Məhkəmə qərarları › İş №e-2(006)-527/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-527/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-527/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus «Hyundai Elantra» minik markalı 77SL-024 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 191,90 manat, Cavabdeh1 dəymiş maddi zərərə görə 19.635 manat, həmin məbləğin gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu üzrə 109 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 650 manat, həmçinin ödənilmiş dövlət rüsumu 150 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 11:20-də İddiaçı ona məxsus «Hyundai Elantra» minik markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi ilə hərəkət edib yol ayırıcına daxil olan zaman sol tərəfdən «Toyota Prius» minik markalı 77BV-746 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol hərəkəti nişanının tələbini pozaraq yol ayırıcına düzgün daxil olmayıb qarşısına çıxaraq İddiaçı məxsus avtomobilə dəymiş və «Toyota Prius» minik markalı avtomobil zərbədən istiqamətini dəyişərək qarşıda yol ayırıcında dayanmış vəziyyətdə olan «Lada Priora» minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hisəsinə dəymişdir. Daha sonra Bakı şəhər DYPİ YNH baş inspektoru polis mayoru X1 Səid Məmməd oğlu barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXP seriyalı ******* nömrəli İnzibati Xəta haqqında protokol tərtib etmişdir. Qeyd edilmişdir ki, «Hyundai Gənclik» servis tərəfindən verilmiş qüsur aktından göründüyü kimi İddiaçı dəymiş zərər ümumilikdə 24.635 manat məbləğində təşkil edir. Yol nəqliyyat hadisəsinə görə "xxxx" ASC icbari sığorta məbləği 5.000 manat olduğu halda 4.808,10 manat məbləğində pul ödəmişdir. İddiaçı avtomobilinin qalan təmir xərcləri "xxxx" ASC-nin (191,90 manat) və Cavabdeh1 (19.635 manat) üzərinə düşür. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Qeyd olunan tarixdən bu günə kimi iddiaçı avtomobilsiz hərəkət etmiş, taksi və digər sərnişin nəqliyyatından istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 dəymiş maddi ziyanla birlikdə həmin məbləğin gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu üzrə 109 manat da tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunan vaxt üçün hesablanan faiz borcunu sadə qaydada riyazi hesablama aparmaqla ((əsas borc/100*5)/360 yəni gecikdirilmiş 1 gün üçün faiz borcunu tapmaqla və yaranmış məbləği ümümi gecikdirilmiş günlərin sayına vurmaqla) müəyyən etmək mümkündur. Bu qaydada aparılmış hesablama ((19.635 / 100 x 5) / 360= 2.72 - 1 gün üzrə faiz borcu) nəticəsində 1 gün üçün yaranmış faiz borcunun olduğu müəyyən edilir. Bu məbləğ də gecikdirilmiş günlərin sayına vurulduqda (2.72 X 40 = 109 manat) xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə yaranmış, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun 109 manat təşkil etdiyi görünür. İddiaçı məxsus avtomobil ideal vəziyyətdə olub heç bir problemi olmamışdır. Cavabdeh1 iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Dəymiş zərərlə bağlı olaraq iddiaçı dəfələrlə Cavabdeh1 müraciət etmişdir. Lakin cavabdeh maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı addım atmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rafael Quliyev məhkəməyə xx.xx.2025-ci il tarixli mülahizə göndərmiş və mülahizədə qeyd etmişdir ki, ** BV *** dövlət qeydiyyat nişanlı «Toyota Prius» (Hibrid) markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə ** BV *** dövlət qeydiyyat nişanlı «Toyota Prius» (Hibrid) markalı, ** SL *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı, ** NU *** dövlət qeydiyyat nişanlı «Lada Priora» markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhər DYPİ-nin təqdim etdiyi «Forma 4»ə əsasən: ** BV *** dövlət qeydiyyat nişanlı «Toyota Prius» (Hibrid) – təqsirli olan tərəf; ** SL *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» – zərərçəkən tərəf; ** NU *** dövlət qeydiyyat nişanlı «Lada Priora» – zərərçəkən tərəf. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq hər bir zərərçəkənə dəymiş zərər qiymətləndirilmiş, ümumi məbləğ sığorta məbləğini (5000 AZN-i) aşdığına görə mütənasiblik (proporsionallıq) tətbiq olunmuş, hər bir zərərçəkənə həyata keçirilməli olan sığorta ödənişinin məbləği barədə detallı məlumat verilmişdir: Mütənasib ödəniş cədvəli: Zərərçəkən 1 - ** SL ***; Zərərin həcmi 7642; Ümumi zərərdə payı 96.16%; Sığorta ödənişi 4808.10; Zərərçəkən 2 - ** NU ***; Zərərin həcmi 305; Ümumi zərərdə payı 3.84%; Sığorta ödənişi 191.90; Ümumi zərər 7947; Ümumi pay 100%; Ümumi ödəniş 5000. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi həyata keçirilir. ** SL *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği və sığorta ödənişi məbləği ilə bağlı "xxxx" ASC ilə İddiaçı arasında razılıq əldə olunmuş, İddiaçı 4808 manat məbləğində sığorta ödənişinin onun şəxsi bank hesabına köçürülməsi ilə bağlı ərizə yazmış, İddiaçı təqdim etdiyi bank hesabına 4808 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən ərizədə «Razılaşıram ki, sığortaçı sığorta ödənişini həyata keçirməklə sığorta hadisəsi üzrə bütün öhdəliklərini tam və əskiksiz şəkildə icra etmiş hesab olunur və cari sığorta hadisəsi üzrə gələcəkdə sığortaçıya qarşı hər hansı iddia və ya sığorta tələbi irəli sürməyəcəkdir» məzmununda müddəa mövcuddur və İddiaçı bu müddəa ilə tanış olmuş, razılığını öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın ASCyə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, iddia ərizəsində təsvir edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilsin. - «Hyundai Gənclik» servis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, «Hyundai Elantra» markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün 24.635 manat pul vəsaiti tələb olunur. - 15.08.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı adına olan hesaba (Yelo Bank ASC Xalqlar filialı) 4.808,1 manat sığorta ödənişi köçürülmüşdür. - 06.09.2024-cü il tarixli online ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün «İsmayılbəyli və Partnyorları» Vəkil Bürosuna 650 manat ödəniş edilmişdir. - 06.09.2024-cü il tarixli 65114083 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9814 saylı ekspert rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabilli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 23.500 manat olmuş 2018-ci il buraxılışlı, tünd boz metallik rəngli, «Hyundai Elantra» markalı ** SL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 16.450 (23.500 manat – 30 %) manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015ci il tarixli 422 saylı məktubuna göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2018-ci il buraxılışlı, tünd boz metallik rəngli, «Hyundai Elantra» markalı ** SL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bərpası məqsədi ilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(006)- 4615/2024 saylı mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında təqdim olunmuş sübutların məcmusu ilə müəyyən edildi ki, iddiaçının idarə etdiyi avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş, "xxxx" ASC müvafiq hesablama apararaq sığorta münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləriə riayət etməklə müvafiq sığorta ödənişi icra etmişdir. Ödənilmiş sığorta məbləği avtomobilin tam təmir edilməsinə kifayət etməməsi "xxxx" ASC-yə əlavə tələblər irəli sürülməsinə hər hansı qanuni əsas vermir. Belə tələb irəli sürülürsə təmin edilə bilməz. Ona görə də, hazırki iddia sığorta şirkətinə münasibətdə əsaslı deyil. Ekspert rəyindən göründüyü kimi, avtomobilə vurulmuş ziyan 16.450 manat təşkil edir. Dəymiş zərərin ümumi məbləği sığorta məbləğini aşdığı üçün sığorta şirkəti tərəfindən mütənasiblik (proporsionallıq) tətbiq edilərək iddiaçıya ödədiyi 4.808,1 manat sığorta ödənişi nəzərə alındıqda, avtomobilin tam təmir edilməsi üçün qalan vəsait 11.450 manat təşkil edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçıya məxsus avtomobilə maddi zərər vurulmuşdur. Bu səbəbdən, qanunvericiliyin tələblərinə görə 11.450 manat maddi ziyan yolnəqliyyat hadisəsini törədən şəxs olan Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11.450 manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 88 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Hüquqi yardıma görə vəkilə ödənilmiş 650 manat xidmət Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11.450 manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 88 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə vəkilə ödənilmiş 650 manat xidmət Cavabdeh1 tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar