Məhkəmə qərarları › İş №e-2(006)-511/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-511/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-511/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2022-ci il tarixli müqaviləyə xitam verilməsi və həmin müqaviləyə əsasən Cavabdeh 10.000 manat məbləğində əsas borcun onun xeyrinə tutulması; 31 avqust 2022-ci il tarixdən ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin əsas götürülməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq onun xeyrinə tutulması; onun tərəfindən məhkəməyə iddia verilməsinə görə ödənilmiş 120 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 110 manat pul vəsaitinin tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə Cavabdeh arasında 31 may 2022-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, «borc verən» «borc alana» 10.000 manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, «Borc alan» krediti 3 ay yəni 31 avqust 2021-ci il tarixindək «Borc verənə» qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 8-ci bəndinə əsasən, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 9-ci bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İddiaçı tərəfindən müqavilənin şərtləri yerinə yetirilmiş, Cavabdeh 10.000 manat məbləğində pul verilmişdir. Lakin, «borc alan» bu günə qədər müqavilə üzrə öhədliyini yerinə yetirməmiş, 31 avqust 2021-ci il tarixədək kredit məbləğini qaytarmağı öhdəsinə götürməyinə baxmayaraq bu günə kimi hər hansı pul məbləğini geri qaytarmamışdır. 31 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 31 avqust 2022-ci il tarixdən 10.000 manat məbləğində borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə olan Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə icra şöbəsi tərəfindən hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məqsədə müvafiqdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, Cavabdeh qeydiyyatda olduğu ünvana iddiaçı tərəfindən 05 sentyabr 2022-ci il tarixdə göndərilmiş pretenziya 06 sentyabr 2022-ci tarixdə təhvil alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsini o, Arona (iddiaçıya) icarəyə vermişdir ki, sonuncu orada zərgərlik mağazası açsın. Daha sonra iddiaçı ona 10.000 manat pul vermişdir ki, həmin qeyri-yaşayış sahəsini zərgərlik mağazası üçün dizayn etsin və təmir etdirsin. O da öz növbəsində həmin qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Təmir xərcləri üçün 18.000 manat pul xərclənmişdir. İddia ərizəsini 10.000 manat hissəsində qəbul edir. Çünki, iddiaçıya bu qədər borcu var. Lakin iddia ərizəsini faiz hissəsində qəbul etmir. Hər şeyin qanuni olması üçün iddiaçı ilə icarə müqaviləsi yox, borc müqaviləsi bağlamışdır. O, fiziki şəxslə müqavilə bağlamışdır. O, borc müqaviləsi bağlamışdır. Həmin qeyri-yaşayış sahəsini heç kəsə icarəyə verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri 54 saylı notariat ofisində 31 may 2022-ci il tarixdə bağlanmış 3M-287 reyestr saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 3 ay müddətinə - 31 avqust 2022-ci il tarixədək qaytarmaq şərti ilə X1 faizsiz olaraq 10.000 manat borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 3 ay müddətinə qaytarmaq şərti ilə borc alsa da, müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddianı 10.000 manat pul tələbinə dair hissədə etiraf edir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri 10.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissələrində əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədən iddiaların qaldırılması üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, hüquqi yardımın göstərilməsi haqqında 11 noyabr 2022-ci il tarixli müqavilədən və eyni tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı ona göstərilən hüquqi xidmətlərə görə «Fides» vəkil bürosunun hesabına 112 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və göstərilən hüquqi xidmətə görə ödənilmiş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında Bakı şəhəri 54 saylı notariat ofisində 31 may 2022-ci il tarixdə bağlanmış 3M-287 reyestr saylı kredit müqaviləsinə xitam verilməli, 10.000 manat borc, 120 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 110 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X3 ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsinin mahiyyətindən də göründüyü kimi, iddiaçı cavabdehə qarşı bir neçə tələb irəli sürməklə, iddiasının təmin edilməsini xahiş etmişdir. Bu tələblərin əksər hissəsi məhkəmə tərəfindən əsaslı hesab edilməklə, məhkəmə qətnaməsinin qəbul edilməsinə imkan yaratsa da, iddia tələbinin “31 avqust 2022-ci il tarixdən ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin əsas götürülməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq onun xeyrinə tutulması“ hissəsi qeyri-müəyyən olmaqla, yetərincə əsaslandırmamışdır. Habelə borc (kredit) müqaviləsindən də göründüyü kimi, borc verilərkən tərəflər onu faizləri ilə birlikdə qaytarılmasını şərtləndirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarında qeyd edilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında Bakı şəhəri 54 saylı notariat ofisində 31 may 2022-ci il tarixdə bağlanmış 3M-287 reyestr saylı kredit müqaviləsinə xitam verilsin. 10.000 manat borc, 120 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 110 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X3 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar