Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6256/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4555.54 manat məbləğində əsas borcun, 277.64 manat məbləğində faiz borcunun cəmi 4858.58 manat borcun və 69 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edəsiniz. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 24 ay müddətinə, illik 27.40 % olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin tələb edə bilər. İş üzrə xx.xx.2017-ci il tarixdə Nəsimi rayon məhkəməsi əmr icrratı qaydasında məhkəmə əmri çıxarmış və cavabdeh məhkəmə əmrinə etiraz vermiş, iş iddia icraatına keçirilmişdir. Həmin iş üzrə məhkəmə prosesinin keçirilməsi ilə bağlı tələbkara bildiriş göndərilməmiş və iş baxılmamış saxlanılmışdır. Tələbkar olaraq bu günə kimi işin baxılmamış saxlanılmasından xəbərdar olmamışlar. 2017-ci il tarixdə aparılan mülki iş materiallarının içərisində tələbkara çatdırılma barədə hər hansı bildirişin xəbərnaməsinin olmasını da güman etmirlər. Həmçinin cavabdehin bir neçə kredit üzrə məhkəmə qərarlarının olması və bunların növbəli şəkildə məcburi icra olunması (pensiyasından tutulma) bu günədək sözügedən iş üzrə hüquqlarının pozulma anını aşkara çıxarmağına mane olmuşdur. 3.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə prosesi: 4.Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edib bildirdi ki, 2025-ci ilin may ayında 55 manat ödəniş edib. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, tələb üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 6.Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
7. İddiaçı ASC ilə Cavabdeh (Borcalan) arasında bağlanmış 30 noyabr 2015-ci il tarixli CC/02330755/28 nömrəli kredit sazişindən görünür ki, 24 ay müddətinə, illik 27.40 % olmaqla 5000 manat məbləğində Bank tərəfindən Cavabdeh kredit verilmişdir. 8.Nəsimi Rayon Məhkəməsinin 2(006)-2081/2017 nömrəli, xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, kreditor İddiaçı ASC borclu Cavabdeh qızına qarşı ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən ödənilməmiş kredit və ona hesablanmış faizlərin qaytarılması xahiş olunmuş borcludan (əmrin “əmr etdim” hissəsində X1 adı qeyd edilmişdir) kreditor İddiaçı ASC-nin xeyrinə 4555 (dörd min beş yüz əlli beş) manat 54 (əlli dörd) qəpik əsas və 1299 (bir min iki yüz doxsan doqquz) manat 94 (doxsan dörd) qəpik faiz, cəmi 5855 (beş min səkkiz yüz əlli beş) manat 48 (qırx səkkiz) qəpik kredit borcu, həmçin 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. 9.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2081/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, borclu Cavabdeh məhkəmə əmrinə qarşı etirazı əsasında kreditor İddiaçı ASC-nin borclu Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə ərizəsi üzrə 02 fevral 2017-ci il tarixli, 2(006)-2081/2017 saylı əmrinin ləğv edilməsi, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2081/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, İddiaçı ASC-nin borclu Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair” iddia ərizəsi işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi əsası ilə baxılmamış saxlanılmışdır.
11. Cavabdeh məxsus hesabdan xx.xx.2015-xx.xx.2017-ci illəri əhatə edən çıxarışdan görünür ki, müqavilənin qüvvədə olduğu dövrdə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə “əsas borcun ödənilməsi” təyinatı ilə 200 manat məbləğində ödəniş edilmişdir.
12. Cavabdeh məxsus hesabdan xx.xx.2023-xx.xx.2026-cı illəri əhatə edən çıxarışdan görünür ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 55 manat məbləğində ödəniş edilmişdir.
13. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-35-19/2- 149951/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 2081/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş xx.xx.2017-ci il tarixdə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7 və ya 9-cu maddəsinə əsasən (Qanunun tələblərinə cavab verməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması) məhkəməyə qaytarılmışdır.
14. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 27.4 % olmaqla 5000 manat məbləğində kredit götürüldüyü, halhazırda borcun ödənilməsinin gecikdirildiyi, müqaviləyə əsasən 4555.54 manat əsas, 277.64 manat faiz borcunun olduğu bildirilmiş və Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi qeyd edilmiş və kredit borcunun dərhal ödənilməsi tələb edilmişdir.
15. 27.11.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən İddiaçı ASC-yə 4555.54 manat məbləğində əsas borcu, 277.64 manat məbləğində faiz borcu vardır.
16. 01.12.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 69 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə - xx.xx.2017-ci il tarixədək, illik 27.40 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Müqavilə müddəti ərzində sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə 200 manat məbləğində ödəniş edilmiş, iddiaçı əmr icraatı qaydasında müqavilə üzrə yaranmış borcun tutulması bağlı məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindənxx.xx.2017-ci il tarixdə əmr çıxarılmış, sonradan cavabdehin etirazı əsasında əmrin ləğv edilərək iddia icraatına keçirilmiş və nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2081/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır.
18. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə borcun ödənilməsi üçün bildiriş göndərmiş, nəhayət, xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
19. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutularaq bankın xeyrinə ödənilməsini, cavabdeh isə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
20. Məhkəmə hesab edir ki, bankla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, bank müqavilə üzrə öhdəliyini tam yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə müqavilə üzrə banka borcu yaranmışdır. Deməli, iddia tələbi əsaslıdır.
21. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, tələb üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin araşdırılmasına zərurət yaranmış və məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir.
22. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
23. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2017-ci ildə başa çatmışdır (müqavilə üzrə xx.xx.2016-cı il tarixdə - müqavilə müddəti ərzində ödəniş edilmişdir).
24. 01.12.2017-ci ildən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, bankın cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət etmiş, xx.xx.2017-ci il əmr icraatı qaydasında məhkəmə əmri çıxarılmış, cavabdehin məhkəmə əmrinə etirazı əsasında iş iddia icraatına keçirilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
25. Göründüyü kimi hazırkı icraatdan əvvəl verilmiş iddia üzrə icraat davam etdirilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilməmiş və ya təzələnməmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə hazırkı iddia ilə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmişdir.
26. 01.12.2017-ci il tarixdən cavabdeh tərəfindən ödəniş edilməsi, iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı hal müəyyən edilməmişdir.
27. Bu isə onu deməyə əsas verir ki, baxılan iş üzrə iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tələb etmə müddətinin axımı müqaviləninin icra müddətinin bitməsi vaxtından hesablanmalıdır.
28. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, bank iddia müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən təxminən 5 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra isə iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut və müddətin bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir.
29. Məhkəmə iddiaçının cavabdeh tərəfindən 2025-ci ilin may ayında ödəniş etməsi dəlili ilə bağlı qeyd edir ki, yuxarıda göstərildiyi kimi müqavilə müddəti 2017-ci il 30 noyabr tarixində bitmiş və həmin tarixdən üç illik müddətin axımı başlamışdır, 2020-ci il 30 noyabr tarixində isə müddət bitmişdir və həmin ödənişin edildiyi tarixdə artıq iddia müddəti bitdiyi üçün bu ödəniş iddia müddətinin axımını bərpa etməmişdir, müddət bitdikdən sonra edilmiş hərəkətlər nəzərə alınmır.
30. Qanunvericiliyin tələbinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
31. Göstərilən hal yalnız iddia müddəti daxilində baş verdikdə mümkündür və müəyyən olunmuş müddət bitdikdən sonra edilmiş hərəkətlərin artıq ötürülmüş müddətin kəsilməsinə səbəb olması məntiqi cəhətdən düzgün hesab oluna bilməz.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 372-ci maddə. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddə. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddə. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddə. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-377.2-ci maddə. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddə. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 380-ci maddə. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1-ci maddə. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddə. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddə. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (müqavilə bağlanan vaxt qüvvədə olan redaksiyada). 448.1-ci maddə. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddə. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddə. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı: İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Qərarı: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı: İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
38. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova