara çıxaraq işi tamamilə başqa hüquqi müstəviyə keçirə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, o, konkret mübahisə çərçivəsində tərəflərin istinad etdiyi halları və təqdim etdiyi sübutları araşdırır. Məhkəmənin öz təşəbbüsü ilə iddiaçının istinad etmədiyi, irəli sürmədiyi hüquqi əsasları və faktiki halları araşdırmaq və yeni iddia predmeti formalaşdırmaq səlahiyyəti yoxdur. Mülki prosesin dispozitivlik prinsipi buna yol vermir. İddiaçının əldən çıxmış fayda (itirilmiş gəlir) tələbinə gəldikdə isə, iddiaçı bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olmuş, lakin avtomobil zədələndikdən sonra bu fəaliyyəti həyata keçirə bilməmişdir. Məhkəmə bu arqumenti də hüquqi baxımdan əsassız hesab edir. Çünki iş materiallarından müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Qanunun imperativ normasına görə, etibarnamə etibar edənin ölümü ilə xitam olunur. Deməli, həmin tarixdən etibarən iddiaçının nəqliyyat vasitəsini idarə etmək üçün hüquqi əsası mövcud olmamışdır. Yol-nəqliyyat hadisəsi isə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Bu isə o deməkdir ki, hətta nəqliyyat vasitəsi qəzaya uğramamış olsaydı belə, xx.xx.2025-ci ildən sonra iddiaçının onu idarə etmək, taksi fəaliyyəti ilə məşğul olmaq və gəlir əldə etmək hüquqi imkanı mövcud deyildi. Hüquqi əsas olmadan gəlir əldə etmək gözləntisi mülki hüquqda qorunan mənafe kimi tanına bilməz. Delikt hüququnda əldən çıxmış faydanın kompensasiyası üçün tələb olunan əsas şərt – gəlirin əldə edilməsinin real və hüquqi cəhətdən mümkün olmasıdır. Hazırkı halda isə həmin imkan hüquqi baxımdan əvvəlcədən mövcud deyildi. Buna görə də iddiaçının itirilmiş gəlir tələbi həm faktiki, həm də hüquqi baxımdan əsassızdır. Məhkəmə bütün qeyd olunanları – 157.8-ci maddənin sistematik təfsirini, 1097.1-ci maddənin birbaşa məzmununu, delikt məsuliyyətinin subyektini, mülkiyyətçinin vəfat etməsi faktını, etibarnamənin xitamını, subyektiv hüququn mövcud olmamasını və əldən çıxmış faydanın hüquqi mümkünsüzlüyünü – qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının irəli sürdüyü tələblər maddi-hüquqi baxımdan əsassızdır. Məhkəmə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edən hər bir şəxs hüquqi reallığı bilməli və nəzərə almalıdır ki, etibarnamə birtərəfli əqd olmaqla etibar edən tərəfindən istənilən vaxt ləğv edilə bilər, habelə etibar edənin ölümü ilə avtomatik xitam olunur. Bu, mülki hüququn elementar və hamıya məlum olan prinsipidir. Deməli, belə hüquqi əsasla istifadə edilən əmlak üzərində uzunmüddətli və sabit iqtisadi gözlənti formalaşdırmaq hüquqi baxımdan qorunan və qaçınılmaz gəlir prezumpsiyası yaratmır. Məhkəmə hesab edir ki, etibarnamə ilə idarə olunan nəqliyyat vasitəsi ilə taksi və ya digər kommersiya fəaliyyəti həyata keçirən şəxs mülki dövriyyənin adi risklərini öz üzərinə götürür. O, hər an həmin səlahiyyətin xitam oluna biləcəyini əvvəlcədən bilməli və fəaliyyətini bu riskləri nəzərə alaraq qurmalıdır. Bu baxımdan belə fəaliyyət nəticəsində gəlirin əldə edilməsinin mütləqliyi və ya qaçılmazlığı barədə hüquqi prezumpsiya mövcud deyildir. Mənəvi zərər tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə baxışı zamanı mənəvi zərəri yalnız maddi zərərin nəticəsi kimi təqdim etmiş, lakin onun hansı konkret şəxsiyyət hüququnun pozulması ilə nəticələndiyini əsaslandıra bilməmişdir. Ali məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, əmlak hüquqlarının pozulması yalnız o halda mənəvi zərərin ödənilməsinə əsas yarada bilər ki, iddiaçı həmin pozuntunun onun konkret şəxsiyyət hüququna – şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, şəxsi toxunulmazlığına və s. – necə və hansı formada təsir göstərdiyini əsaslandırsın. Hazırkı iş üzrə isə ümumiyyətlə iddiaçının hər hansı əmlak hüququnun pozulması faktı müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı hansı şəxsiyyət hüququnun pozulduğunu konkretləşdirməmiş, yalnız maddi zərərin ona mənəvi iztirab verdiyini bildirməklə kifayətlənmişdir. Bu isə hüquqi baxımdan mənəvi zərərin ödənilməsi üçün yetərli əsas hesab edilə bilməz. İddiaçı bildirmişdir ki, nəqliyyat vasitəsi faktiki olaraq ona məxsus olmuş, sonradan borc münasibətlərinə görə formal olaraq mərhum mülkiyyətçinin adına keçirilmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mülki prosesdə sübutetmə yükü iddia tələbi irəli sürən tərəfin üzərinə düşür. Sübut edilməmiş fakt hüquqi nəticə doğura bilməz. Hətta nəqliyyat vasitəsinin əvvəlcə iddiaçıya məxsus olması fərz edilsə belə, onun sonradan başqa şəxsə satılması və mülkiyyət hüququnun həmin şəxsə keçməsi əvvəlki sahibin həmin əmlak üzərində hüququnun davam etməsi anlamına gəlmir. Borc münasibətləri və digər daxili razılaşmalar sübut olunmadıqca məhkəmə üçün hüquqi əsas təşkil edə bilməz. Məhkəmə həmçinin vurğulayır ki, etibarnamə ilə idarə edən şəxslərin avtomatik olaraq mülkiyyətçi ilə eyni hüquqi statusa malik kimi qəbul edilməsi yanlış məhkəmə təcrübəsinin formalaşmasına səbəb ola bilər. Bu cür yanaşma mülki dövriyyədə qanunvericiliyin tələblərindən kənar yaradılmış qeyri-rəsmi praktikaların legitimləşdirilməsi ilə nəticələnər. Halbuki məhkəmələrin vəzifəsi hüquq düşüncəsini inkişaf etdirmək, qanunun aliliyini təmin etmək və mülki dövriyyə iştirakçılarını qanuni davranış modelinə istiqamətləndirməkdir. Doğru və əsaslandırılmış presedentlər məhz bu məqsədə xidmət etməlidir. Sığortaçıya münasibətdə irəli sürülmüş iddiaya gəldikdə isə, məhkəmə “İcbari sığorta haqqında” Qanunun 52-1-ci maddəsinin məzmununa istinad edir. Həmin maddəyə əsasən, yol-nəqliyyat hadisəsində zərərçəkən şəxs sığortaçıdan ödəniş tələb edə bilər yalnız iki şərt eyni vaxtda mövcud olduqda: birinci – zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə dəyməli; ikinci – hadisədə iştirak edən hər iki nəqliyyat vasitəsi üzrə mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olmalıdır. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun məlumatına əsasən müəyyən edilmişdir ki, hadisə zamanı zərərvuran nəqliyyat vasitəsi üzrə qüvvədə olan icbari sığorta müqaviləsi mövcud olmamışdır. Bu halda qanunun tələb etdiyi ikinci şərt ödənilməmişdir. Doğrudur, qanunvericiliyə əsasən əmlak sığortası üzrə sığorta marağı olan şəxs mülkiyyətçi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilə bilər. Lakin 52-1-ci maddədə nəzərdə tutulmuş şərtlər kumulyativ xarakter daşıyır. Onlardan birinin mövcud olmaması sığortaçının məsuliyyətini istisna edir. Buna görə də sığortaçıya qarşı irəli sürülmüş iddia da əsassızdır. Məhkəmə əlavə olaraq bildirir ki, iddiaçının subyektiv hüququnun mövcud olmaması artıq qəza törətmiş nəqliyyat vasitəsinin mülkiyyətçisinin və ya onu bilavasitə idarə edən şəxsin hansının məsuliyyət daşımalı olması məsələsini hüquqi baxımdan əhəmiyyətsiz edir. Lakin məlumat xarakterli olaraq qeyd olunur ki, yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə həmin mənbəyə mülkiyyət hüququ və ya digər qanuni əsasla sahiblik edən şəxs məsuliyyət daşıyır. Əgər nəqliyyat vasitəsi qanuni əsasla başqa şəxsin sahibliyinə verilmişdirsə, ümumi qaydaya görə delikti törədən şəxs məsuliyyət daşıyır. Yalnız idarə edənlə mülkiyyətçi arasında əmək münasibətləri olduqda, formalaşmış hüquqi mövqelərə əsasən iddia həm işəgötürənə, həm işçiyə, həm də hər ikisinə qarşı qaldırıla bilər. Lakin hazırkı işdə bu məsələlərin araşdırılması artıq hüquqi nəticəyə təsir göstərmir. Çünki iddiaçının qorunan subyektiv hüququnun mövcud olmaması mübahisənin əsasını aradan qaldırır. Bütün yuxarıda göstərilən hallar – mülkiyyət hüququnun olmaması, etibarnamənin xitamı, delikt tələbinin subyekti ilə bağlı hüquqi tənzimləmə, əldən çıxmış faydanın hüquqi mümkünsüzlüyü, mənəvi zərərin əsaslandırılmaması, sığorta öhdəliyinin şərtlərinin ödənilməməsi və sübutetmə yükünün yerinə yetirilməməsi – məcmu şəkildə qiymətləndirildikdə məhkəmə belə nəticəyə gəlir ki, iddia maddi-hüquqi və prosessual baxımdan əsassızdır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Fərəcova