Məhkəmə qərarları › İş №e-2(006)-5236/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5236/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5236/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istehlak krеditi müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istehlak krеditi müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00001EX0268 №-li istehlak krеditi müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1226,12 manat məbləğində qalıq, ona hesablanmış 179,20 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 242 manat məbləğində dəbbə pulu, cəmi 1647,32 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 36.48 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5210/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı BOKT ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq iddia ərizəsinə əlavə edilsə də, bu xəbərdarlıq yalnız borcun ödənilməsi tələbi ilə əlaqədar olduğundan, iddia tələbinin “xx.xx.2021-ci il tariхli, 2021/00001EX-0268 №-li istehlak krеditi müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı iddiaçı tərəfindən qanunamüvafiq qaydada mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair cavabdehlərə müraciət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, İddiaçı BOKT ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 36,48 (otuz altı manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hazırda İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istehlak krеditi müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5210/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qərardadında göstərilən nöqsanları aradan qaldırmamış, təkrar olaraq mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair xx.xx.2022-ci il tarixli eyni məzmunlu xəbərdarlığı iddia ərizəsinə əlavə etmiş, iddia tələbinin “xx.xx.2021-ci il tariхli, 2021/00001EX-0268 №-li istehlak krеditi müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı iddiaçı tərəfindən qanunamüvafiq qaydada mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair cavabdehlərə müraciət edilməsi barədə xəbərdarlıq iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbz əlavə edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbz iddiaçı tərəfindən e-2(006)-5210/2022 saylı işdə də istifadə edilmiş, məhkəmənin e-2(006)- 5210/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alındığından, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-152.1.6 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istehlak krеditi müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar