Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4949/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6511,27 manat məbləğində əsas borcun, 938,6 manat məbləğində faiz borcunun, 180,24 manat məbləğində cərimə borcunun, cəmi 7630,11 manat borcun və 97 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 21% olmaqla 7000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflərin iştirakı və izahatlar: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli CP/81635/87/14 saylı kredit sazişindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 21% ilə, 7000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən cavabdehin hər ay kredit məbləği üzrə 216,76 manat ödəməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli 3003 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh 7000 manat məbləğində pulu kassadan almışdır. Kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bank tərəfindən Cavabdeh müraciət edərək onunla bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi bildirilmiş və onun banka 6511,27 manat əsas, 855 manat faiz və 180,24 manat məbləğində cərimə borcunun ödənilməsi tələb edilmişdir. Məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin banka xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 6511,27 manat əsas, 938,6 manat faiz və 180,24 manat məbləğində cərimə borcu vardır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan aydın olur ki, borclu tərəfindən müqavilənin ləğvinədək xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə müqavilənin ləğvindən sonra isə xx.xx.2023-cü il tarixdə ödənişlər edilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda göstərilən kredit müqaviləsi üzrə İddiaçı ASC-dən borc almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddiaçı ilkin olaraq müqavilənin ləğv edilməsi və yaranmış borcun ödənilməsi ilə bağlı olaraq xx.xx.2023-cü il tarixli bildirişlə cavabdehə müraciət etmiş, bununla da tərəflər arasında xx.xx.2022ci il tarixli müqavilə ləğv edilmişdir. Müqavilənin kreditor tərəfindən birtərəfli qaydada ləğvi tarixinə borc məbləği əsas məbləğ üzrə 6511,27 manat, faizlər üzrə 855 manat və cərimə kimi 180,24 manat təşkil etmişdir. Bundan sonra kreditor tərəfindən məhkəməyə verilən arayışda əsas və cərimə borcunda dəyişiklik olmasa da, faiz borcunun hesablanması davam etmiş və 938,6 manat müəyyən edilmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyini əsas tutaraq qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə müqavilənin ləğvinə dair bildiriş göndərilən andan etibarən kredit müqaviləsi üzrə əsas borca faizlərin hesablanması dayanmışdır. Bundan sonrakı dövr üçün isə kreditorun öz növbəsində Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş qaydada tələb hüququ istisna edilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CP/81635/87/14 saylı kredit müqaviləsi üzrə 6511,27 manat məbləğində əsas borc, 855 məbləğində faiz, 180,24 manat cərimə olmaqla, cəmi 7546,51 manat pul vəsaiti və ödənilmiş 97 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli CP/81635/87/14 saylı kredit müqaviləsi üzrə 6511,27 (altı min beş yüz on bir manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 855 (səkkiz yüz əlli beş) məbləğində faiz, 180,24 (yüz səksən manat iyirmi dörd qəpik) manat cərimə olmaqla, cəmi 7546,51 (yeddi min beş yüz qırx altı manat əlli bir qəpik) manat borc pul və ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4949/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4949/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver