Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-541/2023 27.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 40200 (qırx min iki yüz) manat və ödənilmiş 211 (iki yüz on bir) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə (dəqiqləşmə) təqdim edərək Cavabdeh tapşırıq və xidmət müqavilələri üzərinə götürdüyü öhdəlikləri vicdanla düzgün və vaxtında icra etmədiyinə görə ona vergi orqanları tərəfindən tətbiq edilmiş 114819,85 (yüz on dörd min səkkiz yüz on doqquz manat səksən beş qəpik) manat vəsaitin maddi zərər kimi qiymətləndirilərək, habelə dövlət rüsumuna görə ödənilmiş 405 (dörd yüz beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2010-cu ildən etibarnamə əsasında onun sahibkarlıq fəaliyyəti üzrə mühasibatlıq işlərini aparmışdır. Etibarnaməyə və aralarında olan şifahi müqaviləyə əsasən cavabdeh onun sahibkarlıq fəaliyyəti göstərdiyi dövr ərzində vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, işçilərlə bağlı əmək müqaviləsi bildirişlərini elektron inormasiya sisteminə daxil edilməsi və s. xidmətlərin göstərilməsini öhdəsinə götürmüş, bunun müqabilində xidmət haqqı almışdır. Dövlət Vergi Xidmətinin yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0723 nömrəli və **********0722 nömrəli qərarları əsasında onun sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Qədirxum” kafesində və “Qədirxum” şirniyyat məmulatları obyektində plandankənar (növbədənkənar) operativ yoxlama keçirilmişdir. Yoxlama nəticəsində hər iki obyekt üzrə 10 nəfər olmaqla ümumilikdə 20 nəfər şəxslə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsi halı aşkar edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 006491 nömrəli və DVX seriyalı 006490 nömrəli aktlar tərtib edilmişdir. Yuxarıda qeyd olunan aktlara baxılması nəticəsində xx.xx.2022-ci il tarixli **********1617 nömrəli və xx.xx.2022-ci il tarixli **********1940 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında” Qərarlar qəbul edilmiş və həmin qərarlar əsasında ona 40000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, Cavabdeh öz üzərinə düşən öhdəlikləri vaxtında icra etməmiş və nəticədə onun sahibkarlıq fəaliyyətində ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, onun sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə çalışan işçilərlə əmək müqaviləsi bağlanması üçün müvafiq sənədlər vaxtında cavabdehə təqdim olunmasına baxmayaraq, işçilərlə bağlı əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə vaxtında daxil edilməmiş və nəticədə 40000 manat cərimə olunmama səbəb olmuşdur. Bundan əlavə təqdim olunmalı vergi hesabatlarını Vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada təqdim edilmədiyindən əlavə olaraq 200 manat cərimə tətbiq edilmişdir. Bütün bunlar onu göstərir ki, cavabdeh ona iddiaçının etibar etdiyi səlahiyyətlərdən istifadə etmiş, öz üzərinə düşən öhdəlikləri vaxtında icra etməmişdir. Bunun nəticəsində iddiaçıya 40200 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçı ilə əmək münasibətində olmamışdır. Aralarında tam maddi məsuliyyət haqqında müqavilə də, olmamış və hazırda da, yoxdur. Deməli, iddiaçının işçiləri ilə əmək müqaviləsini bağlamaq və rəsmiləşdirmək kimi əmək funksiyası, vəzifə öhdəliyi olmamışdır. İddiaçı ilə aralarında heç bir mülki müqavilə münasibəti olmamışdır. İddiaçının işçiləri ilə əmək müqaviləsini bağlamaq və rəsmiləşdirmək kimi müqavilə öhdəliyi də, olmamışdır. İddiaçıya qarşı delikt də, yoxdur. Belə ki, cavabdeh iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əmələ yol verməmişdir. İddiaçının istinad etdiyi ona verdiyi etibarnamə ilə əlaqədar bildirmişdir ki, iddiaçı cavabdehə etibarnaməni təhvil verməmişdir. İddiaçının ona verdiyi etibarnamədə onun adından əmək müaviləsi bağlamaq səlahiyyəti verilməmişdir. Asan imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir və ona görə də, iddiaçı özünə məxsus gücləndirilmiş elektron imza vasitəsini ona verməmiş, həmişə özü istifadə etmişdir. Ona görə də, elektron informasiya sistemində əmək müqavilələrinin qeydiyyatını yalnız özü apara bilərdi və digər işçilərə münasibətdə də, bunu özü şəxsən etmişdir. Bundan başqa iddiaçı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilməsi və həmin qərarlar əsasında iddiaçıya 40000 manat maliyyə sanksiyası tətbiq edilməsini qeyd etsə də, 40000 manat maliyyə sanksiyasını ödəməsini təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmişdir. İddiaçının məkəməyə təqdim etdiyi qərarlarda iddiaçı özü təqsirli bilinmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən iddianın əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin fevralın ayının 1-dən “Qədirxum” iaşə obyektində işləyir, orada şirniyyat bişirir. Taleh müəllimi tanıyır. Uzun illərdir ki, o, orada işləyir. O, həmin şirniyyat evinə gələndən Taleh müəllim orada işləyir. Sistemə salınmamışdır. Maliyyə işlərini Taleh müəllim aparırdı. Sənədləri yığıb mühasibə verirdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin 18 avqust tarixindən etibarən “Qədirxum” şirniyyat evində administrator işləyir. Müqavilə olmadan işləmişdir. Əmək haqqısını kartdan alırdı. Onu işə Tağı müəllim götürmüşdür, lakin əmək münasibətləri mühasibatlıqda həyata keçirilirdi. Mühasibatlıqda Taleh müəllim otururdu. İşi ilə bağlı sənədlərini yığıb verirdi ki, həmin vaxtı vergi yoxlamağa gəlmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********1617№-li və xx.xx.2022-ci il tarixli, **********1940№-li Qərarlardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Mülki işin materiallarında olan 10 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən (№**********) görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 211 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən əlavə olaraq 194 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus “Qədirxum” kafesində və “Qədirxum” şirniyyat məmulatları obyektində keçirilmiş yoxlama nəticəsində hər iki obyekt üzrə 20 nəfər şəxslə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsi halı aşkar edilmiş, bununla bağlı olaraq xx.xx.2022-ci il tarixli, **********1617№-li və xx.xx.2022-ci il tarixli, **********1940№-li Qərarlarla vergi ödəyicisi olan İddiaçı 40000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı ona tətbiq edilən maliyyə sanksiyasının səbəbi kimi Cavabdeh tərəfindən müqavilə əsasında üzərinə götürülən öhdəliklərin yerinə yetirilməməsini və nəticədə ona maddi ziyanın vurulması iddia edir. Məhkəmə ilk növbədə iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin olubolmamasına hüquqi qiymət verərək hesab edir ki, hazırda iddiaçı cavabdehlə aralarında əmək münasibətinin olması barədə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarına bununla bağlı iddiaçı tərəfindən əlavə edilən müxtəlif şəxslərin izahatları ilə bağlı məhkəmə qeyd edir ki, həmin izahatlar məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, izahatları yazanlar iddiaçıya məxsus obyektlərdə çalışan işçilərdir və həmin izahatların da, iddiaçının təkidi olmadan sərbəst şəkildə yazılması şübhə doğurur. Digər tərəfdən, iddiaçı cavabdehə etibarnamə verdiyini və həmin etibarnamə əsasında cavabdehin vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, işçilərlə bağlı əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil edilməsi və s. xidmətlərin göstərilməsini öz öhdəsinə götürdüyünü iddia etsə də, məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixli etibarnamələrin surətlərindən görünür ki, həmin etibarnamələrdə ümumiyyətlə vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, işçilərlə bağlı əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil edilməsi və s. xidmətlərin göstərilməsi nəzərdə tutulmamışdır. Bundan başqa etibarnamə şəxsə hər hansı hərəkətləri etməsi ilə bağlı hüquq versə də, etibarnamə verilmiş şəxsin üzərinə hər hansı öhdəlik qoyulmasına səbəb olur. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu iddia etsə də, bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-541/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-541/2023
27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver