Məhkəmə qərarları › İş №e-2(006)-514/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-514/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-514/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı “X3” ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X3” ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,50% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 17 oktyabr 2023, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 4171,1 manat əsas, 1082,31 manat faiz, 80,62 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5334,03 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4171,1 manat əsas, 1082,31 manat faiz, 80,62 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5334,03 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 73,93 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan 01U/21 saylı, xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29.5% ödəmək şərtilə 4500 manat məbləğində kredit xətti açılmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Aidiyyəti məhkəmə orqanına ünvanlanan Arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 1205nkİNSHb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 4171.1 manat əsas borc, 1082.31 manat faiz borcu, 80.62 manat məbləğində cərimə borcu, ümumilikdə 5334.03 manat məbləğindədir. Mülki işin materiallarında olan 18 may 2023-cü il tarixli Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx.xx.2023-cü il tarixə 4171.10 manat əsas, 581.84 manat faiz, 10.12 manat cərimə, cəmi 4763.06 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan 18 may 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcunun olması barədə qabaqcadan xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 73.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 01U/21 saylı, xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29.5% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixinə «X3» Açıq Səhmdar Cəmiyyətinə 4171.1 manat əsas, 1082.31 manat faiz, 80.62 manat cərimə borcu olmaqla, cəmi 5334.03 manat məbləğində borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2023-cü il tarixinə «X3» Açıq Səhmdar Cəmiyyətinə 4171.1 manat əsas, 581.84 manat faiz, 10.12 manat cərimə borcu olmaqla, cəmi 4763.06 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tarixli, 12054nkİNSHb/22 saylı kredit müqaviləsinə əsasən borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01U/21 saylı, xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən 4171.10 manat əsas, 581.84 manat faiz, 10.12 manat cərimə borcu olmaqla, ümumilikdə 4763.06 manat məbləğində borc alınaraq iddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 73.93 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 01U/21 saylı, xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən 4171.10 (dörd min yüz yetmiş bir manat, on qəpik) manat əsas, 581.84 (beş yüz səksən bir manat, səksən dörd qəpik) manat faiz, 10.12 (on manat, on iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4763.06 (dörd min yeddi yüz altmış üç manat, altı qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 73.93 (yetmiş üç manat, doxsan üç qəpik) manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar