Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5739/2023 30.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Babayeva (Axundova) Mahirə Fərman qızına qarşı «mülkiyyət hüququnun tanınması və s.» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Axundov X1 Cəmil Əhməd oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Babayeva (Axundova) Mahirə Fərman qızına qarşı «mülkiyyət hüququnun tanınması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zaqulba qəsəbəsində yerləşən mənzilin mülkiyyətçisinin (qanuni sahibinin) hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia irəli sürməsinə baxmayaraq, iddia ərizəsini müstəsna aidiyyət qaydalarına riayət etmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 35.1-35.2-ci maddələrinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyətin, yəni onun olduğu yerdə baxılmasına dair qanunda təsbit olunmuş tələbin əsas məqsədi şəxslərin məhkəməyə əlçatanlığını və işlərə ağlabatan müddətdə baxılmasını təmin edərək, prosessual qənaət prinsipini gözləmək, ədalət mühakiməsini səmərəli həyata keçirməkdən ibarətdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, hazırda barəsində iddia irəli sürülən əmlak Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşdiyindən, şəxslərin məhkəməyə əlçatanlığının, mübahisəyə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin, mübahisənin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi, mübahisə predmeti olan əşyanın yerində müayinəsi, sübutların olduğu yerdə tədiqiqinin aparılması, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması, işə obyektiv baxılmasının təmin edilməsi məqsədilə hazırki mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Mülki Prosessual Məcəllənin: 152.1, 152.1.3-cü maddələrinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 151- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Babayeva (Axundova) Mahirə Fərman qızına qarşı «mülkiyyət hüququnun tanınması və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 126,00 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-5739/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5739/2023
30.12.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver