Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5711/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyan olan 2350 manat pul, məhkəmədə hüquqlarımın müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə ilə iddiaçı arasında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında EM-2425VK-9671/2024 nömrəli müqavilə üçün hesaba köçürdüyü 320 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 46.70 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti normalarına riayət etməmişdir.
4. İddiaçı tərəfindən iddia ərizəsində cavabdehin ünvanının Nəsimi rayonunda olduğu qeyd edilsə də, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin ünvanının Masallı rayonu, Ərkivan qəsəbə ərazi dairəsi, Ərkivan qəsəbəsi olması müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qismində cəlb edilən şəxsin rəsmi qeydə alındığı ünvan Masallı rayonunun ərazisinin əhatə dairəsinə aiddir. İddiaçı tərəfindən iddia ərizəsində maddi ziyanın ödənilməsi tələbi irəli sürüldüyündən məhkəmə qeyd edir ki, qanunla bu tələbə baxılması zamanı başqa xüsusi aidiyyət qaydası (iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti və ya müstəsna aidiyyət) nəzərdə tutulmadığından, hazırkı iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.
5. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 46,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
7. Hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, ona aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
Nəticə:
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 151-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 46,70 (qırx altı manat yetmiş qəpik) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova