Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5063/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibinin Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçı X5, iddiaçının nümayəndəsi X10, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200.600 ABŞ doları, vəkil xidmətlərinə görə xərclənmiş 15.000 manat, bir il ərzində işsiz qaldığına görə əldən çıxmış gəlir olaraq 24.000 manat, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 670,02 manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Meridian Company” şirkətinin rəhbəri Cavabdeh 2003–2011-ci ilərdə müxtəlif vəzifələrdə işləyən İddiaçı etibarından sui-istifadə etmiş, onu bank kredit müqavilələrinə imza atmağa məcbur etmişdir. Cavabdeh vəsaitlərin bankdan özü tərəfindən götürüləcəyini və borcun da özü tərəfindən ödəniləcəyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(101)-78/2016 saylı Hökmü ilə Cavabdeh dələduzluğa görə təqsirli bilinmişdir. Hal-hazırda o, Azərbaycan Respublikasının CM-nin 179.3.2, 178.3.2, 213.2 və 302.2-ci maddələri ilə məhkum olunaraq 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 2019-cu ildə "xxxx" ASC, İddiaçı qarşı 17 iyul 2007-ci il tarixli, 67 E saylı kredit müqaviləsini əsas gətirərək Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsində işə baxıldığı dövrdə Cavabdeh və onun oğlu X15, eləcə də İddiaçı nümayəndəsi Gülarə İlyasovanın iştirakı ilə iddiaçıya bildirilmişdir ki, guya həmin kredit müqaviləsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2016-cı il tarixli, 1(101)-78/2016 saylı hökmündə nəzərə alınmışdır. Bu yolla İddiaçı aldadılaraq məhkəməyə getməməyə inandırılmış, nəticədə Cavabdeh onun etibarından təkrarən sui-istifadə etmişdir. "xxxx" ASC-nin İddiaçı qarşı iddiası qismən təmin edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-24/2020 saylı qətnaməsi ilə 170.000 ABŞ dolları əsas borc, 30.600 ABŞ doları faiz olmaqla, cəmi 200.600 ABŞ doları məbləğin iddiaçıdan tutulmasına qərar verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra məlum olmuşdur ki, bu məhkəmə mübahisəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən sonra baş vermiş, lakin həmin kredit müqaviləsi sözügedən hökmə daxil edilməmişdir. İddiaçı yalnız bu qətnamə qəbul edildikdən sonra Cavabdeh kredit borcunu ödəmədiyini öyrənmişdir. Daha sonra, İddiaçı nümayəndəsi Gülarə İlyasova tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş, lakin dövlət rüsumunun düzgün ödənilməməsi səbəbindən şikayətin icraata qəbulundan imtina edilmiş və Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmişdir. Sonradan İddiaçı bəlli olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(101)-78/2016 saylı hökmündə 67 E saylı kredit müqaviləsi üzrə borc məbləği müzakirə olunmamışdır. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı təmsil etmiş nümayəndəsi və vəkili olan İlyasova Gülarə Qəzənfər qızı kredit müqaviləsi üzrə pul götürən məhkum və eyni zamanda cavabdehin keçmiş müdiri Cavabdeh nümayəndəsidir və onun maraqları üçün hərəkət edir. Bu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-672/2022 nömrəli qərardadında da qeyd edilmişdir. İddiaçı bu səbəbdən Cavabdeh qarşı Xətai Rayon Polis İdarəsinə şikayətlə müraciət etmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən 22 yanvar 2024-cü il tarixində “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul olunmuşdur. Həmin Qərarda Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində yazılmış etiraf ərizəsi də mövcuddur. Həmin ərizədə cavabdeh, 2007-ci ildə İddiaçı "xxxx" ASC-yə apararaq kredit müqaviləsinə imza atdırdığını, 200.000 ABŞ doları məbləğində krediti özü götürdüyünü və əsas borc ilə faizləri ödəməli olduğunu etiraf etmişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş, vəsaiti mənimsəmiş və İddiaçı küli miqdarda zərər vurmuşdur. İddiaçı kredit müqaviləsini imzalasa da, həmin müqavilə üzrə heç bir pul vəsaiti almamış, vəsaiti cavabdeh götürmüşdür. Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Qeyd edilənlərə əsasən, Cavabdeh tərəfindən törədilmiş dələduzluq cinayət əməli nəticəsində faktiki olaraq İddiaçı dəymiş zərər, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş 200.600 ABŞ dollarının əvəzi cinayətə görə dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar zərər çəkmiş şəxs qismində çıxış edən İddiaçı ödənilməlidir. Yuxarıda göstərilmiş işin hallarından məlum olur ki, İddiaçı "xxxx" ASC tərəfindən iddia verildikdən və Nərimanov Rayon Məhkəməsində bu xüsusda işə baxılanda onun mövcud haldan xəbəri olub, Cavabdeh barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə bu əməlin nəzərə alınmaması və mövcud olmamasından xəbərdar olmayıb. Buna əsasən demək olar ki, İddiaçı adı çəkilən kredit müqaviləsi üzrə heç bir öhdəlik daşımamışdır, o sadəcə müqaviləni imzalamış, Cavabdeh ona pul vəsaitini özü götürəcəyini, sonradan əsas borc və hesablanmış faizləri də ödəyəcəyini bildirib, İddiaçı müqaviləyə imza atmış, həmin müqavilənin predmeti olan pul vəsaitini götürməmişdir. İddiaçı, ona Cavabdeh tərəfindən vurulmuş külli miqdarda zərərin əvəzinin tam ödənilməsini tələb etməkdə haqlıdır, bununla yanaşı məhkəməyə müraciətlə əlaqədar çəkdiyi xərclər də Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə tərəfindən hazırkı iş üzrə Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı X8, iddiaçının nümayəndəsi X11 və iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh məhkəməyə ünvanlandığı ərizədə qeyd etmişdir ki, iddiaçı X5 ona qarşı olan iddia tələbini qəbul edir, həmin vəsaiti o özü almışdır və X6 ödəyəcəkdir. İş materialları: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2016 saylı xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azıllıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 21.3.2.2-ci maddəsi ilə 01(bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları toplamaqla Cavabdeh qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh məhkəməyədək həbsdə olduğu 2 gün müddəti ona təyin olunmuş cəzadan çıxmaqla üzərində qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh ittihamından CM-nin 213.1-ci maddəsi və zərərçəkmiş şəxs X7 qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq epizodu çıxarılmış, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 27 mart 2014-cü il tarixdən hesablanması, barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2007-ci il tarixli 67E saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 170000 ABŞ dolları əsas, 30600 ABŞ dolları faiz, cəmi 200600 (iki yüz min altı yüz dollar) və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X6 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005)-24/2020 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-439/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005) 24/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3553/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(103)-439/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-672/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2020 saylı iş üzrə 24 yanvar 2020-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdeh İddiaçı 82.776,38 (səksən iki min yeddi yüz yetmiş altı ABŞ dolları, otuz səkkiz) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq iddiaçı LPO "xxxx" ASC-yə verilməsi, əldən çıxmış faydanın tutulmasına dair iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-645/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-672/2022 nömrəli, 03 fevral 2022ci il tarixli qətnaməsi “cavabdeh X4 82.776,38 (səksən iki min yeddi yüz yetmiş altı ABŞ dolları, otuz səkkiz) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) məbləğində pulun alınaraq iddiaçı LPO "xxxx" ASC-yə verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Xətai RPİ-nin İŞ-nin müstəntiqi Məhərrəm Hüseynov tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, 2003-2011-ci illərdə müxtəlif vəzifələrdə İşlədiyi “Meridian Company” şirkətinin rəhbəri olan Cavabdeh ona olan etibarından sui-istifadə etməklə qeyd etdiyi banklara gedərək kredit müqavilələrinə imza atmağı göstəriş verməklə, həmin kredit müqavilələri üzrə bank tərəfindən veriləcək pul vəsaitinin bankdan özü götürmüş, kredit müqavilələri üzrə hesablanmış əsas borc və faizlərin isə Tamara Şıxsaidovanın üzərinə qoyaraq onu aldatdığını bildirmişdir. AR CPM-nin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi səbəbindən X5 müraciəti əsasında toplanmış material əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin 13(102)-63/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə X5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2020 nömrəli, 2020-ci il 24 yanvar tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsinin rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Tamara Şıxsaidova və onun nümayəndəsi və vəkili Nümayəndə şikayətinin bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul olunmasından imtina edilmişdir. Hüquq xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqavilə, ona əlavə edilmiş təhvil-təslim aktları və kassa mədaxil orderlərindən görünür ki, iddiaçı hüquq xidmətlərinin göstərilməsi üçün 15.000 (on beş min) manat xərc çəkmişdir. **********86 saylı xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 671 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı Cavabdeh 2003–2011-ci ilərdə onun etibarından sui-istifadə edərək, onu bank kredit müqavilələrinə imza atmağa məcbur etdiyini, vəsaiti özünün yox, cavabdehin aldığını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul edərək pul məbləğini aldığını etiraf etmiş, qaytaracağını bildirmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarına qiymət verərək qeyd edir ki, təqdim edilmiş sübutlar hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Belə ki, qəbul edilmiş məhkəmə qətnamələri əsasında müəyyən edilir ki, iddiaçı bankla arasında bağlanmış müqavilə əsasında kredit götürmüş, götürdüyü kredit məbləğini ödəmədiyi üçün ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Sözügedən mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X4 pulun tutulması qət edilmişdir. İddiaçı hazırda ona cavabdeh tərəfindən ziyan vurulmasına istinad edərək 200.600 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutulmasını xahiş edir. Lakin məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasını təsdiq edən hallar mövcud deyildir. Belə ki, cavabdehin etirafı olsa da, iddiaçıya qeyd olunan məbləğdə cavabdeh tərəfindən zərər vurulması faktı yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə qətnaməsi əsasında ondan tutulan pul vəsaitini ödəmiş olsa idi, o zaman cavabdehdən ona vurulan ziyanı tələb etməkdə haqlı olardı. Yəni X2 Kərimovun ona qarşı dələduzluq əməli törətməsi halında müqavilə bağlanmasına məcbur olduğunu bildirməklə kifayətlənmişdir. İstinad olunan məhkəmə qətnaməsinin əsasında isə etibarlı kredit müqaviləsi dayanır. Məhkəmə iddia tələbinin digər- işsiz qaldığı müddətdə əldən çıxmış fayda şəklində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, hətta bu halda da iddiaçının məhz cavabdehin ona qarşı hüquqazidd əməli nəticəsində işsiz qalması və bununla da gəlirdən məhrum olması arasında səbəbli-əlaqənin olmasına dəlalət edən əsaslar müəyyən edilməmişdir. Odur ki, Tamara Şıxsaidova hər hansı maddi itkiyə məruz qalmadığından ona maddi ziyan dəyməsi halı mövcud deyildir. Qeyd edilənlərə istinadən hazırkı iddia ərizəsi əsaslı sayıla bilməz. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini işin hallarına uyğun hesab etmir, cavabdehin etirafı ilə iddia tələbinin əsaslı sayılması mümkün deyildir. Habelə iddia tələbi özlüyündə əsassız olduğundan iddiaçının çəkdiyi xərc olaraq vəkilə edilmiş ödəniş məbləği də cavabdehdən tutula bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5063/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5063/2025
12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver