Məhkəmə qərarları › İş №e-2(006)-584/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-584/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-584/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin qanunsuz olaraq onun hesabına qoymuş olduğu 15000 manat kredit məbləğininin hesablanması qanunsuz hesab edilərək həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun X10 filialında adına 6000 manat məbləğində kredit limiti Tam Kart açılmış, xx.xx.2023-cü il tarixdə filiala təqdim etdiyi ərizəsi əsasında məbləğ 1000 manata endirilmişdir. xx.xx.2024-cü il tarixdə telefonuna gələn şübhəli linklər səbəbli təcili X10 filialına müraciət edərək kartını bağlatmışdır. Kartını bloklatdığı zaman X10 filialının əməkdaşı Tural Vəliyev sistemə baxış keçirmiş və onun kartında heç bir əməliyyatın aparılmadığını bildirmişdir. Kartını bağlatdıqdan 111 gün müddət keçdikdən sonra 29 iyul 2024-cü il tarixdən bu günədək Beynəlxalq Bank tərəfindən mobil nömrəsinə zənglər gələrək banka faiz borcunun olduğu bildirilmişdir. X10 filialına 29 iyul 2024-cü il tarixdə yaxınlaşdıqda onun hesabından xəbəri olmadan, məlumat verilmədən, heç bir bildiriş gəlmədən, razılığı olmadan FİN kod tələb olunmadan, üz tanınma olmadan, tərəfindən 3D və OTP kod təsdiqi verilmədən kredit limitinin 15000 manata qaldırıldığı və pulun kimlərsə tərəfindən çıxarıldığı məlum olmuşdur. Bu barədə 29 iyul 2024-cü il tarixdə Beynəlxalq Bankın qaynar xəttinə və 102 xidməti də məlumat vermişdir. Təhqiqat aparılır. Lakin, ona bu barədə niyə 111 gün sonra məlumat verildiyi sirr olaraq qalır. Onun aldığı əmək haqqına o məbləgdə kredit düşmür. O, 33 ilin ali təhsilli müəlliməsidir, heç bir təsdiq kodu verməmişdir. Kart məlumatlarını da heç kimə təqdim etməmişdir. Mobil nömrəsindən onun əvəzinə necə ola bilər ki, təsdiq kodu verilə bilər? Beynəlxalq Bankın təhlükəsizlik sistemi bu əməliyyatın aparılmasına necə imkan verib? Bununla bağlı cavabdeh "xxxx" ASC-ə tərəfindən məktub ünvanlanmış və həmin məktuba cavab olaraq bildirilmişdir ki, guya onun istifadəsində olan ********** mobil nömrəsinə SMS bildiriş göndərilib və OTP kodu təqdim etdiyi üçün ABB mobil tətbiqə daxil olunmuşdur. Belə absurd və heç bir sübuta söykənməyən əsassız bir cavab verilmişdir. Hesab etmişdir ki, cavabdeh "xxxx" ASC özündə olan hansısa texniki problemə görə onu heç bir əsas olmadan borclu vəziyyətinə salır. Göründüyü kimi cavabdehə 15000 manat kredit borcunun olması ilə bağlı heç bir öhdəlik götürməmiş və heç bir müqavilə bağlamamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, son zamanlar kibercinayətkarlıqla bağlı bu tipli hallar həddindən artıq çoxalmışdır. Vətəndaşa müxtəlif yollarla: şübhəli linklər, "xxxx" ASC-nin adından səhifələrdə güzəştli kreditlərlə bağlı məlumatlar paylaşmaqla müraciətlər olunur. Burada bütün məsələ vətəndaşın məsuliyyətinin həddi və bankın məsuliyyətinin həddindən bağlıdır. Bankın məsuliyyəti təhlükəsizlik kodunun göndərilməsi və təhlükəsizlik kodunun təyinatının nə ilə bağlı olmasıdır. Hazırki işdə iddiaçının keçən il tam kartı olmuşdur və ərizə təqdim edərək həmin limitin azaldılmasını xahiş etmişdir. 2024-cü ilin aprel ayında iddiaçının dediyinə görə ona şübhəli linklər gəlib, iddiaçı bundan şübhələnib banka yaxınlaşıb, kartı bloklanıb, kart bloklanandan sonra ona məlum olub ki, ondan pullar tutulub və kredit limiti artırılıb. İddiaçı iddia edir ki, ona təhlükəsizlik kodu gəlməmiş və yaxud kod gəlibsə də onu 3-cü bir şəxsə verməmişdir. İddiaçının özünün ABB mobile-da qeydiyyatdan keçdiyi mobil nömrəyə-***-***-**-** nömrəsinə müxtəlif kodlar gəlib və təyinatı qeyd olunmuşdur. İlk kod mobil tətbiqə giriş ilə bağlıdır. xx.xx.2024-cü il saat 11:37-də mobil tətbiqə giriş ilə bağlı OTP kod göndərilib və yanında təyinatı yazılmışdır. Əgər həmin kod daxil edilməsə və ya başqa bir şəxsə daxil etmək üçün verilməsə mobil tətbiqə daxil olmadan digər hərəkətlərin atılması qeyri-mümkündür. İddiaçının mobil tətbiqdəki ***-***-**-** nömrəsinə kod göndərilib və mobil tətbiqə daxil olunub. Tam kart limitinin artırılması ilə bağlı 2-ci kod 11:38:27-də göndərilib. Kart rekvizitlərinin görülməsinə qədər kodlar istənilib və bütün kodlar vətəndaşa göndərilmişdir. Limit artırıldıqdan sonra 3 dəfə müəyyən məbləğlərdə kartdan pullar çıxmışdır. Həmin bu məbləğlərin hər birinin çıxılması üçün iddiaçıya kod göndərilmişdir. Bu kodlardan hər hansı biri daxil edilməsə və ya başqa bir şəxsə verilməsə kartdan pulların çıxılması qeyrimümkündür. Bu hissədə banka aid olan məqam həmin kodların göndərilməsi və təyinatının göstərilməsidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 ifadəsində bildirmişdir ki, təxmini olaraq ötən il ərzində onun mobil telefonuna tanımadığı xarici nömrədən zəng olunmuş, rus dilində danışığın məzmunu kartına köçürülən pul barəsində olmuş, həmin vəsaitin digər kartlara köçürüləcəyi və ona da bundan pul veriləcəyi vəd edilmiş, bunun ardından ona məxsus kartına bilmədiyi mənbədən pul köçürülmüş, sonra həmin vəsait onu müdaxiləsi olmadan digər kartlara göndərilmiş, yekunda isə ona vəd olunan pul verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxıl etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən ona təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə oturulməməsı ilə bağlı +**********55 nömrəsinə bildiriş SMS gondənlmışdır. OTP kodunu təqdim etdiyi uçun ABB Mobile tətbiqinə daxil olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, təqdim edilmiş tədqiqat obyekti sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “X11 8” markalı “M1908C3JG” modelli “**********85180” **********85198” İMEİ kodlu mobil smartfondur. Rəyin “tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən “X11 8” markalı “M1908C3JG” modelli mobil smartfonun yaddaşında hər-hansı bir “Malware” ziyanverici proqramların mövcud olmasına dair rəqəmsal izlər müəyyən edilməmişdir. Tədqiqat obyekti olan "xxxx" ASC-yə aid prosessinq sisteminə məxsus məlumat bazasında İddiaçı adına "xxxx" ASC-də olan kartı üzrə icra olunmuş əməliyyatlara dair sualları Mərkəzi Bankdan cəlb edilmiş mütəxəssislər-X7 Kommunikasiya departamentinin təhlükəsizlik əməliyyat Mərkəzi şöbəsinin Təhlükəsizlik analitiki-Fariz Pirmətov və eyni şöbənin kiçik analitiki Zahid Məmmədli tərəfindən xx.xx.2025-ci il tarixli ekspert rəyində cavablandırılmışdır. Ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsinin 4-cü bəndində göstərilən profilaktik tövsiyələrin nəzərə alınması məqsədəmüvafiq hesab olunur. İş materiallarında olan Mərkəzi Bank tərəfindən təqdim edilmiş 22.4.2025-ci il tarixli 6-1-29/2-5257/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankının müvafiq bank sistemlərinin fəaliyyət jurnallarında ödəniş baş verən günə qədər mobil tətbiqə daxil olmuş cihaz 1b5216ddf2abac08 identifikatorlu X11 8 markalı mobil telefondur. Lakin ödənişin baş verdiyi gün bu dəyişərək Nokia C21 Plus markalı və 10487082afd9fef3 identifikatorlu mobil telefon olmuşdur. İlk olaraq, istifadəçinin cihaz dili Azərbaycan dili olduğu üçün bank tərəfindən göndərilən SMS-lər Azərbaycan dilində təqdim olunurdu. Daha sonra cihaz dəyişdirildikdən sonra yeni cihazın dili rus dili olması səbəbdən bankın göndərdiyi SMS-lər də avtomatik olaraq rus dilində göndərilməyə başlanmışdır. Telefonun zərərli proqram təminatına yoluxma və ya fişinq ehtimalını nəzərə alaraq, müvafiq laboratoriyada texniki ekspertizadan keçirilməsi tövsiyə olunur. Belə bir ekspertiza kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfindən həyata keçirilə bilər. Müdaxilənin hansı üsulla (məsələn, SMS vasitəsilə göndərilmiş linkə keçid və s.) həyata keçirildiyini və dəqiq tarixini müəyyən etmək üçün müvafiq mobil cihazda mobil kriminalistika təhlili aparılmalıdır. Bu təhlil müvafiq bacarıqlara, təcrübəyə və analiz alətlərinə malik olan əlavə ixtisaslaşmış mütəxəssislərin cəlb olunmasını tələb edir. Mərkəzi Bankda bu sahəyə aid laboratoriya və müvafiq ekspert qrupu olmadığı üçün qeyd olunan sualın cavablandırılması mümkün olmamışdır. Bank əməkdaşlarının bizə verdiyi məlumatlara əsasən, hər hansı müdaxilə və ya zərərli proqram izləri aşkar edilmədiyi halda, İddiaçı “mobil bankçılıq” proqram tətbiqinin məlumatlarını əldə etmək, kənardan idarə etmək və ya kart hesabından köçürmələr aparmaq mümkün deyil. Aparılan araşdırma nəticəsində, ödənişin həyata keçirildiyi zaman mobil bank tətbiqinə fərqli bir mobil cihazdan girişin qeydə alınması, həmin ödənişin kənar müdaxilə və ya fişinq hücumu nəticəsində həyata keçirilməsi ehtimalını artırır. Müdaxilənin SMS vasitəsilə göndərilmiş linkə keçid etməklə aşkar edildiyi halda, həmin SMS-in göndərildiyi nömrə, göndərilmə İP ünvanı və digər texniki məlumatların müəyyənləşdirilməsi üçün müvafiq mobil rabitə operatorundan (SMS-in göndərildiyi abunə nömrəsinin xidmət təminatçısından) məlumatların əldə edilməsi zəruridir. Buna görə də, qeyd olunan informasiyanın əldə olunması məqsədilə müvafiq mobil operatora rəsmi sorğu göndərilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış aktında göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazriliyinin Məhkəmə Ekspertizası Mərkəzini Sənədlərin texniki ekspertizası aparıcı eksperti Lamiə Süleymanova və sairələri Nəsimi Rayon məhkəməsinin 2(006)-584/2025 nömrəli mülki iş üzrə təyin etdiyi məhkəmə ekspertizasının keçirilməsi barədə qərardadına əsasən "xxxx" ASC-nin baş ofisinə mütəxəssislərlə birgə gedilmiş, lazımlı rəqəmsal qeydlər mütəxəssislər tərəfindən götürülmüşdür. İş materiallarında məhkəmənin məktubuna və qərardadına cavab olaraq Mərkəzi Bankın mütəxəssislərinin xx.xx.2025-ci il tarixli məktubu və xx.xx.2025-ci il tarixli rəyində belə qənaətə gəlinmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən kart üzrə limit xəttinin 15000 manat məbləğə artırılması üçün yeni bank hesabının açılması tələb olunmur, limitin artırılması xx.xx.2024-cü il tarixdə baş vermiş, bu zaman yeni bank hesabı açılmadığından, əməliyyatlar vahid hesab üzrə aparılmış və Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli 04/2 qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələbləri pozulmuş hesab edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 406.3-ci maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 746-2.5-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. - 746-2.6-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. - 957.3-cü maddəsinə əsasən, müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. - 957.4-cü maddəsinə əsasən, əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu onun ziyanınadır. Sübut etməli olan tərəfin irəli sürdüyü güman təkzib olunursa həmin tərəfin sübutu əks sübutdan üstün sübutetmə qüvvəli hesab edilə bilməz. İddiaçı cavabdehin təhlükəsizlik tədbirlərinin yetərincə görülməməsi səbəbindən pulun məhz ondan tələb edilməli olmasını qeyd etsə də buna dair iş materiallarında hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmadı, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını bildirsə də, halhazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun özünə aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar