Məhkəmə qərarları › İş №e-2(006)-5936/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5936/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5936/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə biləcək sənədlərlə yanaşı iki nüsxədə iddia ərizəsi təqdim edilmiş, lakin hər iki iddia ərizəsində qeyri-müəyyəniyə yol verilmişdir. Belə ki, iddia ərizəsinin bir nüsxəsində cavabdeh qismində Cavabdeh cəlb edilmiş olsa da, ərizənin məzmunundan (xahiş etdi hissəsindən) məlum olur ki, tələb X1 qarşı yönəlmişdir. Digər nüsxə olan idida ərizəsində isə tam əksinə cavabdeh qismində X3 cəlb edilməklə, tələb X2 qarşı irəli sürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldrımaqla kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar