Məhkəmə qərarları › İş №e-2(006)-5022/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5022/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5022/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29 % ödəmək şərtilə 700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 669,55 manat əsas, 114,91 manat faiz, 13,25 manat cərimə borcu olmaqla, cəmi 797,71 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddiaçı cavabdehdən 669,55 manat əsas, 114,91 manat faiz, 13,25 manat cərimə borcu olmaqla, cəmi 797,71 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh1 rəsmi qaydada – poçt vasitəsilə göndərilməklə yanaşı, onun X1 elektron kabinetinə yerləşdirilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair xx.xx.2023-cü il tarixli, 02U/23 saylı Standart Şərtlərdə cərimə barədə bənd nəzərdə tutulmuşdur.

7. xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 02U/23 saylı standart şərtlərlə tanış olmuşdur və onun bütün müddəaları ilə razıdır.

8. "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə "xxxx" ASC-yə 669,55 manat (altı yüz altmış doqquz manat əlli beş qəpik) əsas, 114,91 manat (bir yüz on dörd manat doxsan bir qəpik) faiz, 13,25 manat (on üç manat iyirmi beş qəpik) cərimə faizləri olmaqla, cəmi 797,71 manat (yeddi yüz doxsan yeddi manat yetmiş bir qəpik) məbləğində borcu vardır.

10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdeh X7 xx.xx.2023-cü il tarixdə ərizəni imzalamaqla iddiaçı "xxxx" ASC-nin bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərin bütün müddəalarını qəbul etdiyini bildirmiş, bununla da iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 29 % ödəmək şərtilə 700 manat məbləğində kredit verilmiş, ödənişlərin gecikdirilməsinə görə cərimə faizləri və birdəfəlik cərimə ödənilməsi nəzərdə tutulmuşdur.

12. Cavabdeh verilmiş kredit üzrə ödənişləri gecikdirdiyindən, iddiaçı tərəfindən ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh yenə də borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

c) Məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.

14. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

15. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.2-ci maddə. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddə. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.1-ci maddə. Mqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.7-ci maddə. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 409.1-ci maddə. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddə. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 739.1-739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.1-740.2. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 742.5, 742.5.2. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 669,55 (altı yüz altmış doqquz manat əlli beş qəpik) manat əsas, 114,91 (bir yüz on dörd manat doxsan bir qəpik) manat faiz, 13,25 (on üç manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 797,71 (yeddi yüz doxsan yeddi manat yetmiş bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

19. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

Nəticə:

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh1 669,55 (altı yüz altmış doqquz manat əlli beş qəpik) manat əsas, 114,91 (bir yüz on dörd manat doxsan bir qəpik) manat faiz, 13,25 (on üç manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 797,71 (yeddi yüz doxsan yeddi manat yetmiş bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar