Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5334/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Binəqədi icra və probasiya şöbəsinə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Binəqədi icra və probasiya şöbəsinə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə xx.xx.2020-ci il tarixli AXNPU-1479 saylı və AXKRK-0142 KMP saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi Cavabdeh ASC-yə qarşı hissədə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, digər cavabdeh Binəqədi icra və probasiya şöbəsinə qarşı hissədə isə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1883/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X1 və X2 15 may 2019-cu il tarixli, AXNPU-1479_KMP saylı müqavilə üzrə 4454,02 manat əsas, 30,24 manat faiz, 15 may 2019-cu il tarixli, AXKRK-0142_KMP saylı müqavilə üzrə isə 660,66 manat əsas, 5,04 manat faiz borcu olmaqla ümumilikdə 5149,96 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minməklə icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 saylı qərardadının 53-cü maddəsinə əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırkı iddianın predmeti xx.xx.2020-ci il tarixli AXNPU-1479 saylı və AXKRK-0142 KMP saylı zaminlik müqavilələri təşkil edir. İddiaçı bu müqavilə üzrə zaminlik öhdəliyinə xitam verilməli olmasını bildirsə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1883/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə məhz sözügedən zaminlik müqaviləsi üzrə onun məsuliyyəti, müqavilədən irəli gələn öhdəliyi məhkəmə qaydasında təsbit olunmuşdur. Yəni, hazırkı iddianın predmetini təşkil edən əqdin etibarlılığı və həmin əqd üzrə tərəfin öhdəlik daşıması öz təsdiqini tapmışdır. Elə buna görə də, həmin əqdin yenidən ayrı bir icraatda yoxlanılması yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan əlavə, iddia ərizəsindən görünür ki, cavabdeh qismində “Binəqədi icra və probasiya şöbəsi” qeyd edilsədə, iddia ərizəsində ona qarşı yönələn bir tələb müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, ərizədə “Binəqədi icra və probasiya şöbəsi” cavabdeh kimi göstərilsə də, konkret olaraq onaa yönələn bir tələb mövcud deyil. Belə ki, iddia ərizəsində iddiaçı zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını aydınlaşdırmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən (mədaxil qəbzi № **********) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Binəqədi icra və probasiya şöbəsinə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbi barədə iddia ərizəsinin Cavabdeh ASC-yə aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh Binəqədi icra və probasiya şöbəsinə qarşı hissədə geri qaytarılsın. İddiaçıya həmin hissədə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat mədaxil qəbzi № **********) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-5334/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5334/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver