Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-598/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 3203,08 manat məbləğində vəsaitin, 52,03 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus ** MM *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PF *** dövlət qeydiyyat nişanlı Haval H6 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən ** MM *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 təqsirli bilinmişdir. ** PF *** dövlət qeydiyyat nişanlı Haval H6 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. ** PF *** dövlət qeydiyyat nişanlı Haval H6 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 8307,00 manat məbləğində müəyyən edilmişdir. Sözügedən məbləğin 250,00 manat hissəsi azadolmaya çıxılmış və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 8057,00 manat məbləğində sığorta ödənişi sığortalının hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" şirkətində mövcud olduğuna görə həmin şirkətə məktub göndərilmiş, "xxxx" şirkəti tərəfindən "xxxx" ASC-yə 4853,92 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə Cavabdeh1 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: MC-Mİ-0282/19 nömrəli Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, «İnşaat Servisez” MMC-yə məxsus “Haval H6” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı tərəfindən kasko sığorta növü ilə sığortalanmışdır. AB seriyalı 645952 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21074 Minik” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli ƏN-İV seriyalı 276857 saylı Etibarnamədən görünür ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 “VAZ 21074 Minik” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2027-ci il tarixədək idarə etmək hüququ verilmişdir. Bakı şəhər DYPİ YNH tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi “VAZ 21074 Minik” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Bakı şəhər DYPİ YNH tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şərifov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 8307 manat məbləğində sığorta ödənişi «İnşaat Servisez” MMC-nin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli Sığorta aktından görünür ki, “Haval H6” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilə 8307 manat zərər dəymişdir. xx.xx.2020-ci il tarixli Zərər aktından görünür ki, “Haval H6” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 8307 manat təşkil etmişdir. Hesabdan çıxarışdan görünür ki, "xxxx" Şirkəti tərəfindən sığorta hadisəsi üzrə iddiaçıya 4853,92 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1298 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı "Haval H6” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8012,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiqatı müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi “VAZ 21074 Minik” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə «İnşaat Servisez” MMC-yə məxsus “Haval H6” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər DYPİ YNH-nin TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən “Haval H6” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 8057 manat sığorta ödənişi «İnşaat Servisez” MMC-yə ödənilmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi “VAZ 21074 Minik” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmaqla xx.xx.2017-ci il tarixli ƏN-İV seriyalı 276857 saylı Etibarnaməyə əsasən Cavabdeh2 avtomobili darə etmək hüququ verilmişdir. “VAZ 21074 Minik” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış və hazırki yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya 4853,92 manat sığorta ödənişi edilmişdir. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, “VAZ 21074 Minik” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “Haval H6” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh2 tələb edə bilər. Tələb olunan sığortalıya ödənilmiş pul vəsaitinin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1298 nömrəli ekspert rəyi ilə, “Haval H6" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8012,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1298 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, dəymiş zərər 8307 manat müəyyən edilmiş, həmin məbləğdən 250 manat azadolma və "xxxx" Şirkəti tərəfindən ödənilmiş 4853,92 manat çıxılmaqla, iddiaçı 3203,08 manat (8307 – 5103,92 (250 + 4853,92) = 3203,08) pulun subroqasiya qaydasında tutulmasını tələb etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən qeyd edilən yol-nəqliyyat hadisəsi üzrə avtomobilin təmir-bərpa xərci 8012,0 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş təmir-bərpa xərcindən 250 manat azadolma və "xxxx" Şirkəti tərəfindən ödənilmiş 4853,92 manat çıxılmaqla, qalan 2908,08 manat (8012 – 5103,92 (250 + 4853,92) = 2908,08) iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. İddia tələbinin Cavabdeh1 qarşı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, “VAZ 21074 Minik” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən qanuni əsasla, yəni xx.xx.2017-ci il tarixli ƏN-İV seriyalı 276857 saylı Etibarnamə ilə Cavabdeh2 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə tələblərinə əsasən Cavabdeh1 tutula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 2908,08 manat məbləğində vəsait, 52,03 manat dövlət rüsumu, 0,40 manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan və Cavabdeh1 qarşı hissələrdə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh2, qalan 25 manat məbləği isə iddiaçı "xxxx" ASC-dən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 2908,08 manat məbləğində vəsait, 52,03 manat dövlət rüsumu, 0,40 manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan və Cavabdeh1 qarşı hissələrdə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh2, qalan 25 manat məbləği isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-598/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-598/2023
04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver