Məhkəmə qərarları › İş №e-2(006)-5120/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5120/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5120/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/114/5201558/150922 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 6000 (altı min) manat məbləğində krеdit vеrilmişdir. Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməlidi idi. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, Cavabdeh müqavilənin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kredtin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı "xxxx" ASC-yə olan borcu əsas məbləğ üzrə 2750,59 (iki min yeddi yüz əlli manat əlli doqquz qəpik) manat, faiz məbləği üzrə 296,72 (iki yüz doxsan altı manat yetmiş iki qəpik) manat, cərimə məbləği üzrə 175,28 (bir yüz yetmiş beş manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Cavabdeh ilə müqavilə üzrə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi barədə iddaçı tərəfindən aparılan danışıqlar heç bir fayda verməmiş və iddiaçı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/114/5201558/150922 nömrəli krеdit müqaviləsinə əsasən əsas məbləğ üzrə 2750,59 (iki min yeddi yüz əlli manat əlli doqquz qəpik) manat, faiz məbləği üzrə 296,72 (iki yüz doxsan altı manat yetmiş iki qəpik) manat, cərimə məbləği üzrə 175,28 (bir yüz yetmiş beş manat iyirmi səkkiz qəpik) manat olmaqla, ümumilikdə 3222,59 (üç min iki yüz iyirmi iki manat əlli doqquz qəpik) manat məbləğində vəsaitin və 53 (əlli üç) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada – poçt vasitəsilə göndərilməklə yanaşı, cavabdehə çatdırılması üçün xx.xx.2024-cü il tarixdə onun işlədiyi "xxxx" ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. "xxxx" ASC tərəfindən həmin sənədlər elektron qaydada cavabdehə çatdırılmış, lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. "xxxx" QSC (Borcverən/BOKT) Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/114/5201558/150922 nömrəli krеdit müqaviləsindən görünür ki, bu müqavilə üzrə Borcverən Borcalana istehlak məqsədilə 24 (iyirmi dörd) ay müddətinə, illik 18 (on səkkiz) faiz olmaqla 6000 (altı min) manat məbləğində krеdit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Borcverənə qaytarmağı öz öhdəsinə götürür. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə gecikdirilən borc məbləğinə illik 36 % olmaqla faiz hesablanır. Komissiya kredit məbləğinin 1 %-ni təşkil edir (60 manat).

7. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 5.940 manat məbləğində pul verilmişdir.

8. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" ASC qarşısında əsas borcu 2750,59 (iki min yeddi yüz əlli manat əlli doqquz qəpik) manat, faiz məbləği üzrə 296,72 (iki yüz doxsan altı manat yetmiş iki qəpik) manat, cərimə məbləği üzrə 175,28 (bir yüz yetmiş beş manat iyirmi səkkiz qəpik) manat olmaqla, ümumilikdə borcu 3222,59 (üç min iki yüz iyirmi iki manat əlli doqquz qəpik) manat təşkil edir.

10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 53 (əlli üç) manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli krеdit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə 24 (iyirmi dörd) ay müddətinə, illik 18 (on səkkiz) faiz ödəmək şərtilə 6000 (altı min) manat məbləğində krеdit vеrilmişdir (60 manat komissiya tutulmaqla 5.940 manat).

12. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

c) Məhkəmənin mövqeyi:

13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.

14. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur.

15. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə əsas və faiz borcuna münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir.

16. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, 15 sentyabr 2022-ci il tarixli, KM/114/5201558/150922 nömrəli krеdit müqaviləsi üzrə tələb edilən cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilərək, 175,28 manat cərimənin məbləği 140 manat məbləğinədək azaldılmalıdır.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddə. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddə. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 739.1-739.2-ci maddə. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddə. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.750,59 (iki min yeddi yüz əlli manat əlli doqquz qəpik) manat əsas, 296,72 (iki yüz doxsan altı manat yetmiş iki qəpik) faiz, 140 (bir yüz qırx) manat cərimə borcu olmaqla, cəmi 3.187,31 (üç min bir yüz səksən yeddi manat otuz bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

20. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2.750,59 (iki min yeddi yüz əlli manat əlli doqquz qəpik) manat əsas, 296,72 (iki yüz doxsan altı manat yetmiş iki qəpik) faiz, 140 (bir yüz qırx) manat cərimə borcu olmaqla, cəmi 3.187,31 (üç min bir yüz səksən yeddi manat otuz bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar