Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5060/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 2961.23 AZN (İki min doqquz yüz altmış bir manat 23 qəpik), faiz borcu 709.38 AZN (Yeddi yüz doqquz manat 38 qəpik),həmçinin ərizəyə görə ödənilmiş 57.11 AZN (57 manat, 11 qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 3727.72 AZN (üç min yeddi yüz iyirmi yeddi manat 72 qəpik)borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti 3500,00 AZN (üç min beş yüz manat 00 qəpik)məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 393-ABC-1499-23 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 3.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 3.4.3-cü bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borcu 2961.23 AZN (İki min doqquz yüz altmış bir manat 23 qəpik), faiz borcu 709.38 AZN (Yeddi yüz doqquz manat 38 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) ümumi borcu 3670.61 AZN (Üç min altı yüz yetmiş manat 61 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli, 1622/24 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “köçüb” qeydi aparılmaqla pretenziya (xəbərdarlıq) məktubunun onlardan asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir (Mülki Məcəllənin 421.2-ci maddəsi). Cavabdehin etirazı: Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin bildiriş poçt xidməti tərəfindən “köçüb” qeydi ilə ona çatdırılmadan geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli 393-ABC-1499-23 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 18 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 3500,00 AZN (üç min beş yüz manat 00 qəpik)məbləğində kredit verilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MA-0037846-24 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti-yə xx.xx.2024-cü il tarixə əsasən borc üzrə - 2961,23 (iki min doqquz yüz altmış bir manat iyirmi üç qəpik) manat əsas borc, 709,38 (yeddi yüz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 3670.61 manat manat məbləğində borcu vardır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan bildirişin surətinə əsasən, Cavabdeh banka olan borcunu tam olaraq 3 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 57,11 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir. (dərc edilmə tarixi 31 mart 2023-cü il) Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (əvvəlki redaksiya)
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli 393-ABC-1499-23 nömrəli kredit müqaviləsi əsasənda 18 ay illik 28 faiz ödəmək şərti ilə 3500,00 manat məbləğində kredit götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2). Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2961,23 (iki min doqquz yüz altmış bir manat iyirmi üç qəpik) manat əsas borc, 709,38 (yeddi yüz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3670,61 (üç min altı yüz yetmiş manat, altmış bir qəpik) manat məbləğində borc Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 57,11 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 2961,23 (iki min doqquz yüz altmış bir manat iyirmi üç qəpik) manat əsas borc, 709,38 (yeddi yüz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3670,61 (üç min altı yüz yetmiş manat, altmış bir qəpik) manat məbləğində borc və ödənilmiş 57,11 (əlli yeddi manat on bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva