Məhkəmə qərarları › İş №e-2(006)-5063/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5063/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5063/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında bağlanmış R0032663 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, alıcı Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 649 (altı yüz qırx doqquz) manat olan «Samsung A225 64 ds» (İMEİ: **********95605) markalı əşyanı almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 31-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 50 (əlli) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri – 599 (beş yüz doxsan doqquz) manat mağazaya ödəməmişdir. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən, Cavabdeh 599 (beş yüz doxsan doqquz) manat borc məbləği, 60 (altmış) manat faiz borcu, 10 (on) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 699 (altı yüz doxsan doqquz) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli R0032663 saylı əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh bu müqavilənin şərtlərinə uyğun olaraq, istehlak və istifadə üçün 12 (on iki) ay müddətinə 649,00 (altı yüz qırx doqquz) manat məbləğində əmtəəni (əşyanı) (/Samsung A225 54 DS İMEİ **********95605, **********95603/ Al-dəyiş Plus 401-500) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əşyaya görə 50,00 manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 599,00 manat məbləğində pulu müqaviləyə əlavə edilən “Ödəniş cədvəli”nə əsasən hissə-hissə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli R0032663G saylı girov müqaviləsindən görünür ki, girov saxlayanla girov qoyan arasında bağlanmış xx.xx.2022-ci il tarixli R0032663 nömrəli hissə-hissə şərtləri ilə mal alqı-satqısı haqqında müqaviləyə əsasən əmlak (/Samsung A225 54 DS İMEİ **********95605, **********95603/) Al-dəyiş Plus 401-500 modelli, 649,00 AZN məbləğində avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədilə Girov qoyan ona təhvil verilmiş həmin əmlakı özündə saxlamaq şərtilə girov qoyur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli R0032663 saylı müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, alıcı 649 manat məbləğində pulu ilkin olaraq 50 manat ödəniş etməklə, qalan 599 manat pulu 12 ay müddətinə olmaqla, 11 ay müddətində hər ay 50.00 manat, sonuncu ay isə 49.00 manat ödəməyi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Samsung A225 64 ds» (İMEİ: **********95605) markalı əşya tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh R0032663/22 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 599 manat borc məbləği, 60 manat faiz borcu, 10 manat cərimə, cəmi 669 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixdə poçtla göndərilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli R0032663 saylı müqavilə üzrə yaranmış borcunun ödənilməsi barədə iddiaçı tərəfindən müvafiq qaydada xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə iddia tələbinin “əsas borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əsas borca münasibətdə iddia tələbi əsaslı olduğundan və bu barədə məhkəməyə sübut (maliyyə arayışı) təqdim edildiyindən, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “müqavilə üzrə hesablanmış 60 (altmış) manat faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ilə cavabdeh arasında bağlanmış R0032663 nömrəli xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinin 1.3-cü bəndində qeyd edilmişdir ki, əmtəə (əşya) alıcıya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. “Satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3% həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. İddiaçı ilə cavabdeh arasında bağlanmış əşyanın nisyə alqı-satqı müqaviləsində qeyd edilən müddəaya əsasən iddiaçı tərəfindən cavabdehdən əmtəə (əşya) alıcıya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələrin, satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3% həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilməsi göstərilmişdir. Lakin qeyd edilən müqavilədə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində faiz borcunun tutulması və ya faiz borcunun ödənilməsinə dair hər hansı bir müddəa yoxdur və buna dair hər hansı bir qeyd göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında R0032663 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC ilə Cavabdeh 649 manat dəyərində İMEİ kodu **********95605, **********95603 olan Samsung A225 54 DS markalı telefonu satmış, Cavabdeh aldığı əşyaya görə ilkin olaraq 50 manat ödəniş etməklə, qalan 599 manat pulu 12 ay müddətinə olmaqla, 11 ay müddətində hər ay 50.00 manat, sonuncu ay isə 49.00 manat ödəmək şərti ilə kreditora hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam və vaxtında icra edilmədiyindən, onun xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 599 manat borcu əsas borcu yaranmışdır. Həmçinin, iddiaçı cavabdehdən müqavilə üzrə 60 manat məbləğində faiz borcu tələb etsə də, qeyd edilən müqavilədə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində faiz borcunun tutulması və ya faiz borcunun ödənilməsinə dair hər hansı bir müddəa yoxdur və buna dair hər hansı bir qeyd göstərilməmişdir. Belə olan halda iddia tələbinin 60 manat məbləğində faiz ilə bağlı hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi cərimə borcuna münasibətdə təmin edilməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 599 (beş yüz doxsan doqquz) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 609 (altı yüz doqquz) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı iddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27.30 (iyirmi yeddi manat otuz qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 2.70 (iki manat yetmiş qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 599 (beş yüz doxsan doqquz) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 609 (altı yüz doqquz) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27.30 (iyirmi yeddi manat otuz qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 2.70 (iki manat yetmiş qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar