Məhkəmə qərarları › İş №e-2(006)-623/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-623/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-623/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 135,73 AZN məbləğində əsas overdraft borcunun, 31,92 AZN hesablanmış cərimə borcunun, cəmi 167,65 AZN borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən bank müştərinin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki Overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

4. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılıb, iddianın təmin olunması barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəni nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh sifariş etdiyi plastik kartı bağlı zərfdə təhvil almışdır. Bu aktı imzalamaql o bankın kütləvi ofertasını qəbul edir (Həmin oferta iş materiallarında mövcuddur, ofertada overdraft və cərimə barədə bəndlər də (5.11-ci bənd) nəzərdə tutulmuşdur).

9. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ətraflı maliyyə arayışından görünür ki, Cavabdeh bankda AZ90UBAZ**********1010AZN001 (kartın nömrəsi: 524375******1725) saylı kart hesabı vardır. O, xx.xx.2021-ci il tarixində 135,73 manat məbləğində ona məxsus olmayan vəsaiti kartından istifadə etmişdir. Beləliklə, arayışın tarixinə müştərinin overdraft məbləği üzrə əsas borcu 135,73 manat, faiz borcu 31,92 manat olmaqla, ümumi borcu 167,65 manat təşkil edir.

10. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə əsas borcu 135,73 manat və cərimə faizləri 31,92 manat təşkil edir. Ümumi olaraq müştərinin bank qarşısında olan borcu 167,65 manatdır.

11. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona yaranmış borcun 3 iş günü müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. İş materiallarında, həmçinin, hesabdan çıxarışlar və ekspertizanın aparılmasından imtina barədə məlumat da vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində Cavabdeh məxsus hesabda vəsait olmadığı halda, cavabdeh iddiaçı bankın 135,73 manat məbləğində vəsaitindən istifadə etmiş, beləliklə, o, iddiaçının vəsaiti hesabına həmin məbləğ həddində əsassız varlanmışdır.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus 135,73 manat məbləğində pul həddində əsassız varlandığından və iş materiallarındakı ümumi ofertanın şərtlərinə görə, istifadəsində olan karta köçürülmüş pulu geri qaytarmağa məsuliyyəti məhz cavabdehin özü daşıdığından, həmçinin, müqavilə şərtlərində overdraft yarandığı halda, cavabdehin cərimə ödəmək vəzifəsinin olması barədə bənd olduğundan, hazırkı iddia təmin edilməli, Cavabdeh 135,73 (bir yüz otuz beş manat yetmiş üç qəpik) manat məbləğində əsas, 31,92 (otuz bir manat doxsan iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 167,65 (bir yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir.

16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.2, 14.2.7-ci maddə. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 960-cı maddə. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 1091 və 1092.1-ci maddələr. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddə. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddə. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

19. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

20. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

22. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 135,73 (bir yüz otuz beş manat yetmiş üç qəpik) manat məbləğində əsas, 31,92 (otuz bir manat doxsan iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 167,65 (bir yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir.

23. İddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir.

Nəticə:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 135,73 (bir yüz otuz beş manat yetmiş üç qəpik) manat məbləğində əsas, 31,92 (otuz bir manat doxsan iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 167,65 (bir yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar