Məhkəmə qərarları › İş №e-2(006)-531/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-531/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-531/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 500 manat, ümumilikdə isə 1000 manat məbləğində alimentin xx.xx.2024-cü il tarixdən Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4278/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda 320 manat aliment övladlarının ehtiyaclarını ödəmək üçün yetərli deyil. Qızı xx.xx.2007-ci il təvəllüdlü X3 Bakı Dövlət Universitetinin Kompüter Elmləri fakültəsinə daxil olmuşdur. Hazırda İ kurs universitet tələbəsi olan bir gəncin xərclərinin kifayət qədər olduğu hamıya məlumdur. Həmçinin digər övladı Akif Yusifzadə isə 9-cu sinifdə oxuyur və artıq Universitetə qəbul olmaq üçün repetitor yanında hazırlaşır. Yəni onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb yalnız övladlarının qida ehtiyaclarını qarşılamaq deyildir. Onların təhsilli, savadlı şəxs kimi yetişmələri üçün cavabdehin maddi dəstəyi zəruridir. Buna görə də tərəfindən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məlumat üçün bildirir ki, ərizəyə əlavə edilmiş mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən və poçt qəbzindən də göründüyü kimi, tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı təklif cavabdehə xx.xx.2024-cü il tarixində göndərilmişdir. Yəni xx.xx.2024-cü il tarixdən etibarən cavabdehdən aliment tələb etsə də, Cavabdeh onu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən tutulacaq aliment məbləği xx.xx.2024-cü il tarixdən etibarən hesablanmalıdır. Məhkəmə icraatının gedişində İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edib, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4278/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 500 manat, ümumilikdə isə 1000 manat məbləğində alimentin xx.xx.2024-cü il tarixdən Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının MPM-nin 53-cü maddəsinə istinadən verdiyi ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4278/2019 nömrəli, xx.xx.2019-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda 320 manat aliment uşaqların ehtiyaclarını ödəmək üçün yetərli deyil. Qeyd etmək istəyir ki, Cavabdeh diş həkimidir və kifayət qədər yüksək gəliri var. Hətta Cavabdeh diş həkimi olaraq implant əməliyyatları həyata keçirir. Hər kəsə məlumdur ki, diş həkimlərinə olan tələbat səbəbi ilə implant əməliyyatları da yüksək gəlir gətirən sahədir. Bundan başqa bildirmək istəyir ki, Cavabdeh instagram sosial şəbəkəsində "asif akifoğlu" istifadəçi adı ilə hesabı, bu hesabının təxminən 20500 izləyicisi var və bu hesabda öz həkimlik fəaliyyəti ilə bağlı paylaşımlar edir. Paylaşımlardan da göründüyü kimi, onun kifayət qədər pasiyenti var. Bu da onun yüksək gəliri olduğunun göstəricisidir. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, Cavabdeh övladlarına hər ay cəmi 1.000 manat məbləğində aliment verəcək qədər maddi imkanı vardır. İmplant əməliyyatları həyata keçirən bir diş həkiminin məlumdur ki, təxminən ən azı 5000 manat aylıq gəliri olur. Bundan başqa tərəfindən ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan da göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 24 ünavanında yerləşən qeyriyaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh sahibi olduğu və fəaliyyət göstərdiyi “AFDENT" diş klinikası da həmin qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşir. Yəni Cavabdeh ətdə etdiyi gəlirdən icarə haqqı belə ödəmir. Əksinə həmin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini icarəyə vermişdir. Belə ki, tərəflərindən ərizəvə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, həmin qeyri-yaşayış sahəsinin bir hissəsi tədris mərkəzi kimi icarəyə verilmişdir. Sadəcə tərəflər arasındakı müqavilə rəsmiləşdirilmədiyi üçün vəkil sorğusuna verilən cavab məktubunda qeyd olunan əmlakın icarə hüququ ilə qeydiyyatdan keçdiyi ilə bağlı məlumat olmadığı qeyd edilmişdir. Yəni cavabdehin əlavə gəlir mənbəyi də mövcuddur. Ərizədə qeyd edilən digər məlumatlar iddia tələbi ilə eynilik təşkil etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edirlər. Qarşı tərəf Cavabdeh gəlirləri barədə heç bir sübut təqdim etməyib. Onlar alimentin 235 manatdan hesablanaraq ödənilməsinə etiraz etmirlər. Qətnamənin qəbul edilməsi zamanı göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndə və vəkillərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 4278/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlanmış və İsmayıllı RİHB-nın Mican İnzibati Ərazi Bölgüsü üzrə Nümayəndəliyində 35 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 cavabdeh İddiaçı yanında saxlanılması, uşaqların saxlanılması üçün Cavabdeh hər uşağa hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin xx.xx.2019-cu il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/2-00870 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən alimentin artırılması barədə xx.xx.2024-cü il tarixə, saat 14:00-a təyin edilmiş mediasiya sessiyasında İddiaçı iştirak etsə də, qarşı tərəf (Cavabdeh) iştirak etməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Cavabdeh adına bağlanmış əmək müqaviləsi aşkar edilməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı adına bağlanmış əmək müqaviləsi aşkar edilməmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh adına İsmayıllı rayonu İsmayıllı kəndində ümumi sahəsi 238.7 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə payda və Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi birgə payda olan 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN 1059 nömrəli xx.xx.2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və həmin kənddə yerləşən ümumi birgə payda olan 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid JN-1376A nömrəli 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd olunan əmlakların hər hansı şəxsin adına icarə hüququ ilə qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Cavabdeh adına açılmış VÖEN ********** üzrə AFDENT-Stomatoloji kabinet adlı müəssisənin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. - Məhkəmənin sorğusu əsasında daxil olmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna görə uçot baza məlumatlarına əsasən vergi ödəyicisi Cavabdeh (VÖEN **********) tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə gəlir məbləği 4885 manat təşkil etmişdir. Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğu bildirilmişdir. - Məhkəmənin sorğusu əsasında daxil olmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna görə uçot baza məlumatlarına əsasən vergi ödəyicisi Cavabdeh (VÖEN **********) tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannamələri məlumatlarına əsasən 2020-ci il üzrə 11650 manat, 2021-ci il üzrə 6300 manat, 2022-ci il üzrə 10000 manat və 2023-cü il üzrə 4885 manat gəlir məbləğinin olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər daha öncədən rəsmi nikah münasibətlərində olmuş, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmiş, lakin 2019-cu il tarixdə nikah münasibətlərinə son qoymaq qərarına gəldikləri üçün Cavabdeh müraciəti əsasında məhkəmənin 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Qətnamə ilə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların ananın himayəsinə verilməsi və hər bir uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin tutulmalı olması qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki iddia tələbi daha öncədən məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləğinin dəyişdirilməsi (artırılması) barədədir. İddiaçı uşaqların tələbatlarının artmasını, onlardan birinin tələbə olmasını, digərinin isə tələbə adı qazanmaq üçün hazırlıqlara getməsini və sair əsas gətirib qət edilmiş aliment məbləğinin uşaqların xərclərini qarşılamaq üçün yetərli olmamasını bildirmişdir. İddiaçı tələbinin əsası kimi cavabdehin yüksək gəlirə malik olmasına istinad etmişdir. Cavabdeh iddia tələbi ilə qismən razı olmasını, ondan tələb edilən məbləğdə deyil, bir uşaq üçün 235 manat məbləğində aliment ödəmək imkanına malik olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İddia tələbi üzrə məhkəmənin gəldiyi nəticəyə keçid etməmişdən öncə qeyd edilməlidir ki, hazırki tələb Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına müvafiq olaraq iddia icraatı qaydasında baxılıb həll edilməlidir. Belə ki, qərarda ifadə edilmiş yekun mövqe ondan ibarətdir ki, verilmiş tələb aliment məbləğinin ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumunun artımına uyğun təyin edilməsi barədədirsə, həmin tələbə icra icraatı qaydasında, Ailə Məcəlləsinin 112-ci maddəsinə istinadən verildiyi halda isə iddia icraatı qaydasında baxılıb həll edilməli olmasını nəzərdə tutur. Göründüyü kimi, iddia ərizəsinin məhkəməyə daxil olduğu dövrdə yaşayış minimumu uşaqlar üçün 235 manat, hazırda isə 246 manat məbləğində müəyyən edildiyi halda, iddiaçının tələbi hər uşağa görə 500 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində aylıq alimentin tutulması barədədir. Yəni, daha dəqiq deyilsə, tələb, kifayət qədər gəlirə malik olduğu, maddi imkanının yüksək olduğu halda cavabdehin ödədiyi aliment məbləğinin uşaqların saxlanması üçün yetərli olmaması ilə əlaqədardır. Belə ki, cavabdehin yeni klinikada diş həkimi kimi işləməsini, bununla da sonuncunun maddi vəziyyətində dəyişiklik olmasını, eləcə də, uşaqlarının təhsil alması ilə bağlı iddiaçının xərclərinin artması nəticəsində özünün maddi vəziyyətində çətinliklərin yaranmasını qeyd edərək, faktiki olaraq Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad edib, iddia tələbi ilə müraciət etmişdir. Bu səbəbdən iddia tələbinə iddia icraatı qaydasında baxılması mümkün hesab edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İddia tələbinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarətdir ki, sübutların məcmusu iddia tələbini qismən təmin etməyə imkan verir. Göründüyü kimi, qanuni qüvvəsini almış qətnamə ilə hər bir uşağa görə 160 manat sabit pul məbləğində alimentin ödənilməli olması qət edilmişdir. Qətnamə 2019-cu il tarixə aiddir. Hazırda iddiaçının himayəsində olan uşaqlardan biri tələbə adını qazanmış, ali təhsil müəssisəsində təhsil alır və bu ilin oktyabr ayında yetkinlik yaşına çatacaqdır. Digər uşaq isə 9-ci sinif şagirdidir. İddiaçının bildirdiyinə görə o, da öz növbəsində tələbə adı qazanmaq məqsədilə bu yolda irəliləyir. Məhkəmənin qənaətinə görə yaşayış standartları dəyişdiyi halda 2019-cu il tarixə uyğun təyin edilmiş aliment məbləği uşaqların hazırki tələbatlarını ödəmək üçün yetərli deyildir. Belə ki, həmin dövrlə müqayisədə uşaqların yaşı artmış, yaşı artdıqca gündəlik tələbatlarını ödəmək də iddiaçı üçün ağır yükə çevrilmişdir. Bu səbəbdən uşaqların yaşı, təhsil müəssisələrində təhsil alması, normal qidalanması, geyim və digər bu cür maddi xərclərinin ödənilməsi baxımından təyin edilmiş aliment məbləği dəyişdirilməlidir. Baxmayaraq ki, ölkə üzrə uşaqların üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği 2025-ci il üçün 246 manat təşkil edir, aidiyyəti qurumlardan daxil olmuş məktublarla cavabdehin gəlirinin dəyişkən olduğu, 2023-cü illə müqayisədə ötən illərə görə daha yüksək olduğu müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,75 misli həddində sabit pul məbləğində aliment tutulması daha ağlabatan hesab edilir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Digər tərəfdən, iddia tələbinin təmin edilməyən, yəni hər uşağa görə aylıq 500 manat olmaqla, cəm şəklində 1000 manat alimentin tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin gəliri iddia tələbində göstərilən qədər yüksək deyildir. Həmçinin, uşaqların saxlanmasında hər iki valideyn iştirak etməli, maddi xərcləri ödəmək vəzifəsi bir valideynə həvalə edilməməlidir. Son olaraq alimentin mediasiya müraciət edildiyi tarixdən etibarən tutulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin məsələyə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.11-1-ci bəndi ilə aydınlıq gətirilmiş, artırılmış aliment məbləğinin məhkəməyə müraciət edildiyi vaxtdan etibarən tutulmalı olması barədə mövqe sərgilənmişdir. Bu səbəbdən aliment xx.xx.2024-cü il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar