Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4987/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun alınması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 7500 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli, 1020099/17231 saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək, Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borcu 1833,85 manat, faiz borcu 163,68 manat, cəmi 1997,53 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da, cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 1997,53 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın tələblərinin əsası kimi istinad edilən faktlar, dəlillər və onları təsdiq edən sübutların siyahısı aşağıdakılardan ibarətdir:
1. xx.xx.2019-cu il tarixli ******* saylı Kredit müqaviləsi;
2. xx.xx.2019-cu il tarixli 1020099/17231 saylı Zaminlik müqaviləsi;
3. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə olan borcu barədə maliyyə arayışı. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarında olan Cavabdeh1 xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu barədə Maliyyə arayışından görünür ki, ödənilmiş əsas borc 5666,15 manat, ödənilmiş faiz borcu 3397,25 manat, ödənilməli əsas borc 1833,85 manat, ödənilməli faiz borcu 163,68 manat və ümumi borc isə 1997,53 manat məbləğindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 1020099/17231№-li zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 Vəli oğlu arasında xx.xx.2019-cu il tarixində bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında borcalana veriləcək 7500 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə 36 ay müddətinə bağlanılmış, bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. İddiaçı KB ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 18 mart 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə, xx.xx.2022-ci il tarixinə banka gecikdirilmiş 1579,54 manat vaxtı keçmiş əsas və 113 manat vaxtı keçmiş faiz borcu vardır. Borc məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinin tələbinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1833 (min səkkiz yüz otuz üç) manat 85 (səksən beş) qəpik əsas, 163 (yüz altmış üç) manat 68 (altmış səkkiz) qəpik faiz, cəmi 1997 (min doqquz yüz doxsan yeddi) manat 53 (əlli üç) qəpik borc, həmçinin ərizəyə görə ödənilmiş 40 (qırx) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı iddia qiymətinin 1%-i təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilən 40 (qırx) manat 38 (otuz səkkiz) qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1833 (min səkkiz yüz otuz üç) manat 85 (səksən beş) qəpik əsas, 163 (yüz altmış üç) manat 68 (altmış səkkiz) qəpik faiz, cəmi 1997 (min doqquz yüz doxsan yeddi) manat 53 (əlli üç) qəpik borc, həmçinin ərizəyə görə ödənilmiş 40 (qırx) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Natavan Tağıyeva