Məhkəmə qərarları › İş №e-2(006)-534/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-534/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-534/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 aprel 2012-ci il tarixli, 2(001)-809/2012 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan anadan olmuş X3 və X5 onun yanında saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2012-ci il tarixli qətnaməsi ilə (2(103)-3981/2012) Cavabdeh şikayəti təmin edilməyib, Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2013-cü il tarixli qərarı ilə (2(102)-103/2013) Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Binəqədi rayon məhkəməsinin 2(001)-4128/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 93 manat – cəmi 186 manat aliment təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2013-cü il tarixli, 2(103)- 4457/2013 saylı qətnaməsi ilə Cavabdeh şikayəti təmin edilməmiş, Binəqədi rayon məhkəməsinin 2(001)-4128/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Hal-hazırda X9 və X4rının 14 yaşı var. Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdik ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh ancaq yenidən Nəsimi rayonu tərəfindən məhkəməyə çıxarıldıqdan sonra ödəmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda anasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək valideyn olaraq iddiaçıya çox çətindir. Daha sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X6 və X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdeh - Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclası barədə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı, 228236 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 228233 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 aprel 2012-ci il tarixli, 2(001)-809/2012 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 685 sayla bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş X3 və X5 atalarının yanında saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2012-ci il tarixli, 2(103)-3981/2012 saylı qətnaməsinə əsasən, Cavabdeh şikayəti təmin edilməyib, Binəqədi rayon Məhkəməsinin 25 aprel 2012-ci il tarixli, 2(001)-809/2012 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2013-cü il tarixli, 2(102)-103/2013 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2012-ci il tarixli, 2(103)-3981/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2013-cü il tarixli, 2(103)-4457/2013 saylı qətnaməsi ilə Cavabdeh şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli, 2(001)- 4128/2013 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli, 2(001)-4128/2013 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə ayda 93 manat –cəmi 186 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşaqların daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsində artıq olmasını müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflərin doğulmuş uşağın saxlanılması üçün alimentin miqdarının artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2019-cu il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onların maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməsə də, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Odur ki, əvvəlki məhkəmə qətnaməsi ilə hər ay 93 manat aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin bir neçə dəfə artırılaraq 2023-ci il üzrə 220 manata çatdırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, iddiaçının hazırkı iddia tələbi məhkəməyə müraciət etməsini haqlı hesab edir. Məhkəmə bir daha qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi isə həm Konstitusiyada, həm Ailə Məcəlləsində, həm də uşaq hüquqları haqqında yerli və beynəlxalq qanunlarda imperativ qaydada nəzərdə tutulmuşdur. Lakin, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə də mütənasib olsun. Ailə Məcəllənin 78.2-ci maddəsi də müəyyən edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə olan halda, iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilməsə də məhkəmə, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4128/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2008 təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər uşaq üçün hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4128/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar