Məhkəmə qərarları › İş №e-2(006)-571/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-571/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-571/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" QSC-yə qarşı "kredit müqaviləsi üzrə borcun olmaması üzrə məlumatların Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" QSC-yə qarşı "kredit müqaviləsi üzrə borcun olmaması üzrə məlumatların Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 20 oktyabr 2008-ci il və 26 dekabr 2008-ci il tarixlərində QSC “Bank Standard” KB-lə iddiaçı arasında illik 25 faiz olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə müvafiq olaraq 3970 və 4000 azn məbləgində olmaqla kredit müqavilələri baglamışdır. 2010-ci ildə kredit üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmişdir. Lakin 2022-ci il oktyabr ayında poçt vasitəsi ilə ünvanına daxil olmuş məktublardan məlum olmuşdur ki, guya iddiaçının QSC "Bank Standard" KB-na yuxarıda qeyd edilən kredit müqavilələri üzrə ümumilikdə müvafiq olaraq 7896,96 və 10963,64 manat məbləgində borcu qalmışdır. Həmin məktublarda qeyd edilmişdir ki, 3 gün ərzində tam borcu faizlə birlikdə ödəməyi tələb edilir. Yaranmış vəziyyətdə qanunu hüquqlarını müdafiə etmək məqdəsi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Artıq 12 ildən artıq vaxt keçmiş və onun həqiqətən borcu olsaydı bu saman ərzində öncədən bank, sonra onun ləğvedicisi ƏSF-u müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Lakin bu qədər zaman ərzində və hələ bu gündə belə ƏSF-u ona qarşı bu iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Deməli bu borc reallıqda mövcüd deyil. Sössüz ki, indi belə bir iddianı ləğvedici olaraq ƏSF tərəfindən məhkəmədə qaldırarsa, bu işin onlar üçün qanuni perspektivi yoxdur. Belə ki, bu işlə bağlı iddia müddəti çoxdan ötürülmüşdür. Qanunvericiliyin tələblərinə uyğun olaraq bu tip müqavilələr üzrə tələb etmə müddəti müqavilənin bitdiyi gündən 3 il ərzində mümkündür, yəni bank bu tələblə iddianı 26 dekabr 2012-ci ilə qədər məhkəmədə qaldırmaq imkanı olmuşdur. Digər tərəfdən vəziyyətin bu formada qalması onun vətəndaş olaraq bir çox hüquqlarını məhdudlaşdırır. İpoteka yolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və yaxud ev əşyaları almaq – bütün bunlar onun üçün hal-hazırda mümkün deyil. Çünki kredit üçün müraciət etdiyi halda banklar da məhz bu əsas görə ona kredit verməkdən imtina edəcəklər. Cavabdehin tutduğu mövqedən istifadə edərək onun hüquqlarını məhdudlaşdırılması yolverilməzdir. Göstərilənlərə əsasən İddiaçı ilə QSC Bank Standart KB-nın arasında bağlanmış 20 oktyabr 2008-ci il və 26 dekabr 2008-ci il tarixli kredit müqavilələri üzrə borcun olmaması barədə məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək İddiaçı ilə QSC “Bank Standard” KB-nın arasında bağlanmış xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli kredit müqavilələri üzrə borcun olmaması barədə Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin ləğv prosesində olan "xxxx" QSC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, 20 oktyabr 2008-ci il və 26 dekabr 2008-ci il tarixlərində QSC “Bank Standard” KB-lə iddiaçı arasında illik 25 faiz olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə müvafiq olaraq 3970 və 4000 azn məbləgində olmaqla kredit müqavilələri baglamışdır. 2010-ci ildə kredit üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmişdir. Lakin guya iddiaçının QSC "Bank Standard" KB-na yuxarıda qeyd edilən kredit müqavilələri üzrə ümumilikdə müvafiq olaraq 7896,96 və 10963,64 manat məbləgində borcu olduğu bildirilir. Bundan əlavə qanunvericiliyin tələblərinə uyğun olaraq bu tip müqavilələr üzrə tələb etmə müddəti müqavilənin bitdiyi gündən 3 il ərzində mümkündür, yəni bank bu tələblə 26 dekabr 2012-ci ilə qədər məhkəmədə iddia qaldıra bilərdi. Hazırda isə müddəti ötürmüşdür. Bundan əlavə, ekspert rəyi ilə razı deyillər. Tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş üzrə təyin olunmuş ekspertiza rəyindən də görünür ki, iddiaçı ilə LPO "xxxx" QSC arasında bağlanmış 20 oktyabr 2008-ci il və 26 dekabr 2008-ci il tarixli kredit müqavilələri üzrə hazırki mülki iş üzrə idiaçının borcu qalmaqdadır. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, QSC “Bank Standard ilə İddiaçı arasında xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli il kredit müqavilələri bağlanılmışdır. Hazırda iddiaçı Banka olan borcun olmamasını və bank tərəfindən iddia müddətinin ötürülməsini iddia edərək, kredit müqavilələri üzrə borcun olmaması barədə Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin ləğv prosesində olan "xxxx" QSC-yə həvalə edilməsini tələb edir.

b) mülki işin materialları:

8. Mülki işin materiallarında olan QSC «Bank Standard» Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 130/01/242/08 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 25% olmaqla, 3970 manat məbləğində kredit verilmişdir. Kredit borcalana məişət texnikasının alınması məqsədi üçün verilmişdir.

9. Mülki işin materiallarında olan QSC «Bank Standard» Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 130/01/758/08 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 25% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Kredit borcalana məişət texnikasının alınması məqsədi üçün verilmişdir.

10. Mülki işin materiallarında ləğv prosesində olan QSC «Bank Standard» X2 Anar Asif oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. Mülki işin materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ilə QSC «Bank Standard» Kommersiya Bankı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 130/01/242/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə onun QSC «Bank Standard» Kommersiya Bankına 1794,34 AZN əsas, 4192,5 AZN faiz, 819,87 AZN cərimə, 1124 AZN gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla, ümumilikdə 7930 AZN məbləğində borcu vardır.

12. Mülki işin materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ilə QSC «Bank Standard» Kommersiya Bankı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 130/01/758/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə onun QSC «Bank Standard» Kommersiya Bankına 2491,57 AZN əsas, 5830,52 AZN faiz, 1138,55 AZN cərimə, 1550,15 AZN gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla, ümumilikdə 11010,79 AZN məbləğində borcu vardır.

13. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2443 saylı, xx.xx.2023-cü il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli, 130/01/242/08 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2008-ci il tarixli, 130/01/242/08 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixinə İddiaçı QSC «Bank Standard» Kommersiya Bankına olan borcu 1649,78 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 1309,64, faiz borcu 340,14 AZN. xx.xx.2008-ci il tarixli, 130/01/758/08 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2008-ci il tarixli, 130/01/758/08 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixinə İddiaçı QSC «Bank Standard» Kommersiya Bankına olan borcu 2981,84 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 2283,96 AZN, 697,88 AZN faiz borcu.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

16. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

17. Həmçinin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Göründüyü kimi, İddiaçı Banka olan borcunu tam olaraq ödədiyini bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışlarından, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2443 saylı, xx.xx.2023cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iddiaçının Banka ödənilməmiş borcu mövcuddur.

21. İddiaçı tələbini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

22. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

23. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

24. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

25. Məhəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

26. Bu qənaətə gələrkən məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

27. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Obyektiv həqiqətin tapılması zəruri olan icraatdan fərqli olaraq, formal həqiqət prinsipinə görə hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.

28. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.

29. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə iddiaçının öhdəliyi bitməmiş və tam icra edilməmişdir. Yalnız tələbkarın iddiası iddia müddətini keçirməsi iddiaçını qeyd olunan hüquqi mövqeyə görə üzərinə götümüş olduğu öhdəliyindən azad etmir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil.

30. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı borcu hələdə mövcud olduğundan və əskini sübut edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh ləğv prosesində olan "xxxx" QSC-yə qarşı "kredit müqaviləsi üzrə borcun olmaması üzrə məlumatların Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir.

31. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, tələb təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" QSC-yə qarşı "kredit müqaviləsi üzrə borcun olmaması üzrə məlumatların Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması"tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar