Məhkəmə qərarları › İş №e-2(006)-5747/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5747/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5747/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X1, iddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «X4 Azərbaycan» QSC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X4 Azərbaycan” QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli “hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. "xxxx" QSC ilə ”Lider Legal“ MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 798.84 manat məbləğində ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 119.82 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15 %-i həcmində, yəni ümumilikdə 119.82 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki, «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək onların hüquq və vəzifələridir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 119.82 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada – poçt vasitəsilə göndərilmiş, lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: "xxxx" MMC ilə «X4 Azərbaycan» QSC arasında bağlanmış hüquqi xidmət haqqında xx.xx.2017-ci il tarixli müqavilənin 5.1.1-ci bəndindən görünür ki, bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3930/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh cəmi 768,84 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq «X4 Azərbaycan» QSC-yə ödənilməsi qət edilmişdir. «X4 Azərbaycan» QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən (pretenziyadan) görünür ki, bank MMC-yə köçürülmüş xidmət haqqının ödənilməsini ondan tələb etmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh cəmi 798,84 manat məbləğində pulun tutulması qət edilmişdir. İddiaçı «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçı həmin qətnamə üzrə borcun geri ödənilməsini təmin etməyi MMC-yə həvalə edərək, ona ödənilən məbləğin 15 %-i miqdarında xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh iddiaçıya olan borcunu ödəmişdir. Hazırda iddiaçı cavabdehin qətnamə üzrə borcunu ödəməsini təmin etməsi səbəbindən MMC-yə həmin məbləğin 15 %-i həcmində, yəni 119,82 manat məbləğində pul ödədiyini iddia edərək, cavabdehlə iddiaçı arasında bağlanmış kredit müqaviləsinin tələblərinə və mülki qanunvericiliyin maddi zərərlə bağlı normalarına müvafiq olaraq həmin pulun cavabdehdən tutulmasını tələb edir. Qeyd edilməlidir ki, iddiaçı cavabdehdən həmin pulun ödənilməsini pretenziya qaydasında da tələb etmiş, lakin cavabdeh pulu ödəməmişdir. c) Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə əsaslanaraq, barəsində məhkəmə qətnaməsi çıxmış borcların geri ödənilməsini təmin etməyi "xxxx" MMC-yə tapşırmaqla və əvəzində ona ödənilməsini təmin etdiyi məbləğin 15 %-i həcmində aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürməklə, məhz qanunla qadağan olunmayan üsul və vasitələrdən istifadə edərək öz pozulmuş hüquqlarının bərpasına nail olmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçının öz müqavilə üzrə tərəfdaşına ödədiyi xidmət haqqının əvəzinin cavabdehdən tutulması barədə hazırki tələbi hüquqdan sui-istifadənin bir növüdür. Belə ki, icra haqqında qanunvericiliyə müvafiq olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını təmin etmək məhz aidiyyəti icra şöbəsinin səlahiyyətidir və iddiaçı yuxarıda göstərilən MMC ilə müqavilə bağlamadan da, sadəcə qətnamənin icrasının həvalə edildiyi icra şöbəsinə heç bir ödəniş etmədən həmin şöbədən icra sənədinin icrasının təmin edilməsini tələb edə bilərdi. Bu halda könüllü müddət ötdüyü təqdirdə borclunun əlavə ödəməli olduğu pul məbləği isə 7 % icra ödənişi olacaqdı ki, bunu da tələb etmək hüququ iddiaçıda olmayacaqdı. Məhkəmənin qənaətinə görə, iddiaçı öz seçimi ilə hər hansı üçüncü hüquqi şəxslə müqavilə bağlayaraq, borcun geri ödənilməsini təmin etdirdiyindən həmin şirkətə ödədiyi 15 % xidmət haqqının cavabdehdən tutulmasını tələb etməklə hazırda cavabdehi əsassız olaraq əlavə öhdəliklə yükləməyə çalışır. Nəzərə alınsa ki, qətnamə qəbul edildikdən uzun müddət keçəndən sonra borcun ödənilməsi təmin edilmişdir, bu halda 7 % icra ödənişinin də cavabdehdən tutulması istisna edilmir. Buna görə də məhkəmə bu tələbin təmin edilməsini ədalətli və hüquqa uyğun hesab etmir. Bununla yanaşı, iddiaçı tələbin qanuni əsası kimi maddi zərərin ödənilməsi ilə bağlı normalara istinad etsə də, məhkəmə bu tələbi maddi zərər kimi qiymətləndirmir. Çünki iddiaçının 119,82 manat məbləğdə pulu MMC-yə ödəməsi məhz onlar arasında bağlanmış və tərəflərin iradə ifadəsini əks etdirən müqavilə əsasında iddiaçının öz istəyi ilə həyata keçirilmişdir. Cavabdehlə arasında bağlanmış kredit müqaviləsində bütün bu xərclərin ödənilməsinin cavabdehin öhdəliyi kimi razılaşdırılmasına dair şərtin olması isə tələb edilən məbləğin cavabdehdən tutulmasına dəlalət etməməlidir. Çünki həmin şərti məhkəmə cavabdehin maddi vəziyyətini ağırlaşdıran şərt kimi qiymətləndirir. Buna görə də göstərilən məbləğdə pulun cavabdehdən tutulması ağlabatan hesab edilmir. d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1097.5-ci maddəsinə əsasən, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı «X4 Azərbaycan» QSC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar