Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4912/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1100 manat məbləğində verilmiş sığorta ödənişinin və 31,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 10 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Khazar LX” markalı 99PR236 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 25 yanvar 2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “VAZ-21104” markalı 90FS682 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sabunçu rayon DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 1100 manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdeh1 MMC məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə bağlanmış 16 oktyabr 2021 -ci il tarixli MAS-3261 saylı “Öhdəliklərin Ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh2 istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Lizinq alan Cavabdeh2 xx.xx.2019-cu il tarixdə avtomobili idarə olunmasına dair etibarnamə verilmişdir. Cavabdeh2 verilmiş etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və bununla bağlı Lizinq alana xx.xx.2022-ci il tarixli 115 saylı xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin müddətinin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 götürdüyü öhdəlikləri X5 ötürmüş və lizinq obyekti olan “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil O.Orucovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə X7 götürdüyü öhdəlikləri X2 ötürmüş və lizinq obyekti olan “Khazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil R.Məmmədov müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Göriindiiyü kimi, lizinq obyektinə faktiki sahiblik hüququ lizinq müqaviləsi imzalandığı andan tam həcmdə keçmişdir. Həmçinin Cavabdeh1 MMC-nin xəbərdarlıq məktubuna baxmayaraq yüksək təhlükə mənbəyi sayılan avtomobili şirkətin iradəsindən kənar idarə edilmişdir. Bununla da müəyyən olunur ki, yüksək təhlükə mənbəyi sayılan avtomobilim sahiblik hüququ Cavabdeh1 MMC-dən çıxmışdır. Cavabdeh1 MMC ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın "xxxx" MMC-yə aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən icbari sığorta növündə sığortalanmışdır. Sabunçu rayon Polis İdarəsi DYPŞ-nin TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Nuriyev X4 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. PGU-220465 saylı Sığorta ödənişi ilə bağlı aktdan, qüsur aktından və xx.xx.2022-ci il tarixli 122156 saylı Ödəniş tapşırığından görünür ki, “VAZ-21104” markalı 90FS682 dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər 1100 manat məbləğində müəyyənləşdirilməklə həmin məbləğ iddiaçı tərəfindən sığortalanmış avtomobilin sahibinə ödənilmişdir. xx.xx.2021-ci il tarixli MAS-3261 saylı Daxili lizinq müqaviləsindən,xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli MAS-3261 saylı Öhdəliklərin ötürülməsi müqavilələrindən görünür ki, Cavabdeh1 MMC tərəfindən “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq müqaviləsinə əsasən X3 lizinqə verilmiş, sonradan həmin avtomobil lizinq müqaviləsi əsasında öhdəliklərin ötürülməsi müqavilələrinə əsasən X1, Cavabdeh2, X5 və X2 lizinqə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiqatı müəyyən olundu ki, 25 yanvar 2022-ci il tarixdə Bakı şəhərində Cavabdeh1 MMC-yə məxsus, Cavabdeh2 idarə etdiyi “Khazar LX” markalı 99PR236 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə X6 tərəfindən idarə olunan “VAZ-21104” markalı 90FS682 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sabunçu rayon Polis İdarəsi DYPŞ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən “VAZ-21104” markalı 90FS682 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1100 manat məbləğində müəyyənləşdirilməklə həmin məbləğ iddiaçı tərəfindən sığortalanmış avtomobilin sahibinə ödənilmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi “Khazar LX” markalı 99PR236 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətində olmaqla lizinq müqaviləsinə əsasən X3, sonradan öhdəliklərin ötürülməsi müqavilələrinə əsasən X1, Cavabdeh2, X5 və X2 lizinqə verilmişdir. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, “Khazar LX” markalı 99PR236 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “VAZ- 21104” markalı 90FS682 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh2 tələb edə bilər. İddia tələbinin Cavabdeh1 MMC-yə qarşı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, “Khazar LX” markalı 99PR236 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC tərəfindən qanuni əsasla, yəni lizinq hüququ ilə X3 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə tələblərinə əsasən Cavabdeh1 MMC-dən tutula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1100 manat məbləğində verilmiş sığorta ödənişi və 31,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməli, iddia tələbi Cavabdeh1 MMC-yə qarşı hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1100 manat məbləğində verilmiş sığorta ödənişi və 31,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 MMC-yə qarşı hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4912/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4912/2022
30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver