Məhkəmə qərarları › İş №e-2(006)-494/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-494/2023

19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-494/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun evində cavabdeh tərəfindən quraşdırılmış mətbəx mebelinin Cavabdeh MMC-nin hesabına sökülərək cavabdehə qaytarılması, Cavabdeh MMC-yə ödənilmiş 9620 (doqquz min altı yüz iyirmi) manat pulun, həmin pulun 1 illik faizi 481 (dörd yüz səksən bir) manatın, ümumilikdə 10101 (on min yüz bir) manat pulun və ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumunun cavabehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədə nəzərdə tutulmuş mebel qapılarının qarşılıqlı iddia tələbi üzrə cavabdehin evində quraşdırılması ilə yanaşı, eyni vaxtda cavabdehdən 6650 manat məbləğin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mətbəx mebeli axtararkən istədiyi boz rəngli mətbəx mebelini “Mutfakçı” mebel mağazasında tapmışdır. O, 16 noyabr 2021ci il tarixdə Yasamal rayonu, Zərdabi prospektində yerləşən Cavabdeh MMC-yə məxsus “Mutfakçı” mebel mağazasına gedərək 11750 manat dəyərində boz rəngli mətbəx mebelini, 1520 manat dəyərində dəzgahları və 3000 manat dəyərində mebelin üzərinə quraşdırılacaq mərməri, ümumi dəyəri 16270 manat olan mətbəx mebelini sifariş vermişdir. Mətbəx mebelinin sifarişi ilə bağlı onunla cavabdeh arasında 16 noyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Onunla cavabdeh arasında bağlanılan müqaviləni cavabdeh şirkətin dizayneri Yasaxova Zabikə adlı şəxs imzalamışdır. Həmin gün, yəni 16 noyabr 2021-ci il tarixdə o, cavabdeh şirkətin nümayəndəsi Zabikə Yasaxovanın təklifi ilə beh kimi 100 manat ödəmiş və rəsmi qəbz tələb etmiş, lakin ona yalnız Zabikənin imzası olan adi qaimə verilmişdir. Ertəsi gün, usta onun evinə gəlib ölçüləri götürdükdən sonra cavabdeh şirkətin nümayəndəsi Zabikə Yasaxova ondan mebelin dəyərinin 70% məbləğində beh ödəməyi tələb etmişdir. Halbuki, alğı-satqı müqaviləsinin şərtinə görə alıcı mebelin dəyərinin 60% həcmində beh ödəməlidir. O, cavabdeh şirkətin nümayəndəsi Zabikə Yasaxovanın tələbi ilə mebelin dəyərinin 70% məbləğində, yəni 9620 manat pulu cavabdeh şirkətə ödəmişdir. Həmin vaxt Zabikə ona adi qaimə blankını imzalayaraq təqdim etmiş, pul ödənilməsi barədə rəsmi kassa qəbzini təqdim etməmişdir. Hətta həmin vaxt Zabikədən rəsmi ƏDV qəbzini tələb etdikdə Zabikə ona xeyli məbləğdə güzəşt etdiklərini bildirərək rəsmi qəbzi təqdim etməmişdir. Alğı-satqı müqaviləsinə əsasən mebelin çatdırılması müqavilə imzalandığı gündən sonra 60 iş günü müddətinə qədər həyata keçirilməlidir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilədə göstərilən müddətdə mətbəx mebelini ona təhvil verməmişdir. O, tez-tez şirkətlə əlaqə saxlamış, şirkət gah materialın olmamasını, gah ustanın başqa yerdə olmasını bildirərək vaxtı uzatmışdır. Çoxsaylı zənglərdən və get-gəldən sonra nəhayət 2022-ci ilin iyun ayında onun sifariş verdiyi boz rəngli mətbəx mebelindən deyil, tamamilə başqa rəngli mətbəx mebelindən cavabdeh tərəfindən onun ünvanına gətirilmişdir. O, mebelin başqa rəngdə olmasına etiraz etdikdə, şirkətdən bir çox adam ona zəng edərək gətirdikləri mebeli müvəqqəti quraşdıracaqlarını, bir ay ərzində onun sifariş verdiyi rəngdən gətirəcəklərini, sonra gəlib mebeli dəyişdirəcəklərini bildirərək, indi gətirdikləri mebelin quraşdırılmasına icazə verilməsini xahiş etmişlər. Cavabdehin verdiyi vəddən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh vədinə əməl etməmiş, mebeli dəyişdirməmiş və hal-hazıradək mebel onun evində qalmışdır. O, dəfələrlə cavabdeh şirkətə zəng etsə də, şirkətin nümayəndələri zənglərə cavab verməmişlər, buna görə də, həmin şirkətdən 27 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis şöbəsinə şikayət etmişdir. Bakı şəhəri Yasamal rayon Polis şöbəsi məsələnin mülki mübahisə olduğunu bildirərək, 04 noyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmişdir. Onunla Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinin bağlanmasından bir il vaxt keçməsinə baxmayaraq cavabdeh bugünə qədər üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O, 1 il cavabdehi gözləsə də, cavabdeh yenə də verdiyi sözə əməl etməyərək müqavilənin şərtlərini pozmuş və yenə də mebeli dəyişdirməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək və ona etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli, 46 saylı alğı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən alıcıya malın çatdırılması və quraşdırılması müqavilə imzalandığı gündən 60 iş günü müdətinə qədər həyata keçirilir. Lakin, Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuş və 2022-ci ilin iyun ayında iddiaçının sifariş verdiyi boz rəngli mətbəx mebelindən deyil, tamamilə başqa rəngli mətbəx mebelindən iddiaçının ünvanına gətirmişdir. Qarşılıqlı iddia ərizəsində İddiaçı məxsus evdə təmir işlərinin 2022-ci ilin ayına qədər davam etdirilməsi və mebelin quraşdırılması həmin təmir işlərinin gecikməsi ilə əlaqədar olması tamamilə yanlışdır. Bununla bağlı qarşılıqlı iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 46 saylı alğı-satqı müqaviləsinin 3.7-ci bəndinə əsasən “alıcının mebel yeri müqavilədə qeyd olan müddətə kimi hazır olmasa, satıcı tam ödənişi istəmək hüququna malikdir”. Lakin, Cavabdeh MMC müqavilənin bağlanmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq İddiaçı ödənişi istəməmiş və bununla bağlı məhkəməyə müraciət etməmişdir. Ancaq İddiaçı məhkəməyə müraciət etdikdən sonra Cavabdeh MMC qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu da Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinə əməl olunmamasının başlıca sübutudur. Qeyd olunanlara əsasən ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbini qəbul etməyərək və ona etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində “alğısatqı müqaviləsinə əsasən mebelin çatdırılmasının müqavilə imzalandığı gündən sonra 60 iş günü müddətinə qədər həyata keçirildiyinin qeyd edildiyini, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, müqavilədə göstərilən müddətdə mətbəx mebelini iddiaçıya təhvil vermədiyini, tez-tez şirkətlə əlaqə saxladığını, şirkətin isə gah materialın olmamasını, gah ustanın başqa yerdə olmasını bildirərək vaxtı uzatdığını, çoxsaylı zənglərdən sonra 2022-ci ilin iyun ayında iddiaçının sifariş verdiyi boz rəngli mebelindən deyil, tamamilə başqa rəngli mətbəx mebelindən cavabdeh tərəfindən iddiaçının ünvanına gətirdiyini” qeyd etmişdir. Lakin, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rahmanov tərəfindən çıxarılmış 04 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda izahatı alınmış İddiaçı “Evlərindəki təmirin iki ay deyil, üç ay yarım, yəni 2022-ci ilin fevral ayında başa çatdığını” qeyd etmişdir. Göründüyü kimi qərarda iddiaçının verdiyi izahatla, iddia ərizəsində qeyd edilən məqamlar bir-biri ilə ziddiyyət təşkil edir. İddiaçı iddia ərizəsində müqavilə öhdəliklərinin gecikməsinə səbəb cavabdehin hərəkətsizliyini qeyd etsə də, məhz müqavilə öhdəliklərinin icrasının gecikməsinə səbəb bilavasitə onun evində təmirin başa çatmaması olmuşdur. Həmçinin, iddiaçı istər iddia ərizəsində, istərsə də “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda müqavilə öhdəliklərinin hansı tarixədək iddiaçının evində aparılan təmir işləri ilə əlaqədar olaraq gecikdirildiyini doğru qeyd etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “whatsapp” tətbiqindən çıxarılmış xx.xx.2022-ci il tarixli mesajlardan açıq-aşkar görünür ki, iddiaçının evində aparılan təmir işləri 2022-ci ilin iyun ayına kimi davam etmiş və mebelin quraşdırılması həmin təmir işlərinin gecikməsi ilə əlaqədar olaraq mümkün olmamışdır. Əlavə olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrasının gecikdirməsi halı olsa idi, iddiaçı mebelin evinə quraşdırılmasına razılıq verməzdi. Mebelin quraşdırılması iddiaçının evində aparılan təmir işləri ilə əlaqədar olaraq gecikdiyi üçün cavabdeh tərəfindən öhdəliyinin pozulması halı kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində 1 ildir ki, cavabdehi gözləsə də, yenə də verdiyi sözə əməl etməyərək müqavilənin şərtlərini pozduğunu və yenə də mebeli dəyişdirmədiyini qeyd etmişdir. Müqavilə öhdəliklərinin 2022-ci ilin iyun ayına kimi uzadılmasına səbəb iddiaçının evinə quraşdırıldıqdan sonra iddiaçı mebelin qapağının (üzlüyünün) fərqli rəng olduğunu qeyd etdikdən sonra tərəflərindən qapağı istehsal edən İspaniya şirkətinə araşdırma məqsədli müraciət edildikdə qapaqların kodları dəyişdirildiyindən müştərinin seçdiyi qapaqdan 50 faiz baha olan qapaqların quraşdırıldığı aşkar olunmuşdur. Daha sonra iddiaçı ilə müvəqqəti olaraq həmin rəngdə olan qapağın istifadə edilməsi və iddiaçı istədiyi rəngdə qapağın sifariş verilməsi ilə bağlı şifahi razılığa gəlinmişdir. Bundan sonra iddiaçının həyat yoldaşı və özü sifariş verildikdən sonra dəfələrlə fikirlərini dəyişdirmiş, gah sifariş olunan qapaqların gətirilib quraşdırılmasını, gah da, mebelin sökülməsini bildirmişlər (mebelin sökülməsi fikrini verilmiş qapaq sifarişləri Azərbaycanda olduqda bildirmişlər). Onlar istər şifahi, istərsə də yazılı razılaşmanın tələblərini pozmamışlar, sifarişdə olan qapaq rənginin kod dəyişikliyi isə onlardan asılı olmayan səbəbdən, yəni sifarişi qəbul edən İspaniya şirkətinin kodlarda dəyişiklik etməsi nəticəsində yaranmışdır ki, bu halı da onlar müvəqqəti olaraq sifariş verilən qapaqlardan 50 faiz bahasına olan qapaqla təmin etmiş və digər qapağın isə sifarişini iddiaçının razılığı ilə sifariş vermişlər. Həmçinin, sözügedən müqavilənin tələbləri onlar tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuşdur. Müqavilənin 2.1-ci bəndində Alıcıya malın çatdırılması və quraşdırılmasını müqavilə imzalandığı gündən 60 iş günü müddətinə qədər həyata keçirilməsi qeyd olunsa da, iddiaçının evində gedən təmir işlərinin 8 ay uzadılması ilə müqavilə öhdəliklərinin tələbləri pozulmuş və bu pozuntuya səbəb isə iddiaçının evində aparılan təmir işləri olmuşdur. Sifariş verilən qapaqlar hal-hazırda da Azərbaycandadır və həmin qapaqların quraşdırılması üçün iddiaçının razılığını gözləyirlər, iddiaçı isə birmənalı olaraq qapaqları istəmədiyini və mebelin pulunun geri qaytarılmasını tələb edir. Həmçinin, əlavə olaraq qeyd edilmişdir ki, bugünkü tarixədək onlar mebelin ümumi dəyərinin 16270 manat olmasına baxmayaraq, müştəri məmnuniyyətini rəhbər tutaraq, həmin məbləğdən 9620 manat beh almışlar və yerdə qalan məbləğin tələbini iddiaçının evində gedən təmir işləri ilə əlaqədar olaraq müqavilə öhdəliklərinin uzadılmasına baxmayaraq tələb etməmişlər. İddiaçı iddia ərizəsində alğı-satqı müqaviləsi əsasında verilmiş beh məbləğdən sonra, rəsmi kassa çekini onlar tərəfindən verilmədiyini qeyd etmişdir. Lakin, mebelin ödənişi tam şəkildə icra olunmadığına görə həmin vaxt rəsmi kassa çekini təqdim etməkləri mümkün deyildi. İddiaçıya da ödəniş tam şəkildə olunduqdan sonra kassa çekini ona təqdim edəcəklərini izah etmişlər. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirmişdir ki, xx.xx.2021-ci il tarixində İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 46 nömrəli malların alğı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş mebel məhsulların dəyərini satıcıya ödəyir, satıcı isə müqaviləyə uyğun olaraq malları alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcıya malın çatdırılması və quraşdırılmasını müqavilə imzalandığı tarixdən 60 iş günü müddətinədək həyata keçirilir. Həmçinin, müqavilənin 2.5-ci bəndinə əsasən son ölçü zamanı təmirdə aşkarlanmış nöqsanlar mebel yığımına təsiri olarsa, müştəri tərəfindən aradan qaldırılmalıdır, digər hallarda satıcı cavabdehlik daşımır. Müqavilənin “Satıcının hüquqları” başlığında satıcı tərəfindən malın və ya onun elementlərinin zədəli çıxması, həmçinin elementlərin təsnifatdakı ölçülərinə, rənginə və ya hər hansı bir detalına uyğun gəlmədiyi təqdirdə 30 təqvim günü ərzində öz hesabına dəyişdirilməlidir. Həmçinin, müqavilənin sözügedən başlığında alıcı müqavilə imzalandıqdan və mebelin dəyərinin 60 faizi ödənişi alındıqdan sonra müqaviləni birtərəfli qaydada müqaviləni sonlandıra bilər. Müqavilə imzalandığı gündən 3 gün sonra, alıcı hər hansısa bir səbəbdən fikrini dəyişərsə, satıcı tərəfindən heç bir məbləğ geri ödənilmir. Həmçinin, müqavilədə ilkin olaraq 9620 manat məbləğin ödənildiyi, geridə qalan 6650 manat məbləğin isə mebel çatdırılan zaman ödəniləcəyi qeyd edilmişdir. Həmçinin, ilk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh müqavilə öhdəliklərini bugünkü tarixədək tək tərəfli qaydada pozmuş və pozmaqda davam etməkdədir. Mebelin qapaq rənglərinin tam olaraq sifarişdə qeyd etdiyi rəngə olmamasını bildirən cavabdehin qeyd etdiyi məqamların aradan qaldırılması üçün sifariş etdikləri şirkətə tərəflərindən sifarişlə bağlı yanlışlığın aradan qaldırılmasını tələb etdilər. Daha sonra sifariş olunan rəngdə qapaq Azərbaycana çatdıqdan sonra cavabdeh ümumiyyətlə mebeli istəmədiyini və geri qaytaracağını qeyd edərək mebelin qapaqlarının yerinə quraşdırılmasına mane olaraq müqavilə öhdəliklərini pozdu və hazırda da pozmaqda davam edir. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən pozulması da qarşılıqlı idida ərizəsinə əlavə etdikləri “whatsapp” tətbiqindən çıxarılmış səs yazıları, mətnlərlə və həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda verdiyi izahatında və həmin qərarla iddia ərizəsində qeyd etdiyi ziddiyyətli ifadələrlə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı onun rəfiqəsidir. 2021-ci ilin noyabr ayında Mutfakçı mebelə müraciət etmiş və 2 aydan sonra onların sifarişinin ünvanına çatdırılacağını bildirmişlər. İddiaçı evində təmir işlərinin davam etdiyinə görə bu müddətin 3 aya qədər uzadılmasına razılaşmışlar. Onlar da istədikləri vaxtda mebeli ünvana çatdıracaqlarını demişlər. Lakin, 3 aydan sonra Mutfakçı mebellə əlaqə saxlamışlar ki, mebeli evdə quraşdırmaq üçün 3 ay müddət bitmişdir. Lakin, özünün və yoldaşının telefonlarına cavab verməmişlər. 2022-ci ilin yay aylarında mebel gətirilərək quraşdırılmışdır. Bildirmişlər ki, mebel nə onların istədikləri dizayndadır, nə də ki rəngi uyğundur. Onlar iradlarını bildirmişlər. Onlara demişlər ki, istədikləri məhsul yoldadır, 1 aya gələcək. Amma bu olmamışdır. Dəfələrlə müraciət etsələr də, nə taxtası, nə rəngi uyğun olmamışdır. Qara rəngdə mebel gəlib, onlar isə boz rəngdə istəmişlər. Nə qapaqların rəngi, nə də mebelin üzünün taxtası istəklərinə uyğun deyildir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahidin ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri ağaşıdakılara əsasən rədd edilməlidir. Mülki iş materiallarında olan 16 noyabr 2021-ci il tarixli, 46 №-li malların alğısatqısına dair müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən “alıcı” müqavilə ilə müəyyən edilmiş mebel məhsulların dəyərini “satıcı”ya ödəməyi, “satıcı” isə müqaviləyə uyğun olaraq malları “alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcıya malın çatdırılması və quraşdırılması müqavilə imzalandığı gündən 60 iş günü müddətinə qədər həyata keçirilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə veriləcək təhvil verilməli olan mebelin dəyəri 16270 mnat məbləğində müəyyən edilmiş, “alıcı” tərəfindən 9620 manat ödənilmiş, qalıq 6650 manatın isə mebel çatdırılan zaman ödəniləcəyi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rahmanov tərəfindən qəbul edilmiş 04 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Həmin Məcəllənin 580.2-ci maddəsinə əsasən əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; verilmiş əşyaların hamısından imtina etsin; çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; verilmiş əşyaların hamısını qəbul etsin. Məhkəmə işin hallarına əsasən ilk növbədə ilk iddia tələbinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh MMC mətbəx mebelini alıcı İddiaçı verməyi, alıcı isə həmin mebeli qəbul edib, əvəzində 16270 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilk olaraq 9620 manat pulu ödəmiş, 6650 manat pulu isə mebel quraşdırıldıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə müqavilə imzalandığı gündən 60 iş günü müddətinə qədər malın çatdırılması və quraşdırılmasını həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin, mətbəx mebeli 2022-ci ilin iyun ayında quraşdırılmışdır ki, buna səbəb iddiaçının evində aparılan təmir işlərinin uzanması ilə bağlı olmuşdur. Göründüyü kimi bu hissədə müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmamışdır. Belə olan halda iddiaçı mebel üzrə ödədiyi 9620 manat məbləğində pulun 1 illik faizini tələb edə bilməz. Buna baxmayaraq cababdeh mətbəx mebelinin qapaq hissələrini başqa rəngdə verməklə alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməklə bağlı alğı-satqı müqaviləsinin tələbini pozmuşdur. Lakin, müqavilənin 3-cü bəndinə əsasən satıcı tərəfindən elementlərin təsnifatdakı ölçülərinə, rənginə və ya hər hansı bir detalına uyğun gəlmədiyi təqdirdə 30 təqvim günü ərzində öz hesabına dəyişmək vəzifəsi olduğundan Cavabdeh MMC mebel qapaqlarını müqavilədə nəzərdə tutulan mebel qapaqları ilə dəyişmək üçün öz hesabına gətizdirmişdir. Ancaq iddiaçı həmin mebel qapaqlarının əvəzləşdirilməsinə razı olmamışdır. Göründüyü kimi iddiaçı tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməklə bağlı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərə tam əməl olunmasına maneçilik törədir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı evində quraşdırılmış mətbəx mebelinin cavabdeh tərəfindən sökülməsini və mebel üzrə ödədiyi 9620 manat məbləğində pulu tələb etməkdə haqlı deyildir. Ona görə də, ilk iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi il bağlı bildirir ki, Cavabdeh MMC-nin müqavilədə nəzərdə tutulmuş mətbəx mebelini eyni növdə, eyni ölçüdə, eyni rəngdə alıcıya vermək vəzifəsidir. Hətta müqavilədə nəzərdə tutulmuşdur ki, satıcı 30 təqvim günü müddətində hər hansı qüsur aşkar edildiyi təqdirdə öz hesabına onu aradan qaldırmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq qarşılıqlı iddia tələbinin birinci hissəsinə, yəni müqavilədə nəzərdə tutulmuş mebel qapaqlarının cavabdehin evində quraşdırılması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçının cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, aşkar edilmiş qüsurların aradan qaldırılması birbaşa satıcının vəzifəsidir. Digər tərəfdən qarşılıqlı iddia tələbi üzrə iddiaçı cavabdehdən 6650 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. Hazırkı vəziyyətdə Cavabdeh MMC cavabdehə müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyi təklif edir, lakin cavabdeh bunu qəbul etmir, yəni müqavilədə nəzərdə tutulmuş çeşiddə mebel cavabdehin evində quraşdırılmadığına görə Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirmiş hesab edilmir. Odur ki, Cavabdeh MMC-nin yerinə yetirmədiyi öhdəliyi üzrə cavabdehdən pul tələb etməsi əsassızdır. Mebel cavabdehin evində quraşdırılarsa və İddiaçı müqaviəyə əsasən ödəməli olduğu pulun qalıq hissəsini ödəməzsə, o zaman iddiaçı ödənilməyən pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair ilk iddia tələbi və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar