Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5618/2025 26.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı «icra qeydinin ləğvi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-18989 reyestr nömrəli borcun tutulması haqqında İcra Qeydinin ləğv edilməsi və Cavabdeh1 aldığı 2800 manat pulu borcun ödənilmiş hesab edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh1 ilə aralarında bağlanmış Bakı şəhəri 14 saylı Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2024-ci il tarixli, 3M-1761 reyestr nömrəli Borc müqaviləsinə əsasən, Cavabdeh1 2800 manat pulu borc almışdır. Borcu xx.xx.2024-cü il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Bildirir ki, həmin borc məbləğini artıqlaması ilə Cavabdeh1 əri X1 hesabına ödəmişdir. Lakin buna baxmayaraq, Cavabdeh1 cavabdeh Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edərək, guya onun 2800 manat pul borcunu qaytarmadığını bildirmiş və buna görə də Bakı şəhəri 14 saylı Notariat ofisi xx.xx.2025-ci il tarixli 8İ-18989 reyestr nömrəli İcra qeydi vermişdir. İcra qeydinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA*******, xx.xx.2023 00:00 - Asan 4; FİN: xxxxxxx; d/t: xx.xx.1988) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA5244328, xx.xx.2023 - Asan 7; FİN: xxxxxxx; d/t: xx.xx.1981) xx.xx.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 2800 manat 00 qəpik (iki min səkkiz yüz manat sıfır qəpik) tutulsun. Hesab edir ki, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-18989 reyestr nömrəli bortcun tutulması barədə İcra Qeydi qanunsuz olduğundan ləğv edilməlidir. Bakı şəhəri, 14 saylı Notariat ofisi tərəfindən mənə borcun ödənilib ödənilməməsi ilə bağlı heç bir bildiriş və xəbərdarlıq göndərməmiş, onun məlumatı və xəbəri olmadan Cavabdeh1 tələbi əsasında icra qeydi vermişdir. Bütün bunlara görə hesab edir ki, “Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-18989 reyestr nömrəli borcun tutulması haqqında İcra qeydinin verilməsi qanunsuz olduğundan icra qeydi məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdehin etirazı: Cavabdeh1 iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, onunla hazırkı iş üzrə İddiaçı arasında 02 aprel 2024-cü il tarixli borc müqaviləsi bağlanmış, həmin müqavilə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmişdir. Müqavilənin 1-ci bəndinə əsasən tərəfindən həmin müqavilə üzrə borc alan İddiaçı, yəni hazırkı iş üzrə iddiaçıya 2800,00 (iki min səkkiz yüz manat sıfır qəpik) manat məbləğində borc pul verilmişdir. İddiaçı həmin borc məbləğinin 02 avqust 2024-cü il tarixinədək qaytarılmasını öz öhdəsinə götürmüşdür. Bundan əlavə borcalan tərəfindən yenə də pula ehtiyacı olduğu bildirilərək ümumilikdə yenidən 2000,00 (iki min) manat məbləğində ondan borc olaraq pul istənilmişdir. O isə aralarında olan etibara və şifahi əqdə əsasən xx.xx.2024-cü il tarixdə milliön ödəniş terminalı vasitəsilə həmin məbləği yəni 2000,00 (iki min) manat məbləğində pul vəsaitini iddiaçıya məxsus son dörd rəqəmi “6861” olan bank kartına göndərmişdir. İddiaçı tərəfindən 2000,00 (iki min) manat məbləğində borcun isə əvvəlki borcla birlikdə xx.xx.2024-cü il tarixdə qaytarılacağı bildirilmişdir. Lakin artıq öhdəliyin icrası müddətindən 1 ildən çox müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən qeyd edilən borc məbləğləri ona qaytarılmamış və qərəzli olaraq müqavilələr üzrə öhdəliyin icrasından imtina edilmişdir. Bildirir ki, 02 aprel 2024-cü il tarixli borc müqaviləsinin 7-ci bəndində qeyd edilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında borclunun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Qeyd edilən bəndə istinadən tərəfindən hazırkı iş üzrə iddiaçı olan İddiaçı borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixdə notarial qaydada təsdiq edilmiş bildiriş göndərilmiş (göndəriş nömrəsi:SX039753545AZ) və sonuncu həmin bildiriş məktubunu xx.xx.2025-ci il tarixdə əldə etmişdir (müvafiq sənədlər qoşma kimi əlavə edilir). Həmin bildirişdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddətlər nəzərə alınmaqla tərəfindən müvafiq notariusa müraciət edilmiş və qanunvericiliyin tələbinə uyğun olaraq notarius tərəfindən icra qeydi verilmişdir. Lakin qeyd edilənlərə baxmyaraq, hal-hazırda iddiaçı tərəfindən qərəzli olaraq icra qeydinin ləğvinə iddia ərizəsi verilmiş və bu yolla iddiaçı borcun ödənilməsindən yayınmaq niyyətindədir. Əlavə olaraq bildirir ki, 2000 (iki min) manat borc məbləği şifahi əqd üzrə verildiyi üçün həmin borc tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsində mübahisələndirilir (iş nömrəsi-e-2(001)-6573/2025, hakim:İlkin Əliyev). Həmçinin hazırkı iş üzrə İddiaçı tərəfindən borcun tələbkar şəxsə - Cavabdeh1 ödənilməsini təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində qeyd edilən faktların heç biri həqiqəti əks etdirmir və iddiaçı tərəfindən irəli sürülmüş tələb mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə İddiaçı tərəfindən verilmiş “İcra qeydinin ləğv edilməsi və borcun ödənilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən:
1. "Borc verən" notariusun bankda açılan depozit hesabı vasitəsilə "Borc alana" 2800 manat 00 qəpik (iki min səkkiz yüz manat sıfır qəpik) məbləğində pul borc verir.
2. "Borc alan" borcu xx.xx.2024 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür.
3. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər.
4. Borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.
5. "Borc alan" borc müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən borcu qaytara bilər.
6. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Kredit müqaviləsinin ləğv edilməsi zamanı "Borc alan" ona verilən pul məbləğini notariusun bankda açılan depozit hesabı vasitəsilə "Borc verənə" geri qaytarmalıdır
7. Ödəniş müddətinin keçirilməsi haqqında borclunun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.
8. "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.
9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
10. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.
11. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir.
12. Bu müqavilə dörd nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. Bakı şəhəri 14 saylı Notariat Kontorunun 3M-1761 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin Xüsusi notariusu X4 tərəfindən Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir, həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 QİZİNİN (AA*******, xx.xx.2023 00:00 - Asan 4; FİN: xxxxxxx; d/t: xx.xx.1988) xeyrinə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı (AA5244328, xx.xx.2023 - Asan 7; FİN: xxxxxxx; d/t: xx.xx.1981) xx.xx.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 2800 manat 00 qəpik (iki min səkkiz yüz manat sıfır qəpik) tutulması, bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2825 manat 00 qəpik (iki min səkkiz yüz iyirmi beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir.
Cavabdeh1 Bakı şəhəri 14 saylı notariat ofisində təsdiqlənmiş ərizəsinə əsasən Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə, 3M/-1761 reyestr nömrəsilə qeydiyyatı aparılaraq təsdiq edilmiş borc müqaviləsinə əsasən, ondan xx.xx.2024-cü il tarixədək 2800 (iki min səkkiz yüz) manat borc almış, borcunu qaytarmağı ondan xahiş edir. Əks təqdirdə bu məsələ ilə bağlı icra qeydi çıxarılacağını bildirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 74 saylı tam orta ümumi təhsil məktəbinin 250 saylı xx.xx.2025-ci il tarixli arayışına əsasən Cavabdeh1 qszına ondan ötrü ki,o həqiqətən xx.xx.2009-cu ildən Bakı şəhəri 74 nömrəli tam orta ümumtəhsil məktəbində informatika müəllimi vəzifəsində çalışır. 2024/2025-ci tədris ilində məktəbin informatika müəllimi X2 qismən ödənişli sosial məzuniyyətə çıxdığı üçün Cavabdeh1 2024/2025-ci tədris ilində dərs yükü artırılaraq 29 saat olmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.
Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı: İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması...
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndi də nəzərdə tutur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır. Göründüyü kimi, tələbkar tərəfindən qeyd olunan normaların tələblərinə riayət edilməməsini notarius nəzərə almayıb. Belə ki, ilk növbədə notariat işində iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş olsa da, həmin bildirişin ona çatdırılmasını göstərən hər hansı sənəd notariat işində aşkar edilməmişdir. Müvafiq xəbərnamə yalnız məhkəmə icraatı gedişində tələbkarın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Bundan başqa notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Təqdim edilmiş sənədlər mübahisəsiz olduqda və iddia müddəti keçmədikdə icra qeydi verilir. Göründüyü kimi, tələbkar tərəfindən notariusa yalnız borc müqaviləsi təqdim olunub, borclu tərəfindən borc müqaviləsində göstərilən məbləğdən hər hansı bir miqdarda ödəniş edib-etməməsinə dair hər hansı bir sübut əlavə edilməyib. Bu cür vəziyyətdə notariusun borcun mübahisəsiz olmasının yoxlanılması da mümkünsüz vəziyyətə düşür. Belə ki, iddiaçı da ödənilən ödənişlərin nəzərə alınmadığını göstərir. Bu halın özü artıq borcun mübahisəli olduğuna dəlalət edir. Ona görə də notarius icra qeydi verməmişdən əvvəl bu halları yoxlamalı idi. Qanunuvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması, borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəsiz olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Qanunvericiliyə əsasən bu tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsidir. Başqa sözlə, bu sənədlər notariat orqanında saxlanmalı olduğu üçün borclu tərəfindən mübahisələndirildiyi halda həmin məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariusun üzərinə düşür. Borclu isə hazırki işdə borcun məbləğini mübahisələndirir və icra qeydinin ləğvini tələb edir. Bu cür vəziyyətdə borcun məbləğinin mübahisəsiz olduğunu sübut etmək yükü artıq cavabdehin üzərinə düşür. Cavabdeh notarius isə ümumiyyətlə məhkəmənin çağırışlarına gəlməyərək qeyd olunan hallara aydınlıq gətirməmişdir. Məhkəmə icra qeydinin ləğvi tələbi üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh1 münasibətdə iddianın rədd olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, icra qeydinin ləğv edilməsi üzrə iddiaya cavab verməli olan şəxs kimi tələbkar deyil, notariat ofisi çıxış etdiyindən, hazırda irəli sürülən tələb tələbka yönəlmədiyindən, ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırda icra qeydinin ləğvi tələbi üzrə iddiaya cavab verməli şəxs Bakı şəhəri 14 saylı notariat ofisidir. İddia tələbinin Cavabdeh1 yönəlmiş “borcun ödənilmiş hesab edilməsi” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı borcun qaytarılmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 14 saylı Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 8İ-18989 reyestr nömrəli, 14 oktyabr 2025-ci il tarixli icra qeydi ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-18989 reyestr nömrəli, 14 oktyabr 2025-ci il tarixli icra qeydi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva