Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6267/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 10 ay müddətinə illik 18% ödəmək şərtilə 1445 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borc alanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 22 noyabr 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 979,78 manat əsas, 82,52 manat faiz, 102,41 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1164,71 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddiaçı cavabdehdən 979,78 manat əsas, 82,52 manat faiz, 102,41 manat cərimə borcu olmaqla, cəmi 1164,71 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 32,05 manat məbləğində vəsaitin tutulmas barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada poçt vasitəsilə göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 7nkBKX/25 saylı müqavilədən görünür ki, bank xx.xx.2025-ci il tarixinədək illik 18% ödəmək şərtilə 1445 manat məbləğində krediti borc alanın mülkiyyətinə verir və ona bank hesabı açır, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür.
7. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış 979,78 manat əsas, 33,52 manat faiz, 18,29 manat cərimə borcu olmaqla, cəmi 1031,59 manat məbləğində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
8. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixə "xxxx" ASC-yə 979,78 manat əsas, 82,52 manat faiz, 102,41 manat cərimə faizləri olmaqla, cəmi 1164,71 manat məbləğində borcu vardır.
9. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 31,65 manat rüsum ödənilmiş, 0,40 manat bank xidmət haqqı tutulmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 7nkBKX/25 saylı müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixinədək illik 18% ödəmək şərtilə 1445 manat məbləğində kredit verilmişdir. Cavabdeh ona verilmiş kredit üzrə ödənişləri gecikdirdiyindən, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh yenə də borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
c) Məhkəmənin mövqeyi:
11. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.
12. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.
13. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.
14. Belə ki, iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı maliyyə arayışının verildiyi xx.xx.2025-ci il tarixli göstəricilərə müvafiq olaraq müqavilə üzrə 979,78 manat əsas, 82,52 manat faiz, 102,41 manat cərimə borcunun cavabdehdən tutulmasını tələb etsə də, iddiaçı tərəfindən cavabdehə pretenziya verilən – xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya həmin məbləğdə əsas, lakin tələb edilən məbləğdən az faiz və cərimə borclarının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə pretenziya edərək müqavilə üzrə yaranmış bütün borcun ödənilməsini tələb etməsi, lakin cavabdehin hərəkətsiz qalması ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış borcları tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb qismən təmin edilməli, cavabdehdən 979,78 manat əsas, 33,52 manat faiz, 18,29 manat cərimə borcu olmaqla, cəmi 1031,59 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421-ci maddəsinin tələbinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-739.2-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-740.2-ci maddələrinə görə, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.5, 742.5.2-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 743.1-ci maddəsinə müvafiq olaraq, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
17. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 979,78 (doqquz yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat əsas, 33,52 (otuz üç manat əlli iki qəpik) manat faiz, 18,29 (on səkkiz manat iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.031,59 (bir min otuz bir manat əlli doqquz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
19. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Nəticə:
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 979,78 (doqquz yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat əsas, 33,52 (otuz üç manat əlli iki qəpik) manat faiz, 18,29 (on səkkiz manat iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.031,59 (bir min otuz bir manat əlli doqquz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin, məhkəmə xərclərinin qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova